Medianews.az
Milli barışıq
250 baxış

Milli barışıq

zamin yeni raz (Leyla Yunusun zindandan çıxmasına ithaf edilir) 10 dekabr nəsə beynəlxalq insan hüquqları günü tipində bir şey olmalıdır, ancaq bizə nə dəxli var? Ona görə də heç qeyd eləməyə ehtiyac yoxdur. Bizim öz milli-mənəvi dəyərlərimiz ola-ola, niyə gedib xaricdən maşın almalıyıq? Guya xaricdə bizim Gül bayramını qeyd edirlər? Bax, elə dünən mən gözəl bir mətn oxudum, istərdim ordan parçanı sizlərə də çatdırım. “Biçarə çocuq iki-üç yaşından başlayaraq məktəb otağına girincəyə qədər xurafat uçurumlarında yuvarlanıb gedir. Bir otaqdan digər otağa girəcək olsa ”damdabaca"lar ilə qorxudulur... Qaranlıq bir yerə getsə cinlər, divlər ilə təhdid edilir... Otuz yaşına gəlsə belə o qorxunc kölgələri bir dürlü başından çıxarmaz olur... Binəva çocuq sabahdan axşama qədər küçədə, bacada, toz-torpaq içində yaşar, qoşar, nəhayət bir yeri səqətlənir, yaxud ordan-burdan dürlü-dürlü misri xəstəliklərə hədəf olur gedər. Bir ana oğluna “Yavrum! Quzum! Get qardaşını çağır da gəlsin, yeməyini yesin” deyəcəyi yerdə, “Partdamış! Gəbərmiş! Get o qan qusmuş cönənbəri çağır da gəlsin, zəhrimarını zoqqumlansın” - deyir. İndi böylə vəhşi, cahilanə bir həyatdan, ölçü-biçisi olmayan bir mühitdən, pozuq, uyğunsuz bir tərbiyədən nə fayda hasil ola bilir? Təbii heç..." Bunu Hüseyn Cavid 1910-cu ildə “Həqiqət” qəzetində yazıbdır. Ümidvaram valideynlərimiz və müəllimlərimiz bu gözəl təlimatı əllərində daim tutacaqdır. Yoxsa çoxdandır uşağı divlə qorxuzan görmürəm, belə getsə dəyərlərimiz ayaq altında qalacaqdır. Polislə qorxutmaq effekt vermir. Hər dəfə kimlərsə müxalifətçi çıxır, gərək bunu tutasan, onu buraxasan, bunu təzədən tutub o birini təzədən buraxasan. Profilaktika hardadır? Cinayətlərin qabağını biz uşaq vaxtından almalıyıq, balaca manqurtlar yetişdirməliyik ki, sonra üzümüzə ağ olmasınlar. Rəhmətlik ədliyyə nazirimiz Südabə xanım demişkən: “Demokratiyanı beşiyində boğmaq lazımdır”. Məncə abort eləmək daha səmərəli üsuldur. Görünür Südabə xanım bu sözləri deyəndə hələ Avropa Şurasına girməmişdik, abortlara icazə verilmirdi. Oxucumuz İbadulla bəydən qəfil bir məktub gəlmişdir, onu da yazaq, qalıb kiflənməsin: “Ay Zamin, bir ay bundan əvvəl deputat seçkisində Nardaranlılar 54.3% (MSK) iştirak edib, deputat seçib. Və bu göstərici Respublika üçün orta göstəricidən yuxarıdır. İndi necə olur bu ”dalaqalmış, işıq-su-qaz pulu verməyən" kənd belə aktiv seçki keçirir?". Birincisi, bu oxucu özünü elə aparır ki, guya biz yaxın tanışıq, hətta əsgərlikdə bir yerdə olmuşuq. Vallah, hökumətin nəzərinə çatdırım, mən bu adamı qəti tanımıram. “Ay Zamin” müraciət forması sırf təsadüfdür. Bəlkə də təxribatdır. İstəyir məni düşmən kimi qələmə versin. “Nardaranlılar” və “Respublika” sözlərini böyük hərflə yazmağından da hansı cəbhənin adamı olmasını ifşa edir. Yəqin bu millətçi bir şəxsdir. Bəlkə də əslən nardaranlıdır. Ümid edirəm əlaqədar orqanlar məktubu araşdıracaqdır. İp ucu olaraq deyim ki, məktub 10-luq arial şriftində yazılıbdır. Tapa bilməsəniz xəbər eləyin. Başqa xoş xəbərlərimiz də var, araya qəza-filan düşdü, şərh eləmədik. Misal üçün, İlhamə Quliyeva ilə Natəvan Həbibinin barışması çox xoş oldu. Hələ bu harasıdır, Natəvan Həbibi İlhamə Quliyeva ilə barışmağa gedərkən yolüstü Sevda Yahyayeva ilə barışıbdır! Bu sülhməramlı aksiyaların təşəbbüskarı Tolik olmuşdur. Pişik Günellə Aygün, Röya Ayxanla Şeron qrupu, Faiqlə Elariz, Coşqunla Tosqun da barışıblar. Mən bunları oxuyuram, çox sevinirəm. Ümid edirəm qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəylik Günü münasibətiylə Ərdoğanla Putin, Ən Nüsra cəbhəsiylə İŞİD, Bəşər Əsədlə Əl Bağdadi-də barışar. Dahi rəhbərimiz demişkən, bəs deyilmi, ey insanlar, töküldü qan, axdı qan?! Yazını bu xoş ovqatla bitirirəm.

Bizə qoşulun