Medianews.az
Atıcılıq problemləri
204 baxış

Atıcılıq problemləri

zamin yeni raz
“Mən ki səni sevirəm
Bakıdan, Daşkəsəndən
Gələn bir səda kimi,
Səs kimi,
Qüdrət kimi
O isə səni sevir,
Gizli deyil ki səndən,
Bir otaq küncündəki qəmli sükunət kimi".
(Əli Kərim, “İki sevgi”)
Avropa Oyunlarında bütün medalları süpürüb yığışdırıb aparırıq, bununla da respublikamızda idmana dövlət qayğısı super bir formada isbata yetməkdədir. Məncə, yaxın aylarda hardasa Biləcəri stadionunda “Futbol üzrə Avrasiya çempionatı” qayırmalı, turnirə də Sumqayıt, Dağıstan, Efiopiya komandalarını çağırıb axırda “Neftçi”ni dünya çempionu elan edə bilərik. Necə deyərlər, hər kəs yüz il yaşamasa, günah onun özündədir! Onsuz da dünyanı mağarada oturan masonlar idarə edir. Onsuz da dünya ikili standartlarla doludur. Kim kimədir? Biz, mənə elə gəlir, hətta öz milli BMT idarəmizi də qayıra bilərik. Çox da yekə yox, elə-belə, cumbulu BMT. Sədr də Çingiz Qənizadəni qoymaq olar. Elçibəyin Bakı şəhərinə baş prokuror qoyduğu görkəmli şəxsiyyəti nəzərdə tuturam.
 
Ancaq bütün bu idman uğurlarının fonunda bir detal mənim çox pisimə gəldi: atıcılıq yarışlarında, o cümlədən kamandan oxatma üzrə Azərbaycan bir taxta medal da qazana bilmədi. Tüfəng, tapança, nə bilim, səngərdə stend atıcılığı növləri üzrə tutalım bir şey əlimizdən gəlmədi, heç olmazsa bir ox atan da yoxdur. Bəs biz sabah Qarabağı təzədən nə cür alacağıq? Ayıb oldu. Mən atıcılıq yarışlarına bir alababat idmançı yetişdirə bilməyən gənclər, idman, turnik nazirini, təhsil nazirini, müdafiə nazirini və sairə məsul şəxsləri şiddətlə qınayıram! 
“Sədərək” talkuçkasına (məncə, saxta, əraziyə heç yaraşmayan “yarmarka” sözünü çoxdan bu cür gözəl “talkuçka” sözü ilə əvəz etməliyik - Z.H.) gedən yolun üstündə bir hədəfi vura bilməyən millət dağlıq-meşəlik cəbhə xəttində düşməni necə vuracaqdır? Fikrimcə, bu haqda düşünməyə dəyər. Ən dəhşətlisi odur ki, bir-birinə atmaq üzrə çoxlu mahir insanların yaşadığı dövlətdə atıcılıq yarışına çıxarmağa adam yoxdur. Ürək ağrısı ilə yazdım bu sətirləri...
Başqa milli bir problem də var. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il orta məktəbi bitirənlərin ana dili və riyaziyyat fənlərindən imtahan qiymətlərini açıqlamışdır, nəticələr çox acınacaqlıdır. Məlum olub şagirdlərin yarıya qədəri ana dilini bilmir, misal üçün, “mən acmışam” sözlərini “bombarbiya kerqudu” şəklində yazır. İki dəfə ikinin üçə bərabər olmasını düşünür. Həmin imtahanlarda ən çox “2" alan rayonların çempionu Sabirabaddır. Hardasa 50 faizə yaxın iki alan var. Bu da Mirzə Ələkbərin adına hörmətimizin ifadəsidir. Gorun çatlasın, ey ”oxutmuram, əl çəkin" yazan kişi, necə ki, gedib-gələnlər deyir bir ara gerçəkdən çatlayıbmış!
Bir tragikomik detalı da yazım: mayın axırında təzə təhsil naziri Mikayıl müəllim “Son zəng” tədbirini məhz Sabirabad məktəbliləri ilə keçirmişdi. Görünür, təhsilə son zəngi çalmağın yerini öncədən bilirmiş.
Ən çox “iki” alan rayonlardan ikincisi Daşkəsəndir, orda da icra hakimi Əhəd Abıyevdir. Əhəd müəllim də görünür ki, təhsil sahəsinə böyük diqqət ayırıbdır. Prinsipcə, hər kənd məktəbində iki cüt bir tək şagird oxuyan, sinif otaqlarında qoyun-quzu yatan Daşkəsən təhsili üçün hələ uğurdur. Sabirabaddan pis oxumurlar ki? 
Nəhayət, pis oxuyanlarımızın üçüncüsü, aktual dildə desək, bürünc mükafatçısı Ağcabədi rayonudur. Bu da Daşkəsən kimi cəbhə xəttindədir. Ağcabədidə bir ara cənab prezident doğum günlərini qeyd edirdi, ola bilər məktəblilərin başı tort yeməyə qarışıb, dərsi yaxşı oxumayıblar. Hər halda, o biri rayonlara nisbətdə üzürlü səbəbdir. Arzu edək Ağcabədi daha zirvələrə yüksəlsin, gələn il birinci yeri tutsun, himnimizi oxusun, bayrağımızı qaldırsın!
Yazını elə bu xoş ovqatla bitirirəm.

Bizə qoşulun