Medianews.az
“Bu çəmənlərdə gəzir.... ruhunu burdan alır... Qarabağ, can, Qarabağ”
221 baxış

“Bu çəmənlərdə gəzir.... ruhunu burdan alır... Qarabağ, can, Qarabağ”

samir sari kose 1
Ölkəmizi təmsil edən bir komanda və ya idmançı bir balaca uğur qazananda tez hövllənirik, tez riqqətə gəlirik, tez qürurlanırıq, tez maksimalist oluruq, iştahımız tez açılır və böyüyür, qoltuğumuzun altına qarpız, boranı və sair bu kimi girdə məhsullar sığışmır, tezcənə hamılıqla azarkeşə çevrilirik və bir gün... ilk uğursuzluqda tez-tələsik həmin komanda və ya idmançıdan üz döndəririk. 
Bizim milli azarkeşliyimizin unikal xüsusiyyəti budur. Oxumuş adamların dediyinə görə, bu normaldır. Çünki qələbə tarixən çoxyiyəli olur, məğlubiyyət isə həmişə yetimdir.
Təsəvvür edirəm, “Qarabağ” Londonda “Tottenhem”i məğlub etsəydi, dumanlı Albion bizim qopardığımız toz-dumana tablaşa bilməyəcəkdi. “Komandamız tarix yazdı”, “İngilisləri öz qalalarında yendik”, “Ağdamın “Qarabağ”ı Londonu fəth etdi”, “Futbolun yaradıcılarına futbol dərsi keçdik”, hələ əgər oyunçularımızdan biri başla qol vurmuş olsa, “İngilisləri öz silahları ilə vurduq” kimi başlıqlar yazacaqdıq.
Ancaq elə olmadı, möcüzə baş vermədi (hərçənd verə belərdi, çünki oyunun lap əvvəllərində “möcüzə”nin “mö”yü tabloya yazılmışdı, 1 qol vuraraq qabağa keçmişdik). Ona görə də vəziyyət və söhbət dəyişib. “Kitayski” azarkeşlər dünən öydükləri “Qarabağ”dan üz döndəriblər – növbəti parlaq qələbəyə qədər.
İndi ritorika fərqlidir. Futbolu az-çox bilən sosial şəbəkə fəalları yazırlar: “Gərək qol vurandan sonra müdafiəyə çəkilməyəydik”, “Rəşad Sadıqov qocalıb, ta əvvəlki kimi oynaya bilmir”, “İngilislərə daha bir qol vurmaq lazım idi”, “Qarabağ” boyundan hündürə tullanmaq istəyirdi, alınmadı və sair və ilaxır.
Belə görünür ki, biz futbolu komandanın baş məşqçisi Qurban Qurbanovdan daha yaxşı bilirik, “Qarabağ”ın potensialına, hər bir oyunçunun fərdi ustalığına ondan daha yaxşı bələdik. Bəlkə də belədir, kim bilir. Bəlkə də, nəhayət, bu komanda kollektiv məşqçilik institutu yaratmalıdır, biz də təxminən 150 nəfər futbol bilicisi olaraq məşqçilər korpusu təsis edib komandaya necə oynamaq lazım olduğunu başa salmalıyıq.
Qardaşlar (bu söhbətin bacılara o qədər də dəxli yoxdur), bu “Tottenhem”dir, tarixi komandadır, büdcəsi, təcrübəsi “Qarabağ”dan on dəfə çoxdur, dünən də, bu gün də dünyanın div komandalarıyla, məsələn, “Mançester Yunayted”lə, “Çelsi”ylə, “Liverpul”la, “Arsenal”la, “Bavariya” ilə, “Real”la, “Barselona” ilə başabaş oynayıb, oynayır, vaxtaşırı onlara qalib gəlir. Belə komandalarla futbol oynamaq bir az çətindir.
Üstəlik, ingilislər doğrudan da futbolun yaradıcısı və bilicisidirlər. Bizim bu gün oturub düşündüyümüz texniki fəndləri, taktiki gedişləri onlar ən azı 50 il bundan qabaqdan bilirlər, yüz dəfə hər cür bicliyi başlarından aşırıblar.
Ona görə də gəlin hövsələmizi basaq, bir az komandamıza güvənək, Türkiyənin uduzmuş futbolçularının sözü olmasın, önümüzə, bir sonrakı matçlarımıza konsentrə olaq.
Biz hələ bir müddət də Makedoniyanın, Albaniyanın, Sloveniyanın, Polşanın, Slovakiyanın, Rumıniyanın, Moldovanın və sair bu kimi ölkələrin komandalarına qalib gəlməkdən həzz alacağıq, amma gəlib “Tottenhem”lərə, “Borussiya”lara, “Atletiko”lara dirənəndə xış kötüyə ilişəcək.
Hərçənd ümidsizliyə də qapılmaq olmaz. Atalar deyir: “Səbr elə, halva bişər, ey qora, səndən, bəsləsən atlas olar tut yarpağından”. Gün gələcək, ingilislər, almanlar, fransızlar, hollandlar bu ölkədən uduzmuş, başıaşağı, pərt, üzgün gedəcəklər. Ola bilər, o xeyir iş tez olsun, ola da bilər, ləngisin, darıxmayaq.
Dediyim odur ki, anadolulu qardaşlarımız kimi bir qələbə ilə idmançıları göyə qaldırmaq, bir məlubiyyətlə döşəmə şəlpəsinə döndərmək xasiyyətinə yoluxmayaq. Futboldur, idman oyunudur, bu oyunda uduzanda adamın torpağını əlindən almırlar, özünü əsir götürmürlər, divara söykəyib güllələmirlər. Məğlubiyyət acısının da, qələbə sevincinin də ömrü bir-iki saat, uzağı bir gün çəkir.
Yaşasın “Qarabağ”! Yaşasın, Qarabağ!
P.S. Yazının başlığı Qarabağ haqqında mahnıdan götürülüb.
 

Bizə qoşulun