Medianews.az
İmişlidə mal bazarının mühasirəyə alınması problemi
248 baxış

İmişlidə mal bazarının mühasirəyə alınması problemi

images_dekabr_kose samir sari Doğrusu, sosial şəbəkədə bu statusu görəndə əvvəlcə mənə məzəli göründü, amma sonra fikirləşdim ki, yox, bu, ilk baxışda məzəli görünə bilər, amma altında insan problemi, iztirabı var. Söhbət belədir ki, Səxavət adlı “Feysbuk” istifadəçisi “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğluya belə bir təvəqqedə bulunub: “Rauf Arifoğlu, sizin kim olduğunuzu mən bilmirəm, amma bilirəm ki, sizin kim olduğunuz gələcək nəsillərin müzakirə mövzusu olacaq. Sizdən xahiş edirəm, İlham Əliyevlə görüşəndə soruşun: NİYƏ İMİŞLİDƏ MAL BAZARI GÜNÜ POLİSLƏR BAZARI MÜHASİRƏYƏ ALIR?” Bəri başdan deyim ki, 32 sözdən və bir “ki” bağlayıcısından ibarət olan bu müraciətdə bəzi sözlərin bəzi hərflərini düzəltmişəm, görünür, Səxavət bəy statusu telefonla yazıb, o üzdən bəzi milli hərflər sarıdan kasadlıq çəkib. Ancaq eloğlunun statusunun məğzinə, məzmununa qətiyyən toxunmamışam. Bu kiçik statusdan bəzi nəticələr də çıxarmışam. Hiss olunur ki, adam bir ictimai yerdə, böyük ehtimalla çayxanada, ya birbaşa söhbətə düşüb, ya da türkün sözü, qulaq müsafiri olub. O mərəkədə güman ki, rayon müxalifətçiləri Rauf Arifoğludan danışırmışlar. Ehtimal var ki, söhbətdə belə ifadələr yer alırmış: “Rauf Arifoğlu prezidentlə görüşdən selfi çəkmişdi”; “Birinci dəfə deyil ki… o, bir-iki il öncə də İlham Əliyevlə görüşmüşdü”; “Hə, yadımdadır, hətta çıxış da eləmişdi”; “A bəylər, prezidentdən medal alanda çıxış eləməlidir də, havayı medal var?”; “Yəqin ki, payızda mandat da verəcəklər”; “Hə, deputat olandan sonra tez-tez görüşərlər”; “O vaxt maskası tamam düşəcək”; “Xeyr, onun qiymətini gələcək nəsillər verəcək”. Səxavət bəy də oturub fikirləşirmiş ki, dərdini kimə desin, problemini prezidentə necə çatdırsın. O, beynində mal bazarı günü polislərin bazarı nəyə görə mühasirəyə aldıqlarını götür-qoy edərkən, avtomatik olaraq prezidentlə tez-tez görüşən, ona görə də onların arasında vasitəçilik edə biləcək adamı tapıb: Rauf Arifoğlu… Bir halda ki, bayaqdan hamı ondan, onun prezidentlə görüşməsindən danışır, demək, ümid yeri odur. Əslində, burada əsas problem hər həftənin bazar günlərində rayon polislərinin mal bazarını nəyə görə mühasirəyə alması məsələsidir. Gerçəkdən də burada məqsəd nə ola bilər? Əlbəttə, polislərdən soruşsaq, deyəcəklər, məqsəd ictimai asayişi təmin etmək, kriminogen durumu nəzarət altında saxlamaqdır. Ağzımızda mal bazarı deyirik, ora İmişlinin bütün kəndlərindən, eləcə də qonşu rayonlardan mal-davar alverinə gəlirlər. Bir göz qırpımında arıq toğlu üstündə dava düşə bilər. Hələ bazarda satışa oğurluq mal-heyvan da çıxarıla bilər və sırf bu üzdən də Qasım bəy Zakirin 150 il öncə təsvir etdiyi situasiya yaranar: “Vay günə sahibi at başı tutar, tökülər hər yandan üstünə çomaq”. Ondan sonra gəl, araşdır tap görək, başı yarılan zərərçəkmişə çomağı kim tutuzdurub, birinci kim başlayıb, əsas günahkar kimdir və s. Ona görə də polislərin mal bazarını mühasirəyə alması normaldır. Bu baxımdan sosial şəbəkə fəalının mal bazarının polislər tərəfindən mühasirəyə alınmasından narazılığını başa düşmək üçün təfərrüata ehtiyac var. Güman ki, o, mal-davarını satandan sonra mühasirədən çıxmaq istəyərkən ondan “şirinlik” istəyiblər, ya da özü aldığı iribuynuzlu və xırdabuynuzlu malı polis mühasirəsindən çıxararkən təzyiqlə üzləşib, deyiblər, aldığın heyvanların sənədini göstər. Ola bilməzmi? Ola bilər. Kənd yeridir, hərə bir cür dolanır. Biri bazarda yaxşı alver eləyirsə, o biri də günün odunda durub asayiş təmin edir, göz haqqı deyilən bir şey var. İndi məsələ belədir ki, baş redaktorumuz bu qlobal və aktual problemi şəxsən prezidentin yanında qaldırmalı və soruşmalıdır: Cənab prezident, bu gün medianın problemlərindən danışmayacağam. Daha vacib məsələ var. Məni maraqlandırır ki, NİYƏ İMİŞLİDƏ MAL BAZARI GÜNÜ POLİSLƏR BAZARI MÜHASİRƏYƏ ALIR?” Atalar deyib ki, hər kəsin dərdi özünə dəvədir. Ancaq imişlili Səxavət bəy bilməlidir ki, Rauf Arifoğlu qəzetçidir, prezidentlə də hər gün görüşmür. Bununla belə, ümid var ki, onun qoyduğu suala cavab verən tapılacaq.

Bizə qoşulun