Sosial şəbəkədə paylaşılan şəkillərə baxıram, statusları oxuyuram, məndə, oxumuş adamlar demişkən, belə bir qənaət hasil olur ki, avqustun 11-də ölkəmizin futbol azarkeşlərinin xeyli hissəsi Tiflis şəhərində, “Dinamo”nun stadionunda imişlər və “Barselona” - “Sevilya” matçına baxırmışlar ki, UEFA-nın superkubokunu hansı komandanın qazanacağını canlı-canlı görsünlər.
Yəni əsas məsələ budur: oyuna canlı və həyəcanlı baxmaq, Messini canlı-canlı görmək. Bu haqq-hesabı gələcək nəvə-nəticələrə danışmaq, “mən Messinin oyununa canlı baxmışam” deyə öyünmək kimi perspektivləri də var.
Məsələn, bizim böyüklərimiz o vaxt Pelenin oyununa canlı-canlı baxmayıblar, gördükləri Banişevski olub, onu da ağ-qara televizorda görüblər. Elə biz özümüz də Maradonanın oyununa eyzən cansız-cansız baxdıq və bunun xiffətini hələ də daşıyırıq, psixoloji travma almış kimiyik.
Bu baxımdan burdan basa-basa Tiflisə futbola baxmağa gedənləri alqışlayıram, hətta onlara qibtə edirəm. Əslində, futbol-filan da boş şeydir, əsas odur ki, şair demişkən, “dünya duracaq deyil, ey can, səfər eylə”yəsən, gedəcək yerin, bəhanən, özün ağılda dostlar çevrən olsun. Bir az da əhlikeflik, macərapərəstlik oldumu, iş tamamdır.
Yoxsa, prinsipcə, biz iki ispan komandasının qapışmasına baxmaq üçün qonşu ölkənin paytaxtına niyə getməliyik? Buracıq deyil, oracıq deyil. Futbol oynayanlar isə nə dayımız oğludur, nə də bibimiz oğlu.
Məsəl üçün, iki italyan komandası, tutaq ki, “Milan” və “Yuventus” gəlib “Neftçilər” metrostansiyasının yanındakı “Bakı-arena” stadionunda oynasalar və jurnalist həmkarımız Aydın Bağırov həmişəki kimi bizə bilet təşkil eləsə, bəlkə də gedib baxmaram. Amma səmimisini deyim ki, eyni komandaların oyununa baxmaq üçün Milana, Turinə dəvət eləsələr, həvəslə gedib baxaram. Çünki burada əsas məqsəd futbola baxmaq deyil, olmadığın şəhərləri görmək, gəzməkdir.
Güman ki, avqustun 10-11-də İspaniyadan, eləcə də Avropanın hər tərəfindən tökülüşüb Tiflisə gələnlər təkcə futbol azarkeşləri olmayıblar, həm də səyahət, əyləncə, turizm həvəskarları olublar.
İndi sual çıxacaq ki, elədirsə, bəs ikicə ay qabaq, iyun ayında Bakımızda I Avropa Oyunları keçiriləndə avropalılar niyə sellənib, şellənib gəlmədilər.
Bəli, avropalı səyahət və idman azarkeşləri iyun ayında ölkəmizə axışıb gəlmədilər, doğrudur. Hətta bir nəfər statistik göstəricilərə əsasən iddia edir ki, avqustun 11-də Tiflisdə olan əcnəbilərin sayı iyun ayı ərzində Bakıda olan əcnəbi turistlərin sayından 30 faiz çox olub.
Ancaq bunun ciddi ictimai-siyasi-mədəni-psixoloji-turistik-idmani səbəbləri var. Hamısını bircə-bircə sadalasaq, gərək o biri köşə yazarlarının yerindən pay götürək. Qısa şəkildə onu demək olar ki, nə oyun o oyundur (bildiyiniz kimi, futbol idman oyunlarının şahıdır), nə də biz öz mərifətimizi Avropaya lazımınca göstərə bilirik. Məlum olduğu kimi, düşmənlər də eyzən iş aparırlar, erməni dəyirmanına su tökürlər. Hələ apreldən başlayaraq deyirdilər, I Avropa oyunları boykot olunmalıdır. Turistlərə “Bakıya getməyin” deyənlər də vardı.
Sonradan hamı gördü ki, I Avropa Oyunlarının açılışı, bağlanışı, oyunların özünün təşkili, qonaqların, türkün sözü, ağırlanması, bir sözlə, hər şey möhtəşəm oldu. Hətta qonaqlar üçün xüsusi sarı zolaqlı yol da düzəltmişdik, biz tıxaclarda tıncıxa-tıncıxa qalanda, Olimpi, Zevsi, Prometeyi bir-birinə qatanda, onlar xotkar balası kimi boş yollarda şütüyüb gedirdilər.
Buradan belə nəticəyə gəlmək olar ki, bundan sonra biz gərək ya sevimli idman oyunları təşkil edək, ya da ölkəmizi elə sevimli edək ki, avropalı turistlər buraya axışıb gəlmək üçün bəhanə axtarsınlar və tapsınlar.
Amma bu tamahkarlıq, kəmfürsətlik bizdədirsə, vallahi, sabah Messinin, Ronaldonun, İbrahimoviçin, nə bilim, Runinin iştirak etdiyi bir matç keçirsək və açılışda Castin Bibərlə Beyons duet oxusalar da avropalılar elliklə Tiflisə gəldikləri kimi bura axışmayacaqlar. Bəlkə heç Şirvan şəhərindən Tiflisə gedən gənclər də burdan-bura Bakıya gəlməyəcəklər. Bunu düşünmək lazım.
13.08.2015, 07:56
202 baxış
Samir Sarı
Futbol bəhanədir, məqsəd - səyahət, əyləncə