Medianews.az
Pinqvin yemədi getdi
267 baxış

Pinqvin yemədi getdi

zamin yeni raz
“Əvəzində şair Minimus yeni himn yaratdı. Himn belə başlayırdı:  Heyvanıstan, Heyvanıstan, Heyvanıstan, Heç vaxt sənə bata bilməz xain insan!!”
(Corc Oruell, “Heyvanıstan”)
Daşqın Tiflis zooparkını dağıdanda ordan qaçan bir pinqvin Kür çayı ilə üzüb Azərbaycana gəlmişdi. Sonra pinqvinə aclıq güc gəlmişdi, azadlığını qarnına qurban verib bir yanacaqdoldurma məntəqəsinə yaxınlaşmışdı. Bizim benzindolduranlar isə ona yemək-içmək vermək, el adətimizlə qonaq eləyib hörmətlə yola salmaq  əvəzinə tutub təzədən Tiflis zooparkına qaytardılar. Beləcə, yazıq pinqvin Qafqaz dağlarında ona azadlıq olmayacağını anlamışdır. Yaxşı bir animasiya studiyamız olsaydı həmin pinqvinin macəraları haqda “Madaqaskar” filminə bənzər gözəl bir cizgi filmi yaratmaq olardı. Həyat özü süjeti gətirib qoyub qabağına, deyir buyur, götür, çək. Amma hardadır... Yeri gəlmişkən, “Madaqaskar” filmindəki pinqvinlər də vətən Antarktidaya çatanda oranın əslində buzlu, soyuq, yemək tapmaq üçün əziyyət çəkiləsi yer olduğunu görüb peşmançılıq çəkmiş, geri qayıtmışdılar. Mən bizim xəyali cizgi filmimizdəki pinqvini Ermənistan-Azərbaycan münaqişəsi bölgəsinə də aparardım, bir qədər də savaşın absurdluğu ideyalarını pinqvinin baxış bucağından verərdim.
İndi isə xəyallardan geri dönək və qeyd etməyə borcluyam ki, benzindoldurma məntəqəsi işçilərimizi də çox qınamaq olmaz. Pinqvin pis vaxtda gəlmişdir. Neftin qiyməti düşüb, manat devalvasiya olub, ev-eşikdə qalan beş-on manatı da Avropa Oyunlarına axıtmışıq. Vəziyyət yaşdır, amma pinqvin üçün yaş deyil, bizim üçün yaşdır. Yaxşı vaxtlarda qonaq gəlsə pinqvinə penoplastdan “Pinqvinoplast” şadlıq sarayı da qayırıb verərdik, hələ bəlkə mahnı oxusa (düzü, bilmirəm Tiflisdən gələn pinqvin oxuya bilirdi ya yox - dəqiqləşdirmək lazımdır) Azərbaycan xalq artisti adı, prezident təqaüdü alıb məşəl daşıyardı. Yoxun üzü qara olsun. İndi heç öz qoyunlarımızı otara bilmirik, gəl gör pinqvinə yemək verək...
Özü də çox maraqlıdır ki, pinqvinin ac-susuz dala qaytarıldığı bir vaxtda Amerikada bir sürü konqresmeni divara dirəyiblər, deyirlər nə üçün siz vaxtilə Azərbaycan yapist hökumətinə lobbiçilik eləmisiniz, pul almısınız. Heyf o pullardan. Kaş saxlayıb pinqvinlərə xərcləyərdik.
Üstəlik, kim haçan bu hakimiyyətdən pul, rüşvət alıbsa mütləq onun öz ölkəsində problemləri yaranır. Ya da adam öncədən problemli olur, bizim lotular onları tapıb qarmağa keçirirlər. Baxın, Avropa Oyunlarının açılışına Avropadan gələn iki cüt bir tək dövlət nümayəndəsinin biri Rumıniya baş naziri Viktor Ponta idi. Hazırda rumınlar Pontanı korrupsiyada suçlayırlar, deyirlər cəhənnəm ol get gəldiyin Azərbaycana. Zarafat edirəm, qorxmayın, bura göndərmək fikirləri mən biləni yoxdur. Eləcə istefa verməyə səsləyirlər.
Latviyanın bir keçmiş prezidenti var, Vayra Vike Freyberq adında arvad xeylağıdır. Bu Vayra xanım həftə səkkiz mən doqquz Bakıdadır. Hansı tədbir olsa - dəxli yoxdur, istər şeyxin Çexiya biznesinə tolerantlıq seminarı, istər multikulturizmlə məşğul Bakı polisi haqda elmi konfrans -  bu Vayra xala görürsən başda oturub tum qırır. Çünki bunun da hələ 2010-cu ildə öz vətənində korrupsiya qalmaqalı olmuşdur. Ərinin adına QHT açıb mənasız bir proyekt üçün dövlətdən 30 min avro qapıbmış. Düzdür, bizim ölçülərlə qəpik-quruşdur, ancaq korrupsiya doğmalığı bircə genlə də olur.
Yenə həmin latışların başqa bir prezidenti Valdis Zatlers bizim yapistlərlə möhkəm cici-bacıdır. O da günaşırı ana yurdumuzda sülənir. Bəs buna olan məhəbbət hardan yaranmışdır? Ola bilməz ki ortada nəsə əyri-üyrü bir zad olmasın. Varmış! İnternetdə axtarış verirəm, görürəm bu Valdis müəllim prezidentlikdən qabaq həkim işləyibmiş, üstəlik, xəstələrdən pul, hədiyyə alırmış, buna görə də Latviya mətbuatında qınanılıb.
Sözümün canı odur ki, bu qədər müftəxoru yemləyə bilirdik, amma bir pinqvinə balıq dönəri ala bilmədik. Kasıbçılığın üzü yenə qara olsun.

Bizə qoşulun