Medianews.az
Dəniz həsrəti
177 baxış

Dəniz həsrəti

zamin yeni raz
(Abşeron çimərliyində girov götürülən Məmmədqulunun evə məktubu)
“Clavus clavo pellitur” 
(Latın ata sözü, tərcüməsi “Pazı pazla çıxararlar”)
“Salam, arvad... Üzr istəyirəm, hörmətli məktub. Əgər biz tərəfin halını bilmək istəyirsənsə vəziyyətimiz çox pisdir, sizin də pis günə düşməyinizi o bir Allahdan arzu edirəm. Yaz görüm sizdə havalar necədir, biz burda günün altında bişirik.
Hamısını eləyən sənin əmin oğlun Səftər oldu. Əsgərlikdən gələndən dirəşmişdi ki, Mamed dayı, nə olar, dranqleti xodda, gedək bir dənizə dəyək. Mən bilirdim dəniz çoxdan hasara alınıb, gizli yolla suya girmək istəyənləri də “İstiqlal” snayperiynən qaşqasından vurub uydururlar. Düzdür, bir neçə dəfə mən gecələr dənizə getməyi bacarmışdım, bunun “yutub”da videoları da var, uşaqlara denən darıxanda açsınlar, bax. Qaranlıqdır, ancaq suyu şappıldatmağımın səsi aydın düşüb. Hətta bir dəfə gedəndə 20 il qabaq nişanlı vaxtımızda plyajda səninlə yediyimiz qarğıdalının cecəyini tapmışdım, elə kövrəlmişdim az qala hıçqırtımı duyub məni tutmuşdular, Allah saxladı. Biz gəlməyəndən buranın qumu da palçıq olub. Günəşi qaraltmır, göyərdir. Balıqları itə dönüb, yosunları ipə. Dənizin suyu bizdən küsüb, içindən nəcis iyi gəlir.
Ancaq Səftərlə gedəndə bir az sayıqlığı itirdim, qumluqda nazirə ilişdik. Mən cığırı tanıyıram, lakin Səftər xam olduğu üçün burnuna qədər quma girmiş naziri görmədi. Qaçmağa başladıq, bu vaxt da şezlonq kolluğunun arasından bir neçə icra başçısı, prokuror və polis rəisi çıxdı. Səftərə dedim, adə, mən bunların başını qatacam, sən aradan çıx, nəslimizdə bir başıpapaqlı qalsın. Lakin Səftər qəhrəmancasına bir ovuc qum götürüb nazirin gözünə atdı, onu elə ordaca vurdular. Kənddə hamıya onun bu qəhrəmanlığı haqda danışarsan, bəlkə domino oynadığımız çayxanaya Səftərin adını verdilər.
Məni də gətiriblər, neçə gündür boğazıma qədər quma basdırıblar. Hər gün qurama, dırnaqarası istintaq gedir, nazirlər məndən soruşurlar ki, nə üçün onların dənizinə, qumluğuna girmişəm. Guya bu dəniz onların ulu babası Danabaş kişidən qalmışdır. Başıma qarpız qabığı keçirib işgəncə verirlər, tələb edirlər “Dəniz nazirlərindir, Məmmədqulu kilkədir!” şüarını qışqırım. Mən isə mətanətlə işgəncəyə dözürəm.
O qədər yalançı, alçaq tayfadır ki, deyirlər guya biz Səftərlə oğru kimi, qeyri-qanuni bunların dənizinə girəndə qumda uzanmış kənd təsərrüfatı nazirinin qarnını ayaqlamışıq, nəticədə nazir bala salıb, çünki hamilə imiş. Guya biz plyajda qril yeyəndə toyuğun dümbül sümüyünü yerə atmışıq, sümük girib mədəniyyət nazirinin ayağına, infeksiya düşüb, kişinin ayağını dirsəkdən kəsiblər. Ya da biləkdən - dəqiq yadımda deyil. Guya Səftər suda üzəndə bunun darbalaq tumanı gömrük nazirinin başına keçib, nazir çırpınıb, lakin tordan çıxa bilməyərək ölmüşdür. Hətta özlərinə villa qayırmaq üçün apardıqları qumu da bizim oğurlamağımız adıyla aformit eləyiblər.
 
Evdəkiləri mənim əvəzimdən öpərsən: Mətişin ağzından, Fətişin alnından, Sədişin gözündən, Bədişin qulağından. Məmişin harasından olsa öpgünən, denən itin balası, dədəvin burnu səndən ötrü göynəyir. Bəlkə o yerlərə bir də gəlmədim, plyaj, salamat qal, şezlonq, qan ağla!

Bizə qoşulun