“Mənim iradəmin gücü ilə böyüyən, indi qürubun qızılı işığında düzənlikdən heçliyə doğru atılan bu sonsuz canlı axınına, bu insanların və atların üzünə baxaraq mən tez-tez düşünürəm: görəsən bu axının içində mənim yerim hardadır?”
(Çingizxan)
Üz-gözümüz təzəcə öyrəşirdi ki, götürüb Avropa Oyunlarını bağladılar. Mən buna görə hökuməti şiddətlə qınayıram. Bəyəm bu yarışları daha uzatmaq olmazdımı? Örnək üçün, çimərlik voleybolu üzrə turniri ən azı avqustun 31-nə qədər davam etdirməliydik. İnsanların gözü-könlü açılmışdı. Rusiya idmançılarına qayırmağa artıq medal çatmırdı. Azərbaycan Avropanın idman ölkələrini - Almaniya, Fransa, Britaniyanı ötüb ikinci yerə çıxmışdı. Kim bilir, bəlkə yarışlar oktyabra qədər çəksə biz birinci yerə də çıxardıq. Allah baisin evini yıxsın!
Yeri gəlmişkən, yarışlara beynəlxalq diqqət də təzəcə oyanmışdı. Qəsdən turnirdən heç bir xəbər verməyən beynəlxalq mətbuat artıq buralara tərəf baxırdı. ABŞ səfiri Robert Sekuta müəllim Koroğlu metrosunun yanındakı Atletlər kəndinə gedib tarixi sözlər demişdi: “İdman yarışlarında uduzanın qalibin əlini sıxması çox vacib ənənədir. Bunu başqa sahələrə də tətbiq eləməliyik”. Sözündən belə çıxırdı ki, Əli müəllim demişkən, Ferqüsson şəhərində döyülən zənci balası da amerikalı polisin əlini sıxmalıdır. Sən Ferqüsson-dan danış ey! Araya söz qatma. Bəlkə Naqasakidəki yapon da gəlib sizin əlinizi sıxsın? Bəlkə Səyavuş müəllim “Fridom Haus”u qucaqlayıb öpməlidir? Dolayıblar sən öl...
Avropa Oyunlarının bağlanışı ilə eyni vaxtda başqa qara xəbər də gəldi: idmançı və yaltaq gənclər naziri Azad müəllimin idarəsi açıqlama verdi ki, Olimpiya stadionumuzun 2017-ci il futbol üzrə Çempionlar Liqasının finalına namizədliyini verməyəcəklər. Guya bizi qarşıda islamiada, Asiya oyunları, Antarktida pinqvin turniri, Afrika baraban rəqsləri, sumo üzrə Kürdəmir Beynəlxalq Yarışması, şahmat üzrə Nyu Vasyuki-Sumqayıt çempionatı kimi ağır yarışlar gözləyir, başqa yarışa vaxtımız, pulumuz qalmır.
Məncə bunlar mənasız bəhanələrdir. Bəyəm siz respublikamızı tanıtmaq, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq istəmirsiniz? Hesab edirəm ki, həm Avropa Oyunlarını bağlayanlar, həm də Çempionlar Liqasına namizədliyimizi irəli sürməyənlər erməni dəyirmanına su axıdan ekstremist qüvvələrdir. Onsuz da respublikamızın dünya üçün ayrı bir faydası yoxdur, heç olmazsa ərazimizdən stadion kimi yararlanaraq planetin zəhmətkeşlərinə xeyir verərdik. Sözgəlişi, biz Qarabağ probleminə də elə bu kontekstdə yanaşırıq: əgər ermənilər ordan çıxsalar biz ərazidə nə qədər stadion, nə qədər yarış düzəldərdik! İndi isə alçaqlar nə özləri idman eləyir, nə də bizə imkan verirlər.
Ümumiyyətlə, insanın üz-gözü bir şeyə öyrəşəndə ondan ayrılmaq çətin olur. Örnək üçün, bəlkə 8 ildir Ədliyyə Nazirliyi Azərbaycanda uşaqlara qoyulan adların hesabatını açıqlayır, hər il Yusif və Zəhra adları birinci yerdə gedir. Bir serial millətə necə təsir göstəribsə hələ onun havasından çıxa bilmirik. Adambaşına düşən Yusif sayına görə hazırda dünyanın bütün İosif, Cozef, Yozeflərini ötüb keçmişik. Bəyəm Azərbaycan xalqı istəsə uşağına başqa ad qoya bilməz? Qətiyyən. Bizim bu sahədə novatorluğumuz dünyaya bəllidir. Örnək üçün, uşağa Kombayndan tutmuş Engelsə, Sovetdən tutmuş Dazdraperma-ya (“Da zdravstuyet pervoqo maya!” sözlərindən düzəldilmiş incə qız adı idi) qədər hər cür adlar qoymuşuq, yeniliklərə açıq olmuşuq. Sadəcə, Yusif adını dəyişdirmək istəmirik. Kişinin sözü bir olar, kişi millətin adı da bir olar. Həmçinin, kişi millət rəhbərini, nazir-mazirini də dəyişdirməz, 30-40 il eyni adamlar kürsüdə oturub pul yığmalıdır.
Bax, bu cür stabillik fonunda Avropa Oyunlarımız nə üçün daimi, əbədi və dönməz olmadı - mən bunu anlamıram. Anlamaq istəmirəm. Ürəyim ağrıyır. Atalar yaxşı deyib ki, eşşəyə minmək bir fəxrdir, eşşəkdən düşmək iki.
