Medianews.az
Sevinməyin qiyməti
217 baxış

Sevinməyin qiyməti

zamin yeni raz “Həmin dəqiqə hamı Akaki Akakiyeviçin şinelinə tamaşa eləmək üçün qapıçının otağına yüyürdü. Onu təbrik eləməyə başladılar. O, öncə yalnız gülümsünürdü, axırda isə hətta utanmağa başladı” (Nikolay Qoqol, “Şinel”) Dünən Avropa Oyunlarına sevinən hörmətli zəhmətkeşlərimizdən bəhs elədik, bugünkü mövzumuz isə sevinməyənlər haqdadır. Neyləyə bilərik, hələ də belə mağara təfəkkürlü insanlar vardır, onlar Marina Durudan-ın məşqçi Nataşa Korolyovanın rəhbərliyi altında bədii gimnastika üzrə gümüş medal almasına sevinmirlər. Halbuki, o qız Azərbaycan milli komandasını təmsil edir, bizim dövlət büdcəsindən alacağı 50 min manatı da aparıb Moldovada kəndlərində sərf edəcəkdir. Görün nə boyda humanitar aksiyadır! Xalqımızın xəbəri yoxdur, ölkəmiz dünyada ən humanitar ərazilərdən birinə dönmüşdür. Hər kəsə yardım edirik, özümüz acından ölsək də olar. O cümlədən, biz ölkədən normal şəkildə qaça bilməyib İsveçrə səfirliyində sığınacaq alan jurnalist Emin Hüseynovu vətəndaşlıqdan qovduq, əvəzində isə efiopiyalı Hayle Mengistu Mariam yoldaşı vətəndaşlığa qəbul elədik, İbrahimov soyadı verdik, o da sağ olsun, qaçışda medal qazandı. Buna niyə sevinməyək? Özümüz qaça bilmirik, qoy əvəzimizə kimsə qaçsın. Bu yolla bəlkə Qarabağı da aldıq. Bəs sevinməyənlərə qarşı doğrudan da nə tədbir görməliyik? Axı onları özbaşına, qaraqabaq formada respublika ərazisinə buraxmaq da olmaz. İlk növbədə, məsuliyyət yol polislərinin üzərinə düşür. Onlar sevinmədən yola çıxan sürücüləri tutub sevindirməlidir. Məncə dişləri görünmədən stadionların yanından keçənlərə cərimə balları yazılsa lap yaxşı olar. İkincisi, Mütəşəkkil Qaşqabaqlılıqla Mübarizə Baş Polis İdarəsi piyadaları tutub qıdıqlamalıdır. Millət elə şeydir ki, özbaşına qoysan heç cür sevinməyəcəkdir. 1992-93-94-95-96-97-98-99-cu illərdə AXC-Müsavat cütlüyü gəlmişdi, gördük da bə! Adi çöpə gülən yox idi! Atalar sözümüzdə deyilən kimi, öz çöpünə gülə bilməyən, başqasının gözündəki tirə ağlayar. Özü də mən sizə bir sirr açım: uca millətimizi sevindirmək üçün böyük xərclərə ehtiyac yoxdur. Yüngülvari qıdıqlasan qəşş eləyib özündən gedəcəkdir. Cəmi bir saat sevindir - bütün ömrünə bəs edəcəkdir. Sevinmək baxımdan dünyanın ən gözütox millətidir. Örnək üçün, Almaniyada, Fransada, Amerikada milləti sevindirmək üçün gərək ona babat maya qoyasan. Uşağını oxutdurasan, işlə təmin edəsən, tibbi xidməti olsun, abad şəhərdə yaşasın, canım sənə desin, qocalanda ayda iki-üç min dollar pensiya alıb dünya səyahətinə çıxsın və sairə. Azərbaycanda isə insanlara bircə “bakkuş” ver, ömrü boyu sənə minnətdar olacaqdır. Hətta heç o “bakkuş”u da vermə, yalnız şəklini göstər bəs edir. Azərbaycanlıları sevindirmək paketinə bir də debil Elgizin verilişinə stabil baxmaq, manıs Ağadadaşı toya çağırmaq, dana satıb bütün məhəllədə ən yekə maşını almaq imkanı, qul bazarında tozun içində uzanıb “Ayfon”da meyxanaya qulaq asmaq, iki butulka dimedrollu araqla tikə kabab yeyib gəyirmək şəraiti kimi xırda-para şeylər daxildir. Əgər sən bunlara şərait yaratsan orta statistik azərbaycanlı sevinib xoşbəxt olacaqdır, sən də 300 il hakimiyyətdə qalarsan. Prinsipcə, hətta mən sevinməyin yuxarı qiymətlərini yazdım. Təzəlikcə bir kafenin qabağında elan görmüşdüm: “Kabab 1 manat”. Hələ də fikirləşirəm ki, görəsən o kababı nədən bişirirlər belə ucuz alınır. Yaxud, dükanda 20 qəpiyə xama satırlar. Təsəvvür eləyin, bunu nədən düzəldiblər. Satıcı dedi ən yaxşı satılan mallardan biridir. 10 qəpiyə “Lili” adlı əcaib, mənbəyi bilinməyən “meyvə şirələri” içən, quru supların vermişel surroqatını “çips” yerinə yeyən uşaqların nəsli böyüyür. Onlar bizə nisbətdə daha sevincək olacaqlar.

Bizə qoşulun