Medianews.az
Bulvarı icarəyə verək
340 baxış

Bulvarı icarəyə verək

zamin yeni raz
Belə krizis, ağır günlər olanda məni ən çox yandıran tiplər kol dibində gizlənən hakimiyyət nümayəndələri deyil. Şəxsən mənim onlardan hər hansı umacağım, təskinlik-filana ehtiyacım da yoxdur. Necə deyərlər, keçəl dərman bilsə birinci öz başına yaxar. 
(Baş bankirimiz Elman müəllimin timsalında bu məsəl çox yerinə düşür. Hazırda Azərbaycanın valyuta ehtiyatları elə Elman müəllimin başındakı tük qədər olar, ya olmaz. Onu da Elman müəllim kimi gah sağa darayırıq, gah sola, heç bir çılpaq yeri örtmür). Mənə təsir edən “Filan vaxtı demişdim belə olacaq” tərzində özünü aparanlardır.
Prinsipcə, bunu hamımız demişik vaxtilə. Neft qurtaranda necə olacaq, holland sindromu nədir, daxili istehsalı qurmaq nə üçün vacibdir, monopoliya və rüşvətxorluq niyə bitməlidir - hamısı haqda milyonlarla yazı yazmışıq, şərh eləmişik, danışmışıq, ağlamışıq, saçımızı yolmuşuq, hətta hirsimizdən bəzən dombalaq aşmışıq. Ancaq xeyri olmayıb də! Olsaydı, millət və hakimiyyət bu sözləri eşitsəydi, indi bu kökə düşməzdik. Deməli, köhnə palan içi eşələməyin xeyri yoxdur. Elə bil kimsə uzun illər siqaret çəkir, sən də ona hər dəfə xəbərdarlıq edirsən ki, qardaş, çəkmə bu zəhrimarı, xərçəng olacaqsan. Ancaq qardaş sözünü qulaq ardına verir, nəhayət, xərçəng olub, ölüm ayağındadır, sən isə bunu görəndə xəbərdarlıqlarından dəm vurursan. Yaxşı həkim belə eləməz. Yaxşı həkim gələcəyə baxmalıdır, müalicə üsulları, çıxış yolları göstərməlidir.
İlk növbədə panikaya, ajiotaja, canım sənə desin, sabotaja son qoyulmalıdır. Dükanlara hücum çəkib axırıncı pullarınızı makarona, qab pastasına-filana verməyin. (Oxucu fikirləşə bilər ki, yəqin müəllifin özünün pulu olmayıb, ya da dükana gecikib, bütün malları silib-süpürüb aparıblar, ona görə acığından belə yazır. Vallah, nə gizlədim, tam düzgün fikirləşirsiniz. Mən gedəndə yekə dükanların hamısı artıq bağlı idi).
İkincisi, daxili istehsalımızı dirçəldib dünya bazarlarına çıxmalıyıq. Örnək üçün, bizim 200 milyon dollarlıq peykimiz hansı günə lazımdır? Keçən ay internet çökəndə göründü ki, heç zadımıza lazım deyil. Gəlin onu sataq, bir neçə kisə dollar gəlsin. Yaxud rayonlarda çoxlu sayda diaqnostika mərkəzləri var. Onları iranlı həkimlərə icarəyə vermək olar. Olimpiya mərkəzlərini broyler fabrikinə çevirmək olar. Salonu yekə olur. Bir neçə qat cücə konveyeri yerləşir. Üzgüçülük hovuzunda yumurta basdırmaq olar.
Hələ bulvarı demirsən. De. Bizim bulvar dünyanın ən uzun bulvarıdır. Biz bulvarı sektorlara bölüb xarici kapitala, əcnəbi biznesmenlərə icarəyə versək, kalan pul gələr. O cümlədən Bayraq Meydanı gələcəyimiz üçün yaxşı kapital imiş, nankorlar anlamayıb. Məncə, hər ay ordakı dirəyi bir dövlətə icarəyə versək, dövlət büdcəsinə axan gəlirlə neçə qaçqın və məcburi köçkün ailəsi saxlamaq olar. Gəlsinlər bayraqlarını assınlar, bundan bizim suverenlik axsamaz. İlk olaraq elə Amerika Birləşik Dövlətlərinin bayrağı asıla bilər. Ümumiyyətlə, biz manatın dollardan asılılığının əsiri olmaqdansa, yaxşı olar elə birdəfəlik dollara keçək. Milli valyutamız dollar olsun. Maliyyə naziri asudə vaxtlarında bu məsələ üzərində düşünsün.
Vaxtilə neft pulu az olanda həmin bulvarda nə qədər çayxana var idi. Dövlət büdcəsinə xeyli vergi gəlirdi...
 
Vay-vay, indi yadıma düşdü ki, oxucumuz Həsən Şirvanlının məktubunun son hissəsi qalır. Buyurun:“Elektrik enerjisindən istifadə üçün Şirvan regional şöbəsinə üz tutdum, orada 3 fazalı sayğaca görə 480 manat, texniki şərtə görə 5 min manatlıq özümə lazım olmayan elektrik ləvazimatları aldırıb anbarlarına təhvil verdirdilər. Sizi inandırım ki, o qədər incitdilər ki, özüm elektrik stansiyası tiksəydim ondan yaxşıydı.
Sosial müdafiə fondu lap bezdirib. 3 işçi götürüb obyekt açırsan, hələ xeyrin olmamış qapını kəsdirir, deyir hər işçiyə görə 45 manat ver. Obyekti tikəndə FHN-dən ekspertiza sənədi almaq lazımdır. Hər kvadratmetrə 15 manat, Bakıda isə 50-80 manat rüşvət verməsən heç layihəni ekspertizaya qəbul eləmirlər. Həmin idarədə hətta uşaq bağçasının tikintisinə də rüşvət alırlar. Allah cəmi rüşvət alanlara qənim olsun, heç sağ-salamat yeyə bilməsinlər. Qarğışdan başqa əlimdən bir şey gəlmir".
Başqa çıxış yolları da var, qalsın gələn devalvasiyaya, üzr istəyirəm, gələn dəfəyə.

Bizə qoşulun