Medianews.az
Taleyranın xələfləri
214 baxış

Taleyranın xələfləri

images_dekabr_kose samir sari
İndilikdə mediada Hollandiyadan siyasi sığınacaq istəyən azərbaycanlı diplomat Nahid Cəfərovla bağlı üç cür rəy görünür. Bunlardan birini “diplomat üsyanının Spartakı” adlandıra biləcəyimiz Arif Məmmədov izhar edib. O yazır: “Nahid həddindən artıq savadlı, vətənpərvər, geniş dünyagörüşü olan gəncdir. Mən 2012-ci ildə XİN-ə dönərək Nahidlə tanış oldum və bu gəncdə olan zəka və bacarıq mənı valeh etdi. Məhz bu keyfiyyətlərinə görə Nahidlə birgə Azərbaycanda insan hüquqlarının bərpası fonunda Qərb dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini özündə əks etdirən plan üzrə çalışırdıq”.
“Həddən artıq savad”, “zəka və bacarıq”, “Qərb dövlətləri ilə əməkdaşlıq planı” məsələsinə dörd-beş abzasdan sonra qayıdarıq. Hələlik o biri rəylərə baxaq. Hollandiyada yaşayan gənc siyasi mühacir İsa Yusibov isə Nahid bəyi belə tanıyır:
“Azərbaycanın Hollandiyadakı səfirliyinin diplomatı burdan siyasi sığınacaq istəyib. İki il əvvəl çıxış etdiyim tədbirdə məni vətənə xəyanətdə, ölkəni qaralamaqda ittiham etmişdi. Kiminin əvvəli, kiminin axırı”.
Bu cür savadlı, zəkalı və bacarıqlı diplomatların birbaşa rəhbəri Elmar Məmmədyarov isə məsələni şəxsiləşdirmək istəmir və baltanı dibdən vurur:
“Bütün dövlət qurumlarında olduğu kimi, Xarici İşlər Nazirliyində də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görülür və bundan sonra da görüləcəkdir”.
Vəssalam. Belə anlaşılır ki, Nahid bəy əqidəsinə xilaf çıxıb, diplomat adına ləkə gətirən hərəkətlər edib, ona görə də cəzalanıb.
Bəs axı İsa Yusibovun sözlərindən elə çıxır ki, Nahid bəy heç də əqidəsinə xilaf çıxmayıbmış, yeri gələndə dövlətçiliyin keşiyində ayıq-sayıq dayanır, xarici ölkələrə sığınaraq Azərbaycanımız haqqında pis şeylər danışan, onu qaralamağa cəhd edən mühacirlərlə sərt cavablar da verirmiş, məsələn, deyirmiş, o vətənin çörəyi sizə haram olsun, siz gəlib burda vətənə xəyanət edirsiniz, erməni dəyirmanına su tökürsünüz, ölkəmizi istəməyən məkrli dairələrin əlində oyuncağa çevrilmisiniz və sair.
Əslində Hollandiyadan sığınacaq istəmiş diplomatımızın adından verilən “erməni dəyirmanına su tökmək” ittihamı sırf öz fantaziyamın məhsuludur, güman edirəm ki, o da belə sözlər işlədib. Çünki heç ola bilməz ki, gənc diplomat bu qədər yayğın, bütün sözçülərin, diplomatların, məmurların, təbliğatçıların leksikonunda olan həmin ifadədən imtina etsin. Edibsə, onda Məmmədyarovun dediyi “əqidəsini xilaf çıxmaq” məsələsi düzdür. Əqidəli diplomat trafaret ittihamları qoyub dağa-daşa düşməz. Taleyrandan artıq oğlansan sən?
İntəhası, Arif müəllimin Nahid bəyi səciyyələndirərkən işlətdiyi bir cümlə adam quşqulandırır. O cümlə böylədir: “Azərbaycanda insan hüquqlarının bərpası fonunda Qərb dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini özündə əks etdirən plan üzrə çalışırdıq”.
Bax, bu hərəkət gənc diplomatı rəsmi Bakının gözündən sala bilər. “İnsan hüquqlarının bərpası” nədi, “Qərb dövlətləri ilə münasibətləri möhkəmləndirmək” nədi?
Rəhmətliyin nəvələri, biz burda Rusiyaya qoşulub Qərblə soyuq müharibə aparırıq, ayrıca cəbhə açaraq Almaniyanı çökdürür, Fransanı ikinci dəfə dağıdırıq (birinci 150 il əvvəl, Lui Filippin vaxtında olub, bilirsiniz, kinosu da var), siz orda Qərblə əməkdaşlıq edirsiniz? Bu nə kollaborasionistlik, bu nə xəyanət?!
Ancaq bu iş belə getməyəcək. Aradan bir müddət keçəcək, bir də görəcəyik ki, bay, Nahid Cəfərov bir gün hansısa tədbirdə vaxtilə vətən xaini olmaqda ittiham etdiyi İsa Yusibovla yanaşı oturub, Azərbaycandakı dözülməz vəziyyətdən danışır, başqa sözlə, ölkəmizi qaralamaqla məşğul olur. O zaman Azərbaycanın Niderlanddakı səfirliyinin gənc, eyni zamanda savadlı, zəkalı, bacarıqlı, vətənpərvər bir əməkdaşı irəli çıxıb onların cavabını verəcək.
Söhbətin sonunda onu da qeyd edək ki, dünya diplomatlarının ən bacarıqlısı və məşhuru fransız Taleyran olub, o da 5 ayrı-ayrı hakimiyyətə işləyib, hamısını da bir-birinə satıb.Görünür, diplomatlıq etibarlı peşə deyil.

Bizə qoşulun