Medianews.az
Kənddən yazırlar
236 baxış

Kənddən yazırlar

zamin yeni raz
“Getdin gördün qoyun,
Neynirsən oyun-moyun.
Ye qalsın quruca boyun"
 
(“Axmaq canavar”, Azərbaycan xalq nağılı)
Artıq Avropa Oyunlarının yarısı arxada qalmışdır, uca millətimizin buna marağı isə sonsuzdur. Küçədə, evlərdə, ictimai nəqliyyatda, metroda, sualtı qayıqlarımızda, göydə uçan peykimizin daxilində - hər yerdə oyunların müzakirələri gedir, insanlar komandalar haqda fikirlərini uca səslə bildirirlər. Bunun da əsas səbəbi odur ki, yarışdan qabaq turnirin ələm ağacı - məşəli bütün bu məkanlarda gəzdirilmişdir, hər bir özünə hörmət qoyan zəhmətkeş oyunlara töhfəsini vermişdir. Məşəlin qəlbimizdə yandırdığı ocaq ola bilər turnirdən sonra da sönməsin.
Müzakirələr isə çox maraqlı gedir. Örnək üçün, dünən mən Ziya Məmmədov adına Beynəlxalq Avtovağzal Yarmarkasının önündə iki marşrut sürücüsü arasında sivil dialoqun şahidi oldum. Onlardan biri deyirdi ki, İsveçrənin dağ velosipedi komandası Monakodan gələn tennisçilərdən daha güclüdür. Elə bu zaman sərnişinlər də söhbətə qoşuldular, özünü 67 saylı avtobusdan əmək veteranı Gülbala dayı kimi təqdim edən ağsaqqal “Milad Harçeqani himnimizi səsləndirəndə mən həyəcandan qaynar çayı üstümə tökdüm, baxın, hələ də yaşam” söylədi. Axşam isə içindən keçdiyim məhlədə həyətdə tut çırpan ağbirçəyin pəncərədə dovğa bulayan el anası ilə “Mariya Stadnik döyər, yoxsa Alla Puqaçova” mövzusunda diskussiya apardığını gördüm.
Bəli, bütün millət yarışlara köklənmişdir. Dəyərli oxucularımızdan (ümid edirəm o, 40 qəpik verib köşkdən qəzet alanlara daxildir) biri, Ağcabədinin Penoplast kolxozundan Hikmət Quliyevin məktubu da elə bu mövzudadır:
“Zamın bəy, inanın, bu Avropa oyunları ölkəmizə qədəm basdığı gündən o qədər sevincək olmuşam, artıq ruhum pərvaz edib göylərdə qanad çalmağa başlayıb. Hisslərimi cilovlamaqda çətinlik çəkirəm. Çox xoşbəxtəm. Elə bilməyin bu şadlıq təkcə mənim həyatımda inqılab edib. Yox, əsla elə deyil, artıq kəndimizdə də bayram əhval ruhiyyəsi yaşanır. Söyüd ağacından böyük bir monitor asmışıq və camaat  aclıq-susuzluq, isti-soyuq bilmədən həyacanla, gözlərindən sevinc yaşı axa-axa bu mötəbər yarışları izləyirlər. Umumiyyətlə nəinki insanlar, hətta cansız traktorlar, kombaynlar da ”Baku 2015" loqosuyla bəzənib və bu mübarək duadan ilham alıb cuşa gəlirlər. Nəriltiləri yeri, göyü titrədir. Elə indicə kənd zəhmetkeşləri ilə belə bir qərara gəldik ki, əkin-biçin vaxtıdır, əlimizdə olan arpadan, buğdadan, yonca presindən satıb onun pulunu da bizə təşrif buyurmayan Avropa ölkəsinin idmançılarına göndərək. Hamı bu xeyirxah işdə sanki bir-biriylə bəhsə girirlər. Hətta Vaqif dayı öz taxıl biçən kombaynını birinci yeri tutan Avropa idmançısına hədiyyə edəcəyini deyir.
Düzdür, bu xərclənən pullara bir neçə kənddə müxtəlif işlər görmək olardı. Məsələn, yollar çəkilərdi, kəndə saf içməli su verilərdi, qaz xətləri quraşdırılardı, elektrik xətləri yenilənərdi, uşaq bağçası tikilərdi, idman zalı qurulardı, məktəblər bərpa edilərdi və s. bu kimi işlər. Amma yenə düzünü desəm bunlar bir avropalını məmnun etməyin yanında heçdir. Çünki bizlər, bizdən sonra gələn nəsil savadsız, gücsüz, zülm içində böyüsələr də olar. Razıyam  banka kredit ödəyim, amma ölkəmə gələn idmançını əliboş qaytarmayım. Eybi yox, bizim övladlarımız tozun-torpağın içində böyüsün, təki xarici idmançı övladı üçün bizdən nəsə apara bilsin.
Həqiqən böyük uğurlar əldə etmişik. Başqa ölkələr kənd təsərrufatı, ixtirası, istehsalı və s. ilə dünyada tanınırlar. Biz isə “Euorvison” (oxucu belə yazıb, açığı, heç mən də dəqiq bilmirəm düzgün yazılışı necədir - Z.H.), “Avropa oyunları” kimi məşhur turnirin ev sahibi olmuşuq. İndi, ay bədbaxt dünya ölkələri, fikirləşin və partlayın, sizlər hara, bizlər hara...". Məktubun sonu.
Ancaq əlbəttə, oyunlara sevinməyənlər, oyunlar haqda düşünməyənlər də vardır, bəs onlara qarşı necə mübarizə aparmalıyıq? Bu haqda növbəti sayımızda.

Bizə qoşulun