Qənaət rejiminə keçməyimiz bir çox planetar projelərdən geri durmağımıza səbəb olmuşdur. Örnək üçün, Səyavuş Novruzovun Pluton planetinə “Azərsat” peykində (dünyada bir millətin peykinin onun dilinə və ölkədəki duruma uyğunluğu üzrə bu peykin adı birinci yerdə gedir), Hacı Madərin isə Saturna “Azərbat” qalaktikalararası kosmik stansiyasında uçaraq orda planetin halqaları üzərində təzə “Favorit” dükanı açması planları yarımçıq qaldı. Ən pisi isə odur ki, Xarici İşlər Nazirliyimiz Uruqvay, Kuba və Kolumbiyadakı səfirliyimizi bağlamaq niyyətindədir.
Vay-vay... Bəs biz indi Kuba inqilabının dərslərini, Fidel Kastro yoldaşın tualetə getmədən 8 saat xalq qarşısında nitq söyləməsinin sirlərini ikinci-üçüncü əldən necə öyrənəcəyik? O cümlədən, Kolumbiyadan Pablo Eskobar irsini təzəcə əxz edirdik, bir dəfəyə 3 ton heroini Avropaya ötürürdük. Qabriel Qarsia Markesin ölümünə məhz bizim Boqotadakı səfirimiz İlqar Muxtarovun səbəb olduğu bütün Latın Amerikasında dillər əzbəri idi, respublikamız əməllicə tanınmışdı, bunun Qarabağ probleminin həllinə müsbət təsirləri mütləq vardır.
Sən demə, İlqar müəllim Markesdən AYB-nin orqanı olan “Ədəbiyyat qəzeti” üçün intervü alarkən belə təklif edibmiş: “Gəlin sizə Elmar müəllimin həyatını danışım, bundan roman yazın”. Yazıq Markes bundan sonra özünü Makondoya gedən qatarın altına ataraq intihar etmişdir.
Hələ Uruqvaydakı səfirliyimizi demirsən... Bu səfirlik də dəhşət vacib işlər görürdü, açığı, burda yazmaq olmur, dövlət sirridir. Ancaq keçmiş çekist-obaxeyis-karateist Eldar Mahmudovun Cənubi Afrika Respublikasında almaz daşımaq üçün açdığı səfirliyimiz böhrandan uğurlu çıxır, hələlik bağlanmaq məqsədi güdülmür. Əlbəttə, hələ neçə balon almaz daşımaq lazımdır, bunların pulu neft ölməmişdən qabaq verilibdir.
Çibuti və qardaş Qambiyada, o cümlədən dost Burundi elində fövqəladə və səlahiyyətli səfirlərimizin taleyi necə oldu, onu heç Məmmədyarov da bilmir. Pul azalandan itkin düşüblər. Ya səfirliyin əmlakını qara bazarda qarabalalara satıb aradan çıxıblar (bildiyiniz kimi, hazırda səfirlərimizi tutmaq çətindir, imkan eləyən aradan çıxır, diplomatik terminlə desək, “aradan cırır”), ya da fil dişi almaq üçün materikin ortalarına gedərkən cəngəllikdə vəhşi heyvanlar tərəfindən aşkar edilib götürülərək yeyilmişlər.
Keçən ilin sentyabrında Niderlanddakı səfirliyimizin attaşesi Nahid Cəfərov qaçmışdı, üstəlik, belə bir intervü vermişdi: “Azərbaycanda insan hüquqlarının pozulmasını xaricilərə izah eləmək çətin idi. Bundan başqa, xarici dövlətlərdə Azərbaycanın diplomatlarına alverçi, biznesmen kimi baxırlar”.
Prinsipcə, düzgün baxış bucağı idi. Guya bizim diplomatlar alverdən başqa nə edə bilərdilər? BMT nizamnaməsini təzədən yazası, yaxud Argentina ilə Britaniya arasında Folklend-Malvin adaları üstündə yaranan konflikti həll edəsi deyildilər. Bizim diplomatlar xaricə ancaq Azərbaycan həqiqətlərini - neft dolları, qara-qırmızı kürü, xalça-palaz, muğamat diskləri, narşərab, gilas mürəbbəsi, kənd qatığı, bildirçin yumurtası, çaşır və pərpətöyün turşusu, sürhüllü üçün qaxac, Cırtdan üçün yaxmac və sairə belə eksport məhsullarımızı daşıya bilərdilər. İndi təəssüf ki, bu məhsullar dolların günahı üzündən azalıbdır. Nəticədə diplomatiyamız da azalıbdır. Necə deyərlər, bağda ərik var idi, “Land of fire” var idi, bağdan neft qurtardı, “Evrovızqon” da qurtardı.
İndi söz Konqo Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfirimiz Mobutu Sese Seko müəllimindir. Gör antilopdan, begemotdan-zaddan nə vurub göndərirsən, ana vətən dardadır, ətin qiyməti qalxır.
05.01.2016, 07:57
265 baxış
Zamin Hacı
Konqodakı səfirimizə məktub