Medianews.az
Erməni əriyi
276 baxış

Erməni əriyi

zamin yeni raz
“Həmin yay qoca zahid Silvestro şəhərdə camaatın tanrını o qədər də vecinə almadığını öyrənib yaxınlıqda məskən salmağa qərar verdi” 
 
(Dino Bussati, “Zahidin köpəyi”)
Bakının “Dostluq” parkında tikilən çoxlu villa cənab prezident tərəfindən aşkara çıxarılandan sonra ekskavatorla, zurna-balabanın müşayiəti ilə söküldü. Adam təsəvvürünə gətirə bilmir ki, əgər villaları cənab prezident aşkara çıxarmasa bunun axırı necə olacaqdı. Bəs bu məmurlar hara baxırlar? Atalar demişkən, “Prezident yaxşıdır, ətrafı pisdir”. Belə olmaz. Yarıtmaz məmurları da o villalar kimi sökməyin vaxtıdır.
Söküntü ilə bağlı iclasda cənab prezident onu da qeyd etmişdi ki, bu villaların yiyəsi aşkara çıxarılmayıbdır. Hər kəs boynundan atıbdır. Hətta məndə dəqiq məlumat var, Zakir müəllim Ermənistana top atıb, üstündə də sorğu göndərib, ermənilər isə tüstü ilə cavab veriblər, deyiblər, vallah, bizim villalar deyil, bizim hələlik Bakı yaxınlığındakı “Dostluq” parkında villa tikməyə vaxtımız yoxdur. Qədim zamanlarda hindu qəbilələri bir-biri ilə beləcə, tüstü ilə əlaqə saxlayırmış. Ermənilər onu da xəbər verib ki, heç Ağdam və Füzulinin daşlarını söküb qurtara bilmirik, 20 ildir bu işlə məşğuluq, hələ nə qədər darvaza qalır, bizim başımız qarışıqdır. Əziz və hörmətli oxuculara bu tarixi məlumatı da verim, o zaman Zakir müəllimin niyə sualı ora göndərdiyini anlayarlar: həmin parkı sovet dövründə məhz ermənilərlə və qalan 13 müttəfiq SSRİ xalqları ilə dostluq münasibətilə “Dostluq” adlandırmışdılar.
Uzun sözün qısası, villaların yiyəsi çıxmadı, ardıyca prokurorluq işə girişdi, dünənə olan informasiyaya görə 4 nəfər tutulubdur. Bunlardan biri parkın ərazisində tikintiyə icazə verən bələdiyyə işçisidir. İkincisi ərazinin JEK idarəsində tualet təmirinə baxan santexnikdir. Üçüncüsü Samux rayonunun memarıdır, dördüncüsü isə villalar sökülən vaxt ərazidə dəmir yığan Balaxanı kənd sakini Ağəli bəydir. İstintaqla bunların hər birisinin ağır cinayətkarlığı dəqiq, dəhşətli, aydın formada sübuta yetibdir. Örnək üçün soruşa bilərsiniz Samux rayon memarının Səbayel rayonuna nə dəxli var? Soruşun. Biz də cavab verərik. İstintaqda ciddi şübhələr vardır ki, əgər əlində imkan olsa Samux rayon memarı da Samux ərazisində belə yiyəsiz, qanunsuz villalar tikilməsinə icazə verə bilərmiş! O cümlədən, Balaxanıdan çürük “Moskviç”lə gəlib ərazidə dəmir qırıntıları aparan Ağəli bəyin təğyiri-libas (yəni paltarını dəyişmiş) olmuş oliqarxa bənzədiyinə ehtimallar mütləqdir. İlk növbədə, bunun adına baxın: Ağa! Yəni, bu adam işarə vurur ki, ərazinin ağası mənəm. Hətta o qədər öyrədilmiş, xarici casus qüvvədir ki, konspirasiya məqsədi ilə bir hərfi gizlədibdir. Ancaq təbii, bunlar prokurorlarımızın gözündən yayına bilməzdi.
Bunlar burda dursun, sizə nəql eləyim cəsur gömrük orqanlarımızdan. Onlar keçən həftə Gürcüstan sərhədində iki maşın erməni qulağı... üzr istəyirəm, əriyi aşkar edərək tərəfimizdən götürülmüşdür. Fantastik, dünya gömrük tarixinə düşəsi hadisə idi. Bəs bunlar əriyin erməni əriyi olmasını necə tapıblar? Bəlkə əriyin pasportu olur, ya dənəsi əyri imiş? Bəlkə əriyi gətirən adam lazımi “görüm-baxım” eləmədiyi üçün ərik erməni çıxarılıb? Qətiyyən. Sizi çox intizarda qoymayım: gömrükçülərimiz ərik yeşiklərinin içindən... erməni dilində qəzetlər tapıblar! Bununla da əriyin erməni əriyi olması isbata yetibdir. İndi sərhəd rayonlarında yaşayanlar gərək ayıq-sayıq olsunlar. Külək bir dənə erməni qəzetini gətirib sənin həyətinə atsa MTN-in haqqı çatır ki, səni tutub qoduqluğa salsın. Düzgün adamsansa, həyətində erməni əlifbasının nə işi vardır?
Bunlar hamısı vətənpərvərlik amilləridir. Yer qalmadı, antierməni  milli fəaliyyətimizin başqa üsulları haqda sabah yazaram. Mütləq oxuyun, sonra yiyəsiz evinizi sökməsinlər.

Bizə qoşulun