Medianews.az
“Yaxçi qız basketbol oynamaz”
225 baxış

“Yaxçi qız basketbol oynamaz”

images_dekabr_kose samir sari
İndi sizə nəql edəcəyim olayı dünən mənə TQDK-da şagirdlərin mərkəzləşdirilmiş imtahanlarının nəticələrini yoxlayan bir yaxın adam danışıb. Müəllimin dediyinə görə, riyaziyyat imtahanında suallardan biri belə olub ki, bir qrupda basketbol oynayan oğlanlar və qızlar var, verilən rəqəmləri toplayıb-vurub-çıxıb-bölərək tapın ki, basketbolçuların nə qədəri oğlandır, nə qədəri qızdır.
Bu suala yeddinci sinif şagirdlərinin hərəsi bir cür cavab verib. Əksəriyyəti məsələnin cavabını düz tapmayıb. Bu heç. Amma bir şagird “bizdə basketbol oynamağa boy vaar?” deyə cavab yazıb. Biri qeyd edib ki, basketbol yaxşı oyundur, bacaranlar oynasın. Başqa biri isə belə bir cavab yazıb: “Vapşem, yaxçi qız basketbol oynamaz, gedib kuxnada yeməgini bişirər”.
Nə qədər sərrast! Necə də müdrikcəsinə! “Yaxçi qız kuxnada yemək bişirər”. Vəssalam.
Ola bilər, bu hər sözə bir söz qoşmaq, lağlağı etmək, hər dəm şən və hazırcavab biri olduğunu göstərmək istəyən yeniyetmələrə xas hərəkətlər silsiləsindəndir, amma burası dəqiqdir ki, basketbolçu qızlar-oğlanlar məsələsini bu cür həll edən yeniyetmə bisavaddır. Əgər o, məktəbdə tədris olunan riyaziyyat fənnini əxz etmiş olsaydı, oturub ağıllı-başlı cavab yazardı, daha “yaxçi qız”ın necə olması barədə məhəllə ağzıyla fəlsəfi traktat irad eləməzdi.
Bu sözləri yazıram, yadıma özümüzün yeddinci sinifdə oxuyarkən elədiyimiz bənzər hadisələr düşür. Biz də lağlağıydıq, farağat durmurduq. Məsələn, bir dəfə dərs-filan oxumayan bir sinif yoldaşımızı - Poladı öyrətmişdik ki, rus dili müəllimindən “jopa”nın nə demək olduğunu soruşsun. Polad durdu, kamali-ədəblə Məcnun müəllimdən soruşdu: “Müəllim, jopa nə deməkdir”.
Özü də Polad bunu elə bir ədayla dedi ki, sanasan, rus dilini mükəmməl bilir, yalnız bu sözü bilmir, o da ona görə ki, dərsliklərdə, kitablarda qarşısına çıxmır.
Məcnun müəllim altdan-altdan qımışanlara baxıb arğacın kimdən keçdiyini dərhal bildi, amma üstünü vurmadı, dedi ki, Polad, tənəffüsdə deyərəm. Zəng bayıra vurulanda Polad təkrarən soruşdu ki, müəllim, sualımın cavabı nə oldu. Məcnun müəllim gözlədi, qızlar sinifdən çıxan kimi bağıra-bağıra sözün dilimizdəki ən məşhur qarşılığını üç dəfə təkrarlamaqla dedi və soruşdu: “Qane oldun, Polad?”
Bu, indi hamımıza məzəli hadisə kimi görünə bilər, amma o vaxt müəllimlər, ümumiyyətlə, bizdən böyüklər  yeddincilərin, səkkizincilərin necə tərbiyəsiz, qanacaqsız olduğundan danışırdılar. Biz böyüyəndən sonra isə həmin şəxslər bizi nəzərdə tutaraq yeni nəsil haqqında deyirdilər, o birilər adam balasıymış, indikilər lap vəhşidir. Hətta bir müəllim yaramazlıq edən və müəllimə cavab qaytara biləcək uşaqları öncədən müəyyənləşdirmək üçün xüsusi bir əlamət kəşf eləmiş və həmkarlarına önərmişdi: “Gördünüz ki, uşaq başını Cimi kimi geri darayıb, ona söz deməyin, sarsaqlayacaq”.
Təbii ki, indi o dəcəl uşaqların çoxu ağsaqqallaşıblar və onlar da indiki dəcəl, lağlağı, qeyri-ciddi və qanacaqsız gənc nəsli bəyənmirlər. Polad da Rusiyada yaşayır, Məcnun müəllimdən tərcüməsini tələb etdiyi sözü hər gün eşidir. Amma biz yaxşı oxusaq da, pis oxusaq da, imtahan vərəqinə belə bir şey yaza bilməzdik, cürət etməzdik. İndikilərin əksəriyyəti həm çox bisavaddırlar, həm də özlərini çox ağıllı sayırlar.
Hal böylədir, əziz oxucular. Göz görə-görə hər gün orta əsr cahilliyinə, nadanlığına doğru gedirik.
Bir xeyli yeniyetmə və gənc əmələ gəlib ki, “yaxşı oğlan”, “pis oğlan”, “yaxşı qız”, “pis qız” kateqoriyaları müəyyən ediblər və tay-tuşlarını o cür təsnifatlandırırlar. Xüsusi kodeksləri var: “Yaxşı oğlan dostunun yolunda ölümə gedər”, “Yaxşı oğlan içəridəkiləri (türmədəkiləri) unutmaz, onlara pay göndərər”, “Yaxşı qız 9-dan sonra oxumaz”, “Yaxşı qız internetə girməz” və sair bu kimi onlarla səfeh-səfeh şərtlər.
Bu cür şərtlərin içində “yaxşı oğlan ona atılan sözü peysərə verməz” də var. Peysərə verməz, nə edər? Gedib bıçağı saplayar, yortar, təpiyin altına salar və gedib türmədə yatar.
Kəsəsi, belə çıxır ki, yaxşı oğlan gün görməz, ya 18-20 yaşında bıçaqlaşmada ölər, ya da günü türmələrdə keçər.
Amma yaxşı qızların işi yaxşıdır, basketbol oynamasınlar, mətbəxdən çıxmasınlar, yetər.

Bizə qoşulun