Medianews.az
Aqressiyanın yanlış hədəfi
148 baxış

Aqressiyanın yanlış hədəfi

images_dekabr_kose xalid kazimli
O gün sosial şəbəkədə belə bir status yazmışdım: “Hazırda bu ölkənin insanlarında olan aqressiyanın eynisi yalnız İraq, Suriya və Əfqanıstan əhalisində var. Yaxşı ki, bizdə əllərdə silah yoxdur, bu hirs-hikkə ilə hamı qırar bir-birini”.
Bu fikrə gələn maraqlı şərhlərin biri isə beləydi: “Bəs sizin fikrinizcə, bunun səbəbi nədir?”
Doğrudan da maraqlı sualdır, bu qədər aqressiyanın, hirs-hikkənin səbəbi nədir, insanlar nədən bu qədər acıqlıdırlar, nədən bir-birini yamanlayır, lənətləyirlər və təkcə virtual aləmdə yox, real həyatda belə bir-birini didməyə hazırdırlar.
Ölkədəki, eləcə də artıq ölkənin dışındakı insanların virtual aləmə inikas etdirdiyi aqressiyanın əsas səbəbi problemlərdir, neqativ hallar, haqsızlıqlar, zülmlərdir.
Bu ölkədə demək olar ki, heç nə öz qəlibində, düzənində deyil, heç bir işimiz öz məcrasında, öz axarıyla getmir, hər işimiz əyridir, hər addımda süni əngəllərlə, maneələrlə qarşılaşırıq. Bunlar insanları hiddətləndirir, bir-birinə qarşı qoyur.
Minlərlə ali təhsilli, yetkin, gənc adam var, işsiz-gücsüzdürlər, evlənib ailə qurmalı, özlərinə yurd-yuva düzəltməlidirlər, ancaq onlar bu, fundamental hüquqlarını əldə edə bilmirlər. Onların harın yaşıdları isə bahalı avtomobillərin birindən düşüb o birinə minir, hər gecə şəhərin və ölkənin müxtəlif yerlərindəki villalarından birində gecələyir, günləri bahalı restoranlarda, elitar barlarda keçir. Bütün bu paradoksal həyat tərzi, harınlıqların, dəbdəbənin fonundakı işsizlik və kasıbçılıq təbii olaraq imkansız gənclərdə aqressiya doğurur.
Yenə minlərlə insan var ki, qatıldıqları seçkilərdə (bələdiyyə və parlament) bir qayda olaraq uduzdurulurlar. Hətta mühit o qədər anormal olur ki, kimin gerçəkdən uduzduğu, kimin zorla uduzdurulduğu bəlli olmur və illərdir adcə seçib-seçilmək hüququnu təmin edə bilməyən şəxslər kütləvi şəkildə zorakılıq və saxtakarlıqdan narazı qalırlar. Haqsızlıq onları aqressivləşdirir.
Hər gün icra hakimiyyəti administrasiyalarından ailəsinin yanına əliboş, üzüqara qayıdan minlərlə insan var və məmurların biganəliyi, tamahkarlığı onları hiddətləndirir, adamlar qəzəbli olurlar.
Mülki hüquqlarını məhkəmələrdə həll etmək istəyən, hər dəfə daha arxalı, daha pullu rəqiblərinə uduzan, haqlı olduqları halda haqsız durumda qalan minlərlə insan var ölkədə. Onlar da qəzəblidirlər.
İqtisadi çətinliklərdən, gün-güzərandan, siyasi motivli təqib-təzyiqlərdən bezar olaraq öz vətənlərindən didərgin düşüb Avropa ölkələrinə sığınan, Türkiyəyə, Rusiyaya, Ukraynaya pənah aparan insanların aqressivliyi isə tamam başqa səpkilidir. Onlar artıq maddi problemlərini həll ediblər, amma vətəndə aldıqları psixoloji travmadan qurtula bilmirlər, yaşadıqları ölkələrin cəmiyyətinə adaptasiya olmaqdansa, bir gözləri mütləq Azərbaycandadır və burada baş verən hadisələrə dair mütləq öz qəzəbli rəyləri var.
Burası birmənalıdır: bu ölkədə insanları aqressiv, hirsli-hikkəli, qəzəbli edən mövcud iqtidarın fəaliyyəti, siyasətidir. Əslində narazıların tam əksəriyyəti iqtidar komandasına qarşı aqressiv olmalıdırlar, öz hirs-hikkələrini onun üstünə tökməlidirlər.
Fəqət, nə hikmətdirsə, elə deyil. İnsanlar öz aqressiv fikirlərini bir-birinə ünvanlayır, bir-birini ittiham edir, suçlayır, söyür, yamanlayırlar. Onlar hesab edirlər ki, filan qrup olmasa, filan kateqoriyadan olanlar filan hərəkəti etməsələr, hakimiyyətlə bacarmaq, ona qalib gəlmək daha asan olar.
Təcrübə göstərir ki, bu da yanlış stereotipdir. Əsas problem narazıların parakəndəliyi, dağınıqlığı, başlıca hədəfi düzgün müəyyən edə bilməmələri, odu söndürüb küllə oynamalarıdır.
20 il iqtidar komandasına qulluq edən, cah-cəlal, zövq-səfa içində yaşayan, ancaq günlərin birində iqtidar haqqında güldən bir az ağır söz dediyinə görə çıxdaş edilib kənara atılan adamın 20 il müxalifətə xidmət edən, ümumi iş üçün türmələrdə yatan, hər əzaba, təqib-təzyiqə qatlaşan, ancaq qırx ilin başında simvolik bir mükafat alan şəxsdən üstün tutulduğu ölkədə yaşayırıq. Burada insanlar hiddətlidirlər, acıqlarını tökməyə yer axtarırlar və ən pisi odur ki, onu tapırlar.
Bu ünvan isə xalqı soyub-talayanların, adam öldürüb qan batıranların, yetim malı yeyənlərin, yarımcan əlili döyənlərin, intihara sövq edənlərin, şəhid anasını söyənlərin, öz millətini satanların qapısı deyil. Onlarla işi olan yoxdur. Hədəfdə xalqa daha yaxın olanlar, əl çata bilənlərdir.

Bizə qoşulun