“Bu adamlar - Hersoq sözünə davam elədi, - həmişə bədbəxt olmalıdır, həmişə əsə-əsə, qorxa-qorxa yaşamalıdır. Onlar həzz alanda titrəyirlər, beləcə, xeyirxahlıq onları korlayır. Mənim xasiyyətim başqadır. Mən öz seçimimdə heç vaxt tərəddüd eləmirəm. Elədiklərimdən həmişə həzz alıram, heç vaxt tövbə mənim çəkdiyim keflərin təsirini azaltmır”
(Markiz de Sad, “Sodomun yüz iyirmi günü”)
Prezidentin xarici işlər müşaviri, “Fransız” filminin aktyorlarından olan Novruz Məmmədov deyib ki, bu saat hamı Azərbaycanı tənqid edir, pisləyir, demək Azərbaycan düzgün yoldadır. Novruz müəllimin dəmir məntiqinə görə, ölkəmizdə aparılan siyasəti tərifləsələr bu da pisimizə olarmış.
Bu mövzuda çox baş ağrıtmağa ehtiyac yoxdur, çünki bunun lətifəsini çoxdan qayırıblar. Bir nəfər maşında gedir, arvadı zəng vurur: “Əzizim, sən Azadlıq prospektiylə getmirsən ki? İndicə televizorda yol polisinin məlumatını açıqladılar, deyirlər o yolda bir nəfər axmaq tərsinə gedir. Ehtiyatlı ol, əzizim, sənin maşınını vurmasın!”. Kişi deyir: “Hə, o küçədəyəm, özü də nə bir nəfər, yüzlərlə axmaq tərs sürür. Güclə salamat qalmışam!”
Keçək şeyx mövzusuna, çünki Ramazan ayıdır, vaxtaşırı Qafqaz Müsəlmanları İstehsalat Fabrikindən məhsullar olacaqdır. Elə dünən Allahşükür müəllim təzə fətva veribdir, deyir, hədislərə görə Avropa Oyunları müddətində idmançılar oruc tutmaya bilər. Bir dənə də fətva qadınların çimərlik voleybolu haqda gözləyirik. Şeyx ərz eləsin görək naməhrəmlər çimərlik voleybolu üzrə italiyalı qızlara baxa bilər, ya yox. Bu zaman oruc şəxsin ağzının suyu axsa, günaha yazılırmı?
Ta söz düşüb, oyunlar haqda da bəzi fikirlərimizi yazaq. Hakimiyyət tərəfdarları deyir ki, bu Avropa Oyunları ölkəmizdən ötrü çox vacibdir, maaşından kəsilən, kredit verə bilməyən bəzi zəhmətkeşlər isə yandığından oyunları tərifləyir. Şəxsən mənim mövqeyim belədir ki, bu oyunlardan ancaq ziyan çəkmişəm. Gedəcəyim marşrutlar ləğv olunub, iqtisadiyyata zərbə dəyib, bahalaşma, mənasız xərclər və sairə artıb. Bəs qarşı tərəfin arqumenti nədir? Gəlin onu incələyək.
Deyirlər turistlər gəlir, iqtisadiyyatımıza maya qoyur. Birincisi, çox az xarici gəlib, bunu yarışlar üçün stadiona gedən idman jurnalistləri də təsdiqləyir. İkincisi, onların demək olar hamısını yapistlər Atletlər kəndi, öz hotelləri kimi yerlərdə, dövlət büdcəsi hesabına yerləşdiriblər. Hətta AZAL-da onlar üçün bileti 50 faiz ucuz eləmişdi. Deməli, iqtisadi gəlir boş söhbətdir. Ancaq böyük ziyan var.
Dördüncüsü, “respublikanın tanınması” arqumentidir, bu da, gördük, necə baş verdi. Demək olar, bütün dünya Azərbaycandakı repressiv rejimi tənqid elədi. Tərifləyən yalnız Lukaşenko oldu. Dünyanın özünə hörmət qoyan bircə informasiya agentliyi, bircə qəzet-jurnalı belə hətta oyunların açılış mərasimindən cupbulu cümlə də yazmadılar. Bir cümləyə dəyməyən yüz milyon dollarlıq açılış - siz bundan həzz alırsınız?
Nəhayət, yaltaqların əsas arqumentlərindən biri budur ki, idman yarışlarında respublikamızın bayrağı qalxır, himnimiz səslənir, çox şad oluruq və sairə. Bu, lap gülünc, karikatur söhbətdir, çünki elə çıxır Azərbaycan ərazisində Azərbaycanın himnini səsləndirmək, bayrağını qaldırmaq qadağan imiş. Ölkə sizin, bayraq sizin, arena sizin, himn sizin - qaldırın, kefiniz istəyən qədər oxuyun da bə! Kim sizə mane olurdu ki? Onsuz indiki halda himnin səslənməyini, bayrağın qalxmağını elə özümüz görürük, heç kim xaricdə bu yarışa baxmır. Daha bu arqumentciyin anlamı nədir? Özü çalıb, özü oynayır - el məsəlində deyilən kimi. Yeri gəlmişkən, oyunların ən çox medalını da elə deyəsən Azərbaycan qazanıb, bu özü başqa lətifədir.
Əlbəttə, özü özünü məmnun edən respublikamızla qürur duyuruq. Bu, siyasi sabitliyin, xəstəliklərdən uzaq olmağın da qarantıdır. Respublikamız xarici respublikalarla təhlükəli, təsadüfi əlaqələrdən uzaq durur, özündən zövq alır.
