Medianews.az
Cığal sekta qərəzin Everestində, ədalətsizliyin Marianasında
135 baxış

Cığal sekta qərəzin Everestində, ədalətsizliyin Marianasında

img1830847
Müstəqil, bitərəf oxucu oturub haqlı olaraq düşünə və deyə bilər ki, ABŞ-İran çəkişməsi sona yetdi, amma “AXCP-“Yeni Müsavat” davası” bitmədi.
Əslində, bu qovğanın adını “AXCP-Müsavat davası” da qoymaq olardı, çünki illərdir əsas mübarizə bu iki siyasi partiyanın arasında gedir. Ancaq son vaxtlar, daha dəqiqi, Müsavatın qurultayından sonra formalaşmış yeni rəhbərlik bildirir ki, partiya bu çəkişmədə tərəf deyil. Olsun. Bu da aydın mövqedir.
Bir ara “müharibə”ni  iki qəzetin “Azadlıq”la “Yeni Müsavat”ın tiraj, nüfuz, mövqe davası kimi təsbit edirdilər, amma bu təsbitin də doğru olmadığı ortaya çıxdı. Çünki “Azadlıq”ın partiya qəzeti kimi fəaliyyət göstərdiyi, qəzetdə gedən əksər fikirlərin orda işləyən dəyərli həmkarlarımızın yox, AXCP rəhbərliyinin, şəxsən sədr Əli Kərimlinin mövqeyi olduğu bəlli oldu.
Beləcə, indi fakt bundan ibarətdir ki, “Azadlıq” və “Yeni Müsavat” qəzetinin səhifələrində gedən söz atışması AXCP-nin və “Yeni Müsavat” qəzetinin rəhbərliklərinin mövqeyidir.
AXCP-ni deyə bilmərəm, amma biz fərqindəyik ki, bu cür yazılarla oxucu kütlələrini bezdirmişik. İnsanlar artıq bu cür “ifşaedici”  yazıları əvvəlki kimi sevmir, hətta hiddətlənirlər. Adamı nə qədər “ifşa etmək”, “iç üzünü açmaq”, “maskasını yırtmaq”, “satqınlığını bir daha sübut etmək”, “növbəti xəyanətinə dair sübut tapmaq”, “xəyanətkar keçmişini xatırlatmaq” olar?
Bu ifadələr bizə qarşı yazılan yazılarda da yer alır, bizim yazdıqlarımızda da. 
Açığı, elə bir karuseldəyik ki, ya bu cür dalaşa-dalaşa, hücum edənlərə daş ata-ata, özünü qoruya-qoruya irəliləməkdə davam etməliyik, ya da susub təslim olmalıyıq, olduğumuz yerdə qalmalıyıq, mübarizədən vaz keçməliyik.
İkinci variant istisnadır. 1989-cu ildən başlayaraq olmazın məşəqqətlərdən, basqılardan, məhrumiyyət və iztirablardan keç gəl, 2015-də bir cığal sektanın iradəsinə boyun əy, ittihamlarına cavab vermə, sus, kölgəyə çəkil, meydanı onlara burax – olacaq iş deyil.
Ona görə də nə qədər ki, ünvanımıza ittiham dolu yazılar yazırlar, biz də yazmağa məcburuq. Müdafiə olunmaq haqqımızı əlimizdən heç kim ala bilməz. Hərdən hücuma keçmək kimi eksklüziv haqqımız da həmişə qalır. 
Budur, son aylarda birmənalı olaraq AXCP rəhbərliyinin mövqeyini ifadə edən “Azadlıq” yazarı Akif növbəti dəfə, özü demişkən, hədəf seçib və bu köhnə hədəfdir: “Yeni Müsavat”.
Yazıda o qədər xırda, cılız ittihamlar var ki, bunu xırdalanmağın atom halı hesab etmək olar. “Filankəs filan vaxtı filan sözü demişdi, filan qərarı vermişdi, filan hərəkəti etmişdi, sonra elə olmadı, belə oldu, əslində isə məsələ beləydi” ritorikası ilə boş, mənasız, əhəmiyyətsiz təfərrüatlara varmağın, “yaxşı partiya, pis partiya” davası aparmağın kimə nə faydası olacaq axı? Qapı bağlanıb, qarı da başına gələnlər barədə şikayət etmək üçün instansiya tapmır...
Ancaq həmin yazıda elə bir ifadə var ki, buna cavab verməsək, tarix bizi bağışlamaz. Çünki, bu ədalətsizliyin Marianası, qərəzin Everestidir.
Akif qardaş yazır: “Azərbaycanın sərvətlərini talan edən, vicdanlı insanları şərləyərək həbsə atan, ölkəni bütün dünya ilə düşmən edən, korrupsiyanı dövlət siyasətinə çevirənlər haqqında bir kəlmə yaza bilməyib, prinsipial mübarizə aparanlara çamur atmaqdırmı Azərbaycançılığa xidmət?”
İfadəyə baxın: “Bir kəlmə yaza bilməyən”. Bu, illərdən bəri hər məqaləsində bu deyilən mətləblərdən yazan müəlliflərin haqqını yeməkdir. Hər kəsi qoyuram bir kənara. Öz yazılarımı götürürəm və təkcə başlıqlarını yazıram: “Mandat bölgüsü ili”, “Haramilərin, oğruların harın oğulları”, “Müaviyənin vəsiyyəti, Şərq siyasəti”, “Gün gələr, biz də seçərik...”, “İgid əsgər, möhkəm dayan... ölmə”, “Özlərini kriminal avtoritet kimi aparanların ölkəsi” və sair və ilaxır. 
Akif və onun kimi düşünənlər bu yazıları (eləcə də yüzlərlə başqa yazıları) saytda və ya Google-də axtararaq, içində hakimiyyət əleyhinə yazılmış minlərlə “bir kəlmə”lər tapa bilər və hakimiyyətin xeyrinə yazılmış bir kəlmə tapa bilməz.
Adam bu qədər qərəzli olandan sonra polemika aparmaq da mənasını itirir. Çünki bu, quru höcətlik səciyyəsi daşıyacaq, nə qədər arqument gətirsən də, axırda deyəcək, yox, sən mənə qarşısan, ona görə də haqsızsan, pissən.
Bu, artıq heç kəsə sirr deyil ki, “Yeni Müsavat” qəzeti partiya orqanı olmaq statusundan imtina edib, hər kəsə eyni məsafədə durmağa, mərkəzdə qalıb neytral qəzetçilik yapmağa çalışır. Qəzet rəhbərliyi də öz partiyalılığına son qoymaq niyyətindədir.
Ancaq bu, o demək deyil ki, qəzet neytral informasiya yaymaq, müxalifətə, müstəqil təşkilatlara informasiya dəstəyi vermək, gördüyünü, düşündüyünü yazmaq kursundan imtina edir. Xeyr. Əvvəlki vaxtlarda olduğu kimi, yenə də müxalifət liderlərinin, funksionerlərinin, haqqı tapdananların, siyasi məhbus ailələrinin səhifə-səhifə və silsiləvi şəkildə müsahibələri qəzetdə, saytda gedəcək.
Sadəcə, cığal sektanın tələb etdiyi kimi olmayacaq. Qəzet yalnız bir siyasi qrupun tribunasına çevrilə bilməz. Kim belə istəyirsə, qoy elə işləsin.
Bunun adını “iqtidara işləmək” qoyurlarsa, qoysunlar, bir şey deyil. Bir qəzetin öz yolundan sapıb-sapmamasını, mövqeynə, prinsiplərinə xəyanət edib-etməməsini əlahəzrət oxucu müəyyənləşdirir. Nə qədər ki, bir qəzet oxucuya maraqlı gəlir və oxucu oxumaq istədiklərini tapıb oxuyursa, demək, qəzet əsas prinsipindən vaz keçməyib.
Qəzet və saytımızın ümumi tirajı ilə öyünmədən (bilənlər bilir) yalnız onu demək istəyirəm ki, yüzü yüz söz desin, qafilə öz yolunu getməkdədir.
Ancaq bu sonu görünməyən intriqaya da son verməyin vaxtıdır. İrəlidə bizi deyingən qocalara dönmək perspektivi gözləyir.

Bizə qoşulun