“Elə bu vaxt kimsə gizlicə mənə yaxınlaşdı. Mən onun kim olduğuna baxmaq istədim. Amma ətrafa qaranlıq çökməyə başlamışdı. Bu kimsə... həmin bu kimsə görünməyən əli ilə xəncəri mənim sinəmdən çıxardı. Elə bu an qan yenidən püskürüb ağzıma doldu”.
(Akutaqava Rünoske, “Cəngəllikdə”)
***
Bir gənc ailə başçısı Bərdədə özünü körpüdən asaraq öldürmüşdü. Hadisədən dərhal sonra əraziyə yığışan zəhmətkeşlərimiz, hüquq-mühafizə orqanları, xarici müşahidəçilər və sairə dəyərli yoldaşlar şərhlərə başladılar, ilkin qənaət belə oldu ki, adamın banka kredit borcu var imiş, onu ödəyə bilmədiyi üçün intihar etmişdir.
Mərkəzi Bankın rəhbərliyi, şəxsən Elman Rüstəmov bu xəbəri alan kimi hərəkətə keçdi, idarənin adından rəsmi açıqlama verildi: “Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, özünü asan şəxsin heç bir kredit təşkilatına borcu yoxdur. Ümumiyyətlə, bu intiharı bank sektoru ilə əlaqələndirmək məsuliyyətsizlikdir”.
Əlbəttə, istənilən şəxsin ölüm səbəblərini araşdırmaq istintaq orqanlarının: polisin, prokurorluğun, məhkəmənin vəzifəsidir. Mərkəzi Bank bu halda öz səlahiyyətlərini aşmışdımı? Qətiyyən. Ona qalsa “Bandotdel”in də maliyyə bazarlarını tənzimləmək funksiyası yoxdur, ancaq hamımız gördük ki, bir sürü bankir-biznesmeni sürüyüb idarəyə apardılar, kreditləri ödətdirib buraxdılar. Əks halda, bank sistemi çökə bilərdi.
Mərkəzi Bank intiharı bank sistemindən uzaqlaşdırmaqla yanaşı, günahkarı da barmaqla göstərmişdi. İdarənin mətbuat açıqlamasında belə yazılmışdı: “Fikrimizcə, intihar üçün körpünün seçilməsi mərhumun yol idarəsində çalışdığını, orda maaşının kəsilməsindən bezdiyini göstərir”.
Mən jurnalist vəzifəmi yerinə yetirib yol idarəsi, Nəqliyyat Nazirliyi ilə bağlantı qurdum. Nazirlikdən dedilər ki, MB yalan deyir, ölən nəinki yol idarəsində işləyib, ümumən işsiz imiş. Sitat: “İntiharın günahkarı onu işlə təmin etməyən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmuşdur”. ƏƏƏƏƏƏƏSMMMMMN (hərf çox olanda sosial müdafiəmiz güclənir - Z.H.) isə NN-i təkzib etdi, mərhumun əsgərliyə getmək istəmədiyi üçün özünü asdığını bildirdi.
Müdafiə Nazirliyi ilə məxfi danışıqlarımızdan sonra idarədən belə məlumat aldıq: “Qətiyyətlə deyirik ki, mərhum əsgərliyə çağırılmamışdır. Biz ancaq adı Lazım olan şəxsləri əsgərliyə dəvət edirik, mərhumun adı isə Elşad idi. Daxili araşdırmamız sayəsində onun xəstə olduğunu, böyrəyindəki problem üzündən hərbi xidmətə yararsızlığını müəyyənləşdirdik. Elə müalicə üçün İrana getməyə pulu olmadığından özünü asmışdır. İmza Zakir müəllim”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Loğman Baytarbəyov müxbirimizlə söhbətində mərhumun dəfələrlə İrana getdiyini, bu haqda bir topa xəstəlik kağızının olduğunu söylədi. Sən demə, növbəti dəfə gedəndə bunu sərhəddə incidiblər, basabas, növbə olub, nəticədə insan intihar edib.
Dövlət Sərhəd Xidməti isə Səhiyyə Nazirliyini yalanlayan açıqlama yaydı: “Bu adamın dəfələrlə sərhədi keçməsi haqda xəbər düz deyil. Biz araşdırdıq, mərhum soğan əkibmiş, ancaq soğan bitməyib”.
Kənd Təsərrüfatı Nazirliyindən cavab gecikmədi: “Bu adam soğanı dükandan alırmış. Yalandır!” Ticarət naziri mərhumun dükana heç bir borcu olmadığını, həmçinin soğanı həmişə nağd aldığını bildirdi.
Təhsil naziri onun yaxşı oxuduğunu, mədəniyyət naziri həmişə konsertlərə qulaq asdığını, rabitə naziri telefonunda daima vızovluq kontur saxladığını bildirdi. Beləliklə, biz mərhumun özünü öldürmək səbəblərini araşdırarkən çox dolaşıq bir yola düşdük. Heç cür anlamaq olmurdu ki, bu cür xoşbəxt diyarda, şadlıq qaynayan ölkədə adam özünü körpüdən niyə asıbdır. Yeri gəlmişkən, bu üsulun özü də qeyri-ənənəvi, mentalitetimizə ziddir, çünki damarlarında əsl azərbaycanlı qanı axan adam özünü körpüdən atar. Kim bilir, bəlkə də mərhum bir hərf səhvi etmişdir...
Nəhayət, dünən mərhumun ölüm səbəblərini araşdıran dövlət komissiyasının sədri, baş nazirin 1-ci müavini Abid Şərifovun təşkilatçılığı ilə şeyximiz Allahşükür müəllim idarəyə dəvət edildi, tas quruldu, zər atıldı, rəml oxundu, mərhumun ruhu istintaqa çağırıldı. Rəhmətliyin ruhu uça-uça gəldi, Abid müəllim başda olmaqla, hamımıza, bütün dövlət idarələrinə üç hərflik bir söz deyib çıxıb getdi.
Heyf ki, o sözü burda yazmaq mümkün deyildir. Həm də vacib deyil - özümüz də bilirik söhbət nədən gedir.
16.07.2015, 06:31
196 baxış
Zamin Hacı
Bir intiharın səbəbləri haqda