Medianews.az
Geyilməyən şalvara yamaq
298 baxış

Geyilməyən şalvara yamaq

zamin yeni raz “Bundan sonra yalançılar daha artıq pul, ipək, qızıl istədilər; onlar ancaq ciblərıni doldururdular. Ortada bircə sap görünmürdü. Əvvəlki kimi, indi də boş dəzgah qabağında oturub, özlərıni elə göstərirdilər ki, guya toxuyurlar”. (Hans Kristian Andersen, “Kralın təzə paltarı”) *** Son çağlar yapistlər bir çox qanunlara dəyişiklik eləməyə başlayıblar. Qıraqdan baxan elə zənn edər bunlar dəhşət qanunsevərdirlər, hər işi qanunla görürlər və zaman keçdikcə qanunlara əl gəzdirməyə ehtiyac duyurlar. Təbii ki, belə deyil. Qanunlara dəyişiklik etmələri bir tərəfdən gözdən pərdə asmaq, guya hansısa iş görüldüyü təsəvvürü yaratmaqdan doğursa, başqa yöndən çıxılmazlıq əlamətidir. Dalana dirəniblər, avtoritarizmin “divarı qurtarıb”, indi divar içində yeni divar hörürlər. İnsanların əl-ayağını qanunlarla bağlamaq istəyirlər. Qəfəsi daraldırlar. Ancaq qəfəs daraldıqca canavarların quzuları yemək imkanları nə qədər artsa da canavarların canavarları parçalamaq arzusu da artır, gərək bunu nəzərə alsınlar. Çünki qəfəs daraldıqca ov arealı da eynilə daralır. Eldar müəllimi belə yedilər. Örnək üçün, Nardaran hadisələrindən sonra dini etiqad azadlığı qanununa gülünc dəyişiklik elədilər. Burda bir haşiyə çıxaraq yazım ki, ümumiyyətlə bu dini etiqad azadlığı qanunu bəlkə də Azərbaycanda ən çox dəyişikliyə məruz qalan qanundur. Mənim yadımda olanı, son 15 ildə bu qanuna bəlkə 150 dəfə dəyişiklik edilib. Ancaq bir zad əmələ gəlmir. Səbəb isə sadədir: hüquqi nihilizm. Əgər MTN-də banda fəaliyyət göstərirsə, məhkəmələr, oxuculardan üzr istəyirəm, “tras” zəhmətkeşləri kimi bir şeyə dönübsə, qanunu dəyişdirməyin nə mənası? Köhnə işləmirsə, təzənin nə xeyri? Elə bil əyninə geymədiyin şalvarı güvə yeyir, sən də onu yamayırsan, ancaq el arasına yenə lüt çıxırsan, yamaqlı şalvar şkafda qalıb yenidən güvələrə yem olur. Təzə dəyişiklik xaricdə dini təhsil alan şəxsin dini tədbir qayırmasına icazə verilmədiyi haqdadır. Məntiqlə, Buxarada mollalıq oxuyan Allahşükür müəllim gərək bu dəyişiklikdən sonra istefa versin. O cümlədən hamı qanun qarşısında bərabərdirsə, Bakıdakı Katolik Kilsəsinin keşişi, Slovakiya vətəndaşı Vladimir Fekete dərhal ölkəmizdən çıxarılmalıdır. Ancaq bu da hamısı deyil. Əgər islam dini ərəb dilində, ərəb peyğəmbər tərəfindən yayılıbsa, indi sən Ərəbistanda oxuyub gələn mollanın ağzını necə bağlayacaqsan? Beynəlxalq konvensiyalara görə fikirlər, ideologiyalar sərhəd tanımadan yayılmaq haqqına malikdir. (Əlbəttə, terror yayan ideolojidən, ekstremist ədəbiyyatdan söhbət getmir. Başa düşürəm ki, islama münasibətdə iqtidarın riyakar münasibəti var və çox şeyi öz adıyla çağırmaq sərf eləmir). Korrupsiyanın kökünü kəsmək, qanunlara əməl edən dövlət qurmaq yerinə karikatur, dünyanın heç yerində olmayan qanunlar qayırırlar. Bu qanun deputatxanada müzakirə ediləndə birinci vitse-spiker kreslosuna oturmuş Ziyafət Əsgərov demişdi: “Mən Nardaran hadisələrinə baxanda hərdən öz-özümə sual verirəm. Nə vaxtdan bəri məscid siyasi diskussiyalar klubu olub?!” Əsgərovun öz-özünə sual verməsi, əlbəttə, müsbət haldır, bir yapistin təkamül prosesində önəmli mərhələdir, ancaq bu adam dolayısı ilə etiraf edir ki, Azərbaycanda siyasi diskussiyalar qadağandır. Bəyəm bunun üçün xüsusi klublar lazımdır? Siyasi söhbəti eləməyin konkret yerləri var? Nədən məsciddə də siyasi söhbət olmasın? Bu nə mürtəce yanaşmadır? Görəsən, məscidin axundu futboldan danışmaq üçün AFFA-dan icazə almalıdırmı? Ümidvarıq növbəti qanun dəyişikliyi bu yöndə olacaqdır və məsciddə “Neftçi”yə azarkeşlik elədiyini deyən dindarlar zindana salınacaqdır. Yapistlər Bakının böyründə özlərinə balaca bir cin, xoxan düzəltmişdilər və hərdən o cini çıraqdan çıxarıb onu-bunu qorxuzurdular. Son vaxtlar isə cin çırağa qayıtmaq istəmirdi, üstəlik, başqa ərazilərdən də özünə balaca cinbalalar yığırdı. Yaranan problem bundan başqa bir şey deyildi. İndi çırağı axırıncı dəfə silib-sürtüb, ağzını qanunla möhürləyib dənizin dibinə atıblar. Növbəti tufanda çıraq və cin hardan çıxacaq, bax, o maraqlıdır. Sözgəlişi yazdım, maraqlanmağın təzə dəyişikliklə qadağan olunduğunu bilirəm.

Bizə qoşulun