Jurnalist Eynulla Fətullayevin “Amerikanın səsi” radiosuna verdiyi müsahibədə bir sıra maraqlı, eyni zamanda mübahisəli fikirlər gördüm.
Xalqın siyasi passivliyini qeyd edən, “mən xalqın etirazını görmürəm” deyən jurnalist sözünün ardını belə gətirir: “Deyirsiniz ki, qorxudurlar, həbslərdir, bəlkə xalqı sındırıblar, gözünün odunu alıblar. Bəs Ermənistan, bəs Ukrayna, bəs Qırğızıstan, digər ölkələr?! Məsələn, həmin Qırğızıstanda vəziyyət heç də Azərbaycandan yaxşı deyil. Amma orada xalq çıxır, etiraz edir. Ermənistanda vəziyyət daha ağırdır. Orada da siyasi məhbuslar, orada da Sərkisyanın istibdadı, amma xalq, görürsünüz, meydana çıxır. Xalqın səsini, xalqın iradəsini heç bir hakimiyyət boğa bilməyib tarixdə, bu gün də boğa bilmir və boğa bilməyəcək. Sadəcə əminəm ki, Azərbaycan xalqı bugünkü hökuməti, İlham Əliyevi, onun yürütdüyü siyasəti dəstəkləyir”.
Bu cümlələrin bir hissəsi ilə razılaşmaq mümkündür, amma Azərbaycan xalqının bugünkü hökuməti, onun yürütdüyü siyasəti dəstəkləməsi barədə fikrə gəlincə, rəylər haçalanır.
Burası doğrudur, xalqımız siyasi baxımdan çox passivdir, öz taleyinə sahib çıxmağı bacarmır, 21-ci yüz ildə belə fundamental seçib-seçilmək hüququ olduğunu, bunu əldə etməyin yollarını bilmir.
Əlbəttə, xalq bir beyni olan vahid orqanizm deyil, söhbət milyonlarla passiv, hüquqsuz fərddən gedir. İllərdir bu ölkədə ictimai-siyasi tərəqqi, rifah, haqq-ədalət uğrunda mübarizənin yükü ümumi sayı 50-100 min arasında olan fəal insanların çiyninə düşür.
Hərçənd “hər şeyin yaxşı olması”nı, “vəziyyətin düzəlməsi”ni, “düzgünlük, ədalət” olmasını istəyənlər qat-qat çoxdur, milyonlarladır. Ancaq onlar bunu sadəcə, istəyirlər, bir kənarda durub arzulayırlar, bu nailiyyətlərin əldə olunması üçün hansısa tədbirdə iştirakçı olmağa, yüz metr yeriməyə, bir dəfə bərkdən qışqırmağa hazır deyillər.
Bu gündən durub şanlı keçmişə, milli-azadlıq hərəkatının vüsət aldığı, Meydan hərəkatının kükrədiyi illərə xiffətli ovqata köklənərək baxmaq, “vaxt vardı, bu meydana milyonlar yığılırdı” demək dəbdir.
Ancaq həqiqət bir az başqadır. O sayda insan meydana yalnız epizodik olaraq, bir neçə gün ərzində yığılıb, o da təşkilatçıların entuziazmından, fərasətindən, kütlələrə təsir etmək gücündən, bir də o qədər insanın özlərinin və ölkənin taleyinə görə panik şəkildə təlaşlanmasından irəli gəlirdi. Bizdə milyonların sırf demokratiyanın, haqq-ədalətin bərqərarı üçün meydanlara toplaşması faktı heç vaxt olmayıb. Olsaydı, sonrakı illərdə də olardı, çünki həmin demokratiya və haqq-ədalət sonralar da olmadı, hələ də yoxdur.
Bəzən deyirlər, xalq ona görə passivdir ki, ortada ardınca gedə biləcəyi liderlər, güclü təşkilatlar yoxdur, olanlar da bir-birilə intriqadadırlar və s. Havayı söhbətdir. Öz taleyinə sahib çıxmaq istəyən xalq nə liderlərin, nə də güclü təşkilatların olmamasına, intriqalara baxmaz, ayağa qalxar,yenidən təşkilatlanar, yıpranmış liderləri, zəif təşkilatları kənara atar, dəyişikliyə nail olar.
Yoxsa bizdə 20 ildən artıqdır ki, eyni adamlar gözlərini eyni lider və təşkilatlara dikib durublar və passiv şəkildə onların gah iqtidarla, gah da bir-birilə didişməsini izləyirlər. 5 il öncə “ərəb baharı”nın Azərbaycana təsirindən danışan bir siyasi liderin sözü ilə desək, bizim ölkəmizdə də xalq inqilabi dəyişiklik arzulayır, ancaq bunun baş tutduğunu televizordan izləmək istəyir.
Acı həqiqət budur. Eynulla Fətullayevin müsahibəsində keçən “xalq-iqtidar birliyi” ifadəsi isə… Belə şey də yoxdur əslində.
Xalq hakimiyyəti dəstəkləmək xüsusunda da passivdir. Hətta əksinə, insanlar çox şeydən narazıdır, xeyir-şər məclislərində söz danışmağa cürət edən və ömründə heç bir siyasi qüvvəyə qoşulmamış bitərəf şəxslər eyzən ölkədəki neqativ hallardan danışır, təhsil, səhiyyə sektorlarındakı, vergi, gömrük, polis, prokurorluq, məhkəmə strukturlarındakı əyinti-pozuntulardan bəhs edirlər. Hamısının son sözü də belə olur ki, bütün bunlara başda oturanlar baiskardır.
Bununla belə, tam əksəriyyət bu neqativliklərlə mübarizə aparmaq həvəsində, gücündə deyil. Hərə başını bir yolla, bir kələklə dolandırır və heç kəs isti aşına soyuq su calamaq istəmir.
