“Dayanmadan ildırım çaxırdı. İldırım çaxanda hər şey aydınca görünür, bir saniyə sonra hər yanı qaranlıq bürüyürdü. Düşünürdüm ki, bax, elə bu dəqiqə, təbii ehtiyacımı ödədiyim bir vaxtda məni ildırım vursa bu, necə də axmaq və mənasız bir ölüm olar”
(Seymur Baycan, “Adsız itin qayıdışı”)
****
Təzəlikcə avtobusda gedərkən sürücü radionu açmışdı, gördüm bir manıs şaqraq səslə oxuyur: “Azərbaycan qalibiyyət diyarı...”. Düzü, tək bu cümlə məni necə şoka saldısa az qaldı sallaşdığım açıq qapıdan yerə düşüm, hətta yıxıldım da, ancaq sonra sizi fikirləşdim, dedim ölsəm nə oxuyacaqsınız, təzədən qayıdıb qapıdan tutdum.
Yəni, siz insanda ekstazın, vəhdəti-vücudun, nə bilim, nirvananın səviyyəsinə baxın! Nə yemək-içmək, damara hansı kimyəvi maddəni vurmaq lazımdır ki, bu cür kayfda olasan? Yaxud, insan nə qədər əxlaqsız olmalıdır ki, belə bir şey uydursun, bu cür mahnı sözləri yazsın, buna musiqi qayırsın, sonra oxumağa versin?
Ancaq sonra təpəmə bir qapaz vurub özümə gəldim, fikirləşdim bəlkə doğrudan da Azərbaycan artıq qalibiyyət diyarıdır, mənim xəbərim yoxdur. Televizora baxmırıq, icra hakimiyyətində iclasa getmirik - hardan bilək? Ölkənin ictimai-siyasi, geopolitik-şəngülüm həyatından o qədər ayrı düşmüşəm bu saat mənimlə Hamburqda yaşayan alman Hansın heç fərqi yoxdur. Günahımı başa düşürəm, heç olmazsa buna görə yəqin əfvə düşərəm. Təsəvvür edin, bu yaxında bir şair bir müğənniyə efirdə söymüşdü, mən bunların adını ilk dəfə eşidirdim! Bu qədər biganə vətəndaş olarmı? Ölsəm bundan yaxşı idi. Bəlkə inanmazsınız, ancaq mən hələ indiyə qədər Xoşqədəm xanımın verilişinə də baxmamışam! Dəhşətdir. Kül mənim başıma.
Uzun sözün qısası, ola bilər Qarabağı qalibiyyətlə almışıq. Son vaxtlar bölgədən xəbər gəlirdi ki, bizimkilər ermənilərin pilotsuz uçan aparatlarını vurublar. Şəkli də var idi. Düzdür, buna kvadrokopter, dron da deyirlər və bir az balacasını hazırda “Sədərək”dən 60 manata almaq mümkündür, lakin qələbənin miqyasını kiçiltmək bizə yaraşmaz. Eyni vaxtda helikopterlərimiz də cəbhə xəttində uçuşlar keçirmişdi. Misal üçün, Biləcəridə daxili qoşunların helikopterləri hər gün belə uçuşlar keçirir, camaat nəticədə asayişə əməl edir. Qarabağ erməniləri də bizim vətəndaşlardır, bir az yollarını azmışdılar, eybi yoxdur, düzələrlər.
Qalibiyyət diyarı olmağımızın başqa bir əlaməti ordunun baş qərargah rəisinin vergidə işləyən oğlunun yol polisini döyüb işdən çıxarmasıdır. Böyük ehtimalla gənc öz general atasını qələbə münasibətiylə təbrik eləmək üçün tələsirmiş, ancaq yol polisi onun avtomobilini saxlayıbdır. Rəhmətliyin oğlu, bunu nə üçün saxlayırsan? Bəyəm bu, erməni tankıdır? Qoy sürüb getsin, kef eləsin. Sənə deməyiblər ki, qiyməti 50 min manatdan çox, nömrəsi də “zerkalni” olan maşınlar Qarabağa yardım fonduna daxildir? Elə bu cür yol polislərinin ucbatından generallarımızın uşaqları yolda qalırdılar, qalibiyyət diyarı məqsədinə çatmırdı. Şükür, indi problem həll olunubdur. Əsas odur yol polisi də cəzasını alıb. Dərs olsun, bir də heç kim general uşaqlarını saxlamasın. Adamın dədəsi villada cakkuzidə oturub operativ əməliyyat planı ilə isti-soyuq suyu tənzimləmək, duşdan sonra isə “İsa bulağı” restoranında şampan, yoxsa “Laçın” restoranında viski içmək haqda düşündüyü bir vaxtda uşaq zəng vurub deyir: “Papa, burda bir serjant mazqimi xarab eləyir”. Mənim əlimin altında o qədər artilleriya mərmisi olsaydı həmin yol polisinin yaşadığı məhəlləni xəritədən silərdim. Hələ bu yaxşı qurtarıbdır, getsin qurban kəssin.
Başqa bir idarədə isə başqa bir generalın keçmiş arvadını xaricə qaçırdanların məhkəmə işinə baxılır. Dünən mən ordan bir reportaj oxudum, çox xoşuma gələn bir yeri sizinlə bölüşmək istərdim. Deməli, icra hakimiyyətində işləyən bir nəfər saxta sənəd verib, həmin sənədlə generalın arvadı sərhədi keçib. İndi məhkəmədə hakim həmin adama deyir: “Get, bir də belə şey eləmə”. Etimad mühitinə baxın! Adam kövrəlir.
Hamısı qələbəmizin yaratdığı sentimentallığın əlamətidir.
