Medianews.az
Oyunların pozduğu dövlətçilik
230 baxış

Oyunların pozduğu dövlətçilik

zamin yeni raz Son günlərdə hakimiyyət nümayəndələrinə “ilişdikləri” üçün azı 2 yol polisi işdən qovulmuşdur. Bunlardan biri Şamaxıda, başqası Bakıda olmuşdur. Şamaxıda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun, Bakıda isə Müdafiə Nazirliyi Baş Qərargah rəisi Nəcməddin Sadıkovun (yeri gəlmişkən, bəzən mətbuat onun soyadını səhvən Sadıqov kimi yazır, bu isə bizə yaraşmaz, gərək Dağıstanın milli qəhrəmanının soyadı düz yazılsın) vergidə yüksək vəzifə tutan oğlunun maşınlarını saxlamaq cəhdləri yol polislərinə baha başa gəlmişdir. Əlbəttə, Kərəm müəllimin maşınını saxlamaq istəyən yol polisinin öz oturduğu maşın Kərəm müəllimin əmlakı sayıla bilərdi, necə olmasa adı üstündə - dövlət əmlakıdır. Kərəm müəllim istəsə o polisin maşınını bazara çıxarıb satardı, polis yola “samokatla” çıxardı. Şükür eləsinlər satmayıb. Bu baxımdan, hər bir polis öz yerini bilməyə borcludur. Eyni hal o biri hadisəyə də aiddir, çünki həmin polis də vergidə işləyən o gəncin yığdığı pullarla yaşayır. Amma bunlar, necə deyərlər, aysberqin üzdə görünən hissəsidir. Heç kim hadisələrin vaxtına, tezliyinə diqqət eləmir. Halbuki, çox önəmlidir. Bu polislər qabaqlar niyə belə tez-tez hökumət adamlarına dəyib vəzifə uçurumuna yuvarlanmırdılar? Məncə səbəb sadədir: onların dövlətçilik tərbiyəsinin pozulmasında Avropa Oyunları böyük rol oynamışdır! Çünki bu oyunlar dövründə kimliyindən asılı olmayaraq hər kəsin yol hərəkəti qaydalarına əməl eləməsi tələbi qoyulmuşdu. Nazir balaları oyunların sarı zolağına girmirdilər! Təsəvvür edirsinizmi bu nə deməkdir? İndi işdən atılan yol polisləri də bir növ həmin oyunların inersiyası, ətaləti ilə hərəkət ediblər, sanıblar qanun qarşısında yenə hər kəs bərabərdir. Belə şey olarmı? Bayram bir-iki gün olar, hər gün olsa dəlixana yaranar. Üstəlik, AzTV və başqa telekanalizasiyalar hər gün oyunların açılış, bağlanış, yağlanış, saxlanış, qaxlamış və sairə adı burda yazılması mümkün olmayan mərasimlərini təzədən translyasiya edirlər, heç bilmək olmur oyunlar bitib, ya yox. Adam çaşır, gəl gör yol polisi olsun... Nəticə də acınacaqlıdır. Hər həftə 2 polis itirsək, dövlətçilik dağılar. Məncə polis nazirliyi bütün əməkdaşları yığıb “Oyunlar bitib, özünüzə gəlin” açıqlamasını verməlidir. Hərçənd, qabaqdan təzə oyunlar - Formula-1 yarışları gəlir, bu isə yol polisinin canlı qüvvə itkilərini daha artıracaqdır. Yarışın yolda keçirilməsi baxımından. Çünki yarışdan sonra özünü “Şumaxer”, “Ayrton Senna”, canım sənə desin, “Şimşək Makquin” hesab edən çoxlu nazir balaları ortaya çıxacaqdır. Bunların qabağında durmaq var. Proqnoz edə bilərik ki, gələn ilin yayında - Bakıda Formula-1 yarışından sonra xeyli yol polisi işdən atılacaq. Məndən polislərə məsləhət, həmin vaxt xəstəlik kağızı götürmək lazımdır. Dəqiq vaxtını öyrənib deyərəm. Söz düşmüşkən, yapistlərin Formula-1 üçün seçdiyi yer də maraqlıdır: Bakının Azadlıq meydanı. Bu, onların millətin azadlıq formulasına münasibətini açıq göstərir. Azadlıq meydanı Azərbaycanın milli azadlıq, müstəqillik hərəkatının simvollarından biridir, yapistlər isə orda Formula-1 üçün 2 qatlı bina, yarış pitstopları (avtomobillərə texniki xidmət, təkər dəyişmə yeri) tikəcəklər. Yarışdan sonra “moyka” açsalar lap yerinə düşər. Ta azadlıq tarixinə tüpürüb köləlik tarixinin üfürülməsi prosesi başlayıbsa elə Bakıdakı Şəhidlər Xiyabanında da tramplindən tullanma yarışları keçirilsin. Relyef imkan verir. Fəxri Xiyabanda peyntboll yarışları olsun. Kimin nə vecinədir? Ara yerdə nə olursa yazıq polislərə olur. Heç olmazsa Nəcməddin müəllim Silahlı Qüvvələrə yardım Fondundan həmin polisin uşaqlarına çörək pulu ayırsın. Kişinin ağacını əlindən almısınız, balaları yazıqdır...

Bizə qoşulun