“Siyasət nədir” sualının ən populyar cavabı budur: “Siyasət anlaşma, uzlaşma sənətidir”.
Bu, əlbəttə, konstitusiya və qanunlarla idarə olunan ölkələrə aid sözdür, avtoritarizmin hökm sürdüyü, totalitarizmin hökmran olduğu ölkələrdə siyasət də, siyasətşünaslıq da puçdur.
Şimali Koreyada hansı siyasətdən söhbət gedə bilər ki, ölkənin gənc və debil diktatoru III Kim istədiyi vaxt istədiyi adamı məhkəməsiz-filansız edam etdirə bilir. Adam özünü orta əsrlərin hökmdarları kimi aparır, icra hakimiyyəti də özüdür, qanunvericilik hakimiyyəti də, məhkəmə hakimiyyəti də. Əgər sabah öz edam qərarını özü icra etsə belə, heç kim təəəccüblənməyəcək.
Belə adamla heç cür anlaşmaq, hansısa razılığa gəlmək mümkün deyil. Onun leksikonunda “dialoq”, “müzakirə” kimi terminlər yoxdur. Qisməti olsa, nə vaxtsa Səddam Hüseyn kimi boğazlanıb sabunlu kəndirdən asılana, yaxud Qəzzafi kimi küçədə linç edilənə qədər dövləti idarə etməyin başqa üsulları olduğunu ağlına gətirməyəcək.
Bəşər Əsədin hökmdar olduğu və darmadağın dağılmış Suriyada hansı anlaşmadan, uzlaşmadan söhbət gedə bilər? Narazılıqların yeni başladığı, ilk toqquşmaların təzə-təzə baş verdiyi vaxtlarda bəlkə də tərəflər arasında razılıq əldə etmək, ölkəni dağılmaqdan qurtarmaq, yüzminlərlə insanın qətlinin qarşısını almaq, milyonlarla vətəndaşın didərgin düşüb dünyaya səpələnməsini əngəlləmək olardı. Ancaq Bəşər Əsəd əvvəldə daş atıb başını tutdu, bütün rəqiblərinin ölüsünü görmək istədi, nəticəsi də belə oldu. İndi Suriya deyilən dövlət yoxdur, bir yarısı İŞİD-in əlindədir, bir yarısı üsyançı kürdlərin, bir yarısı Suriya Azadlıq Ordusunun, bir yarısı da Bəşər Əsədin özünün. Bu dövlətdə nə vaxtsa anlaşma, uzalaşma olacağı isə sual altındadır.
İraq da eləcədir, Pakistan da, Əfqanıstan da, Yəmən də, Liviya da. Bunlar siyasi dialoqdan imtina edən, siyasi rəqabətin açıq qan düşmənçiliyinə çevrildiyi ölkələrdir. Dialoq və razılaşma olmayan ölkələrin nəsibi budur: qırğın, qan-qada, parçalanma, dağılma, didərginlik, səfalət, aclıq, epidemiya və s. Belə ölkələri idarə etmək bir siyasi xadim və ya bir siyasi qrup üçün odla oynamaqdır, o, sona qədər rəqiblərini qıra-qıra, ölkə əhalisinə zülm edə-edə davam etməlidir, axırda da ya özünü məhv edəcəklər, ya da macal tapıb postunu özü kimi qəddar varisinə ötürə biləcək ki, qırğını o davam etdirsin.
İndi şərq-müsəlman dünyasının yeganə demokratik ölkəsi olan Türkiyədəki duruma baxaq. İyunun 7-də bu ölkədə seçkilər keçirilib və dörd partiya parlamentdə təmsil olunmaq, hökumət qurmaq haqqı qazanıb. 50 gündür siyasi partiyalar dialoqdadırlar, görüşürlər, müzakirə aparırlar, mövqeləri gah yaxınlaşır, gah uzaqlaşır, hərdən sözləri çəpləşir, hərdən üst-üstə düşür.
Kənardan bezdirici görünsə də, proses davam edir. Müxtəlif siyasi platformaya, dünyagörüşə, ideologiyaya malik olan siyasi qüvvələr yeni bir hökumət qurmağa çalışırlar. Seçkidən öncə onların meydanlarda bir-birinə qarşı işlətdikləri tikanlı, acı sözləri beş batman balla udmaq mümkün deyildi, amma indi gülümsər çöhrə ilə, lütfkarlıqla əl sıxışmağa, üz-üzə oturaraq, gözəl sözlər seçərək danışmağa məcburdurlar.
Türkiyənin siyasi qüvvələri arasında anlaşma, razılaşma əldə edilib-edilməyəcəyi indilikdə məlum deyil, ola da bilər, olmaya da. Əsas odur ki, onlar dialoq, müzakirə aparırlar və bu dəfə olmasa da, ən azı erkən seçimlərin nəticəsindən asılı olaraq yeni müzakirələrdə razılaşma əldə edəcəklər.
Könül istərdi ki, öz ölkəmizdə də belə olsun, siyasi qüvvələr bütün konfliktləri danışıqlar masası arxasında əyləşərək həll etsinlər.
Təəssüf ki, tərəflər hələlik buna hazır deyil. İqtidar düşərgəsi hesab edir ki, siyasi qüvvələr arasında keçirilən dialoq onun ssenarisinə uyğun olaraq, onun təklif etdiyi gündəlik əsasında aparılmalıdır, digər siyasi qüvvələr isə dialoqa fərqli prizmadan yanaşırlar. Hətta gerçək saymadıqları dialoqdan imtina edənlər də var.
Bu il seçki ili olduğundan siyasi qüvvələrin dialoquna, anlaşama əldə etməyə çalışmalarına hər zamankından daha çox ehtiyac var. Amma üfüqdə anlaşma, uzlaşma görünmür.
Azərbaycan elə ölkədir ki, burada dialoq seçkidən sonra yox, seçkidən əvvəl aparılmalıdır.
