Medianews.az
Eyforiyanın SONU: <span style=color:red>Gürcü müxalifəti MƏĞLUBİYYƏTLƏ BARIŞIR?
98 baxış

Eyforiyanın SONU: Gürcü müxalifəti MƏĞLUBİYYƏTLƏ BARIŞIR?

“Gürcüstanda seçkilər başa çatdı. Proqnozlar özünü doğrultdumu? Əlbəttə, “Gürcü Arzusu”nun qalib gələcəyini düşünənlərin proqnozu doğruldu. Amma qismən. Nədən qismən? Çünki, hakim partiya can atdığı tam çoxluğa nail ola bilmədi. Bu da gələcəkdə ölkənin idarə olunmasında hakimiyyətə müəyyən problemlər yarada bilər”. Bu barədə Medianews.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib. O qeyd edib ki, müxalifətin və Gürcüstanı Avropanın ağuşunda görmək istəyənlərin ümidləri alt-üst olub. Politoloqun sözlərinə görə, başda Prezident Salome Zurabişvili olmaqla, Gürcüstan müxalifəti seçki-referendumun ciddi pozuntularla keçirildiyini sübut edən heç bir səbəb gətirmədən seçkinin nəticələrini tanımaqdan imtina edib: “Çünki, onlara can atdıqları Avropa İttifaqı və onun Gürcüstanla bağlı olan institutlar belə mövqe tutmağı tapşırdılar. Bu seçkidə ciddi maraq doğuran məsələ isə Avropa İttifaqına üzv olmaq istəyən bir ölkənin sakinlərinin nədən Rusiya meylli “Gürcü arzusu”na səs verməsi oldu. Bu il Gürcüstan parlamentinin 150 deputatı ilk dəfə olaraq əvvəlki seçkilərdə olduğu kimi qarışıq sistemlə deyil, tam proporsional sistemlə seçilib. Bu seçkilərdə səsvermə ərəfəsində blokların yaradılması qadağan idi. Bu, 12 ildir hakimiyyətdə olan “Gürcü arzusu”nun əlinə imkan verdi. Yəni, seçki qanununda edilmiş bu dəyişiklikdən iqtidar daha uğurlu faydalana bildi. Müxalifət isə yeni şəraitə uyğunlaşmaqda ciddi çətinlik çəkdi. Müxalifət partiyalarının da razılığa gəlmək və vahid siyahı ilə çıxış etmək imkanı var idi. Lakin daxili siyasi məsələlərdə bir sıra fikir ayrılıqları olduğundan bunu edə bilmədilər. Nəticədə üç fərqli müxalifət ittifaqı, daha bir partiya Avropa və Qərblə sürətli inteqrasiyanın tərəfdarı olaraq ayrı-ayrılıqda seçkiyə getdi”. Ə.İbrahimovun qənaətincə, Gürcüstan müxalifəti eyforiyaya qapılaraq ümid edirdi ki, ümumilikdə, hakim partiyadan daha çox yer qazanacaq, bundan sonra parlamentdə koalisiya yaratmaq imkanlarından daha səmərəli istifadə edə biləcəklər: “Amma “Gürcü arzusu” müxalifətin birliyinin olmamasından məharətlə istifadə edərək, seçkiqabağı kampaniyalar zamanı bir-birinin ardınca rəqiblərini gözdən salmağı bacardı. İlk rəsmi məlumatların açıqlanmasından dərhal sonra da müxalif partiyalar aksiyaların vaxtı və strategiyalarını müzakirə etmək üçün fasilə götürdülər. Bu, onların eyni zamanda hadisələrin bu istiqamətdə iştirak etməsinə hazır olmadıqlarını sübut etdi. Ortada “B” planı yox idi və bu pauza onların gecikməsinə səbəb oldu. Bütün imkanlardan uğurla istifadə edən “Gürcü arzusu” növbəti imkanı dəyərləndirməkdədir”. Politoloq söyləyib ki, müxalifətin öz içindən olanlar belə, uduzmalarını qəbul edir və əsaslandırırlar: “Misal olaraq keçmiş diplomat Badridzenin fikrincə: “2003-cü ildə o vaxtkı hökumət seçkiləri oğurlamağa cəhd edəndə etirazlarda çox nüfuzlu və enerjili liderlər var idi. Bu dəfə müxalifətin konkret və görkəmli lideri yoxdur. Bilmirəm, cəmiyyətimiz nə qədər təşkilatlana biləcək, indiki müxalifət nə dərəcədə bu etirazların hərəkətverici qüvvəsinə çevrilə biləcək”. Digər müxalifət nümayəndəsi Gia Nodia düşünür ki: “Etirazlar olacaq, lakin mən hər hansı ciddi siyasi nəticələrə gətirib çıxaracaq genişmiqyaslı çıxışları gözləmirəm”. Bu fikirləri Gürcü müxalifətinin bundan sonrakı etirazlarının son notu kimi də qiymətləndirmək olar. Gürcü müxalifəti öz məğlubiyyəti ilə barışıb yeni reallığı qəbul etməlidir. Çünki onun arxasında dayanan Avropa İttifaqının da sözünün bitdiyi yerə çatdılar. Belə olmasaydı Avropa Şurası Prezidenti Şarl Mişel gürcü müxalifətinə noyabra qədər gözləməyi məsləhət görməzdi”. Kamilə ORUCOVA

Bizə qoşulun