Əməkdaşımız bu günlərdə ata yurdundan, Rixter şkalası ilə 7 ballıq zəlzələ şoku yaşayan Şəkidən qayıdıb. Keçib soruşuram ki, Şəkidə vəziyyət necədir, dağıntı çoxdurmu, ölüm-itim olubmu, avtoşoklar (yaxud da avterşok - bu terminləri hamı qarışdırır artıq) davam edirmi.
Həmkarımız deyir, yox, vallah, heç bir dağıntı yoxdur, eləcə, kəndlərdə bəzi evlər zədələnib, çatlayıb, amma şəhərin özündə salamatlıqdır.
İndi oturub düşünürəm, bu necə zəlzələdir axı, bir yanı Ərdəbil, Lənkəran, o yanı Ərzurum, İrəvan, Dərbənd, Azərbaycanın bütün keçmiş və indiki ərazilərində hiss edilib, amma episentrində heç bir dağıntı olmayıb. Bu işdə bir iş var.
Versiyalar belədir:
1. Ərdəbil və Ərzurumdakı yeraltı təkanlar Şəki zəlzələsinin təsiri olmayıb, avtonom zəlzələ olub, sırf təsadüfən eyni saata düşüb.
2. Şəkidəki zəlzələ heç də Rixter şkalası ilə 7, hətta heç 5-6 bal gücündə də olmayıb, 4,5-4,9 bal gücündə bir şey olub, ona görə də dağıntı törətməyib.
3. Episentri Şəkinin kəndlərinə düşən zəlzələ həqiqətən 7 bal olub, ancaq tikililər möhkəm olduğundan zəlzələ dağınıtya səbəb olmayıb, tələfat törətməyib.
Başlayaq 3-cü versiyadan. Həqiqətən də rayon yerlərində binaları möhkəm tikirlər, əhəngi, göy sementi, çınqılı, qumu qarışdırır, çay daşınndan yarım metr qalınlığı olan divarlar hörürlər, üstəlik, tikililər 1-2 mərtəbədən artıq olmur, yer tərpənəndə də bina titrəyişə tab gətirir. Yoxsa bəzi yerlərdə panelləri qalaqlayırlar üst-üstə, ana torpaq bir az silkələnən kimi göydələnlər uçub tökülür, camaat qalır altında.
Bəzi müsəlman ölkələrində baş verən zəlzələlər zamanı bütün şəhərin darmadağın olduğu vaxt qədim məscidin dağılıb-çökməməsinin sirri də elə bundadır. Onu zəif sementli paneldən tikməyiblər, ona görə. Əhəngdən, çay daşından, sal qayalardan tikiblər, o da ildən-ilə bərkiyən şeydir.
Ancaq hər halda Şəkidəki zəlzələ 7 bal gücündə olsaydı, uçurmağa bir şey tapardı. Məsələn, məşhur Xan sarayı tam uçmasa da, bir balaca zədələnərdi. Çünki o təxminən 225 il əvvəl tikilib, “Həm ziyarət, həm ticarət” filmindən tanıdığımız Mustafa müəllimin sözü olmasın, onun tikintisində bir mismar belə işlənməyib.
Belə çıxır ki, biz daha çox 2-ci versiyadan yapışmalıyıq. Tanış-biliş də deyir ki, yox, Şəkidəki zəlzələ heç də 7 bal gücündə deyildi. Ağzında 7 bal deyirsən, Yaponiyada sunami yaradan, AES dağıdan 7 bal Şəkidə tövlə dağıtmırsa, demək, əslində 7 bal deyil.
Bəs onda rəsmi xəbərlərdə niyə elə getdi, niyə dedilər ki, Şəkidə 7 bal gücündə zəlzələ olub?
Bunu bilməyə nə var? Biz hələ sovet dövründə rəqəmləri şişirtməyə öyrəncəliyik və şişirtmə rəqəmlərdən babat pul qazanmağı yaxşı bacarırıq. Şəkidə Rixter şkalası ilə 7 bal gücündə zəlzələ olmasa da, RİH şkalası ilə o qədər olub və yerli məmurlar “N” qədər evi “zəlzələdən ziyan çəkmiş” kimi sənədləşdirib təmir pulu yeyəcəklər.
Əsas məsələ odur ki, təbii fəlakət olsun. Zəlzələ, qasırğa, dolu, sürüşmə - fərq etməz. Bizimkilər ondan mütləq pul çıxaracaqlar. Dövlətin malı dənizdir... Dəniz demişkən, yaxşı ki, bizdə dəniz kükrəyib sahili basmır, yoxsa bizim məmurlar 1-2 metrl dalğanı İndoneziya sunamisi kimi sənədləşdirib 50-60 milyon pul çırpışdırarlar.
Nəhayət, 3-cü versiya barədə. Eyni gündə həm Ərdəbildə, həm də Şəkidə zəlzələ olması bir daha təsdiqləyir ki, gərək zəlzələ mütəxəssislərinin dediyini qəribçiliyə salmayaq, biz doğrudan da nəhəng yeraltı uçurumun - Benioff zonasının qırağındayıq. Gərək ehtiyatlı olaq, bəzi meqapolislərə baxıb tırkaya getməyək. Ya gərək seysmik aktivliyi olan yerlərdə göydələn-filan tikməyək, ya da tiksək, etibarlı tikək, tikintidə əhəng-sement də işlədək.
Ümumiyyətlə, təcrübə göstərir ki, seysmik zonalarda tikinti ilə səy adamlar məşğul olmamalıdır.
