Medianews.az
Latayır daşqını
421 baxış

Latayır daşqını

images_dekabr_kose samir sari
1994-cü ilin soyuq aylarından biriydi, ya fevralın axırıydı, ya da martın əvvəli. Üstündən 21 il vaxt keçib, həftəsi, günü yadımda qalmayıb. Müsavatın qərargahında o dövrün qəzetlərini vərəqləyəndə bir müraciətə rast gəldik. Bir qrup məşhur ziyalı (onların arasında Bəxtiyar Vahabzadə, Məmməd Araz kimi görkəmli şəxsiyyətlər də vardı) dövlət başçısına müraciət ünvanlamışdılar.
Öncə onu deyim ki, o dönəmdə belə şeylər dəb idi: biri dövlət başçısının adına məktub yazır, sonra qapı-qapı düşüb o məktubu hörmətli ziyalılara imzalatdırır, daha sonra qəzet redaksiyasına gətirir, dərc etdirirdilər. Dövlət başçısının bu müraciətləri oxuyub-oxumadığı, yaxud da köməkçilərinə oxutdurub-oxutdurmadığı barədə səhih məlumatlar yoxuydu, amma güman beləydi ki, əgər görkəmli ziyalıların imzaladığı müraciət qəzetlərdə dərc olunubsa, demək, hər halda, diqqətdən kənarda qalmayacaq.
O zaman belə müraciətlər əsasən haqsız yerə həbsə düşənlərin azadlığa buraxılmasına dair olurdu. Ancaq 1994-cü ilin soyuq aylarının birində ölkənin tirajlı müxalifət və müstəqil qəzetlərində dərc olunan müraciətin məzmunu başqaydı.
Bu müraciəti imzalayanlar dövlət başçısı Heydər Əliyevdən xahiş edirdilər ki, dövlət komitələrindən birinin cəbhəçi sədrini işdən çıxarmasın. Bəs bu gənc kadr çox səriştəli, prinsipial kadrdır, öz işinin öhdəsindən yaxşı gəlir, üstəlik, hakimiyyətdən getmiş AXC-Müsavat komandasına qatmalı oğlan deyil və sair və ilaxır.
İndi həmin komitənin və “səriştəli cəbhəçi kadr”ın adını burda yaza bilərəm, amma ehtiyac yoxdur. Belə daha intriqalı olur, ertəsi gün zəng vurub adamdan soruşurlar və “həəə, yadıma düşdü” deyir, adam haqda əlavə faktlar danışırlar.
İntəhası, bunu da demək lazımdır ki, komitə yanacaq işlərinə-filana baxırdı, pullu komitəydi, üstəlik, vəzifədən çıxarılmaması üçün ölkənin adlı-sanlı ziyalılarının imzasını alıb dövlət başçısının üstünə məktub göndərmiş kadr çox “prinsipial və səriştəli”ydi. Onun vəzifədən çıxarılması ölkənin yanacaq-sürtkü sektoruna böyük zərbə olacaqdı.
Dövr də qəliz dövr idi. Ondan bir az qabaq AXC-Müsavat cütlüyünün ən hörmətli və ən yüksək ranqlı kadrları ya vəzifədən götürülmüşdülər, ya istefa vermişdilər, ya vəzifələrini dondurmuşdular, ya da təhlükəsizlik mülahizəsi ilə başlarını götürüb məmləkətdən qaçmışdılar.
Açığı, o vaxt cəbhəçi-müsavatçı kadrlar Heydər Əliyev-Surət Hüseynov hakimiyyəti ilə işləməyə birtəhər baxırdılar, deyirdilər, onsuz da yarım ilə, bir ilə yenidən hakimiyyətə gələcəyik. Çox az kadr yeni komandada qalırdı. Onlardan biri də həmin o səriştəli gənc kadr idi.
Adam əməlli-başlı dirəşmişdi. Yalvarışlar ərşə dirənmişdi, boğaz çəkirdi, həşir salmışdı. Qəzetlər ard-arda həmin müraciəti dərc edirdilər.
Yanacaq-energetika sektoruna yaxşı bələd olmayan adamlar əndişələnməyə başlamışdılar ki, doğrudan da belə bir kadrın birdən-birə vəzifədən götürülməsi müstəqilliyini yenicə qazanmış, hələlik neft strategiyası hazırlanmamış gənc ölkəmizin iqtisadi durumuna ciddi zərbə olacaq. Yeni-yeni ziyalılar bu müraciətə qoşulmaq istəyirdilər.
Amma Əliyev ziyalıların sözünü yerə saldı, adamı qulağından tutub bayıra atdı. O da vəzifədən götürüləndən sonra hara getdi, nə işlə məşğul oldu, komitə sədri vəzifəsinin əlindən çıxmasına necə tablaşdı, bilən olmadı. Ölkədə güclü devalvasiya da oldu, amma güman ki, həmin kadrın vəzifədən götürülməsi ilə bağlı deyildi.
O, bir də uzun illərdən sonra göründü, amma yenə də özünü qabağa vermədi, eyzən kölgələrdə dolaşdı, durdu.
Bir-iki ildir ki, adam ara-sıra həmin kölgədən başını çıxarır, dissidentlik edir. Artıq o, barışmaz müxalifətçi olub, prinsipiallıqdan, əyilməzlikdən, dönməzlikdən danışır.
Mark Zakerberqə nə deyim, belələri üçün yaxşı dissidentlik, hakimlik-prokurorluq yeri düzəldib, axşama qədər otururlar kompüterin arxasında, kiminlə nə intriqaları var, kimdən xoşları gəlmir, söyür, pisləyir, yamanlayır, mühakimə edir, hökm çıxarır, latayır daşqınına məruz qoyurlar.
21 il öncə dizini yerə atıb Əliyevin komandasında qalmaq üçün yavır-yavır yalvaran, ölkənin ağsaqqal ziyalılarını üzdən-gözdən salıb imzalarını alan adamın 2015-ci ildə dissidentə dönməsi çox miskin görünür.

Bizə qoşulun