“Azadlıq” qəzetinin dünənki sayında Akif adlı müəllif mənə bir neçə ittiham və 5-6 sual ünvanlayıb.
Belə görünür ki, müəllif öz yazdıqlarına dərindən inanır və öz suallarını çox sərt və tutarlı hesab edir. Elə bilir ki, bunlara cavab vermək mümkün deyil. Yanlış düşüncədir.
Yazının içindən arıtlayıb çıxardığım suallar aşağıdakı kimidir:
1. Xalid Kazımlı İlham Əliyev haqqında nə öyrənib?
2. Bu illər ərzində nə baş verdi ki, İlham Əliyevə qarşı da mövqeyiniz dəyişdi?.... Cəmil
Həsənli və İlham Əliyevə qarşı münasibətin 360 dərəcə dəyişməsi olduqca maraqlı mənzərədi.
3. “Bizim Cəmil müəllim” yazısına görə peşman olan müəllif, “Bizim İlham müəllim”ə keçidin ağlabatan izahını verə bilərmi?
4. Maraqlıdır, Cəmil Həsənlinin dəyişdiyini müşahidə edən yazar, çalışdığı qəzetin 360 dərəcə dəyişdiyini niyə müşahidə edə bilmir?
5. Görəsən dostları Xalid Kazımlıya Cəmil Həsənli haqqında nə deyib?
Yuxarıdakıı suallara verdiyim lakonik və tərs cavablar aşağıdakı kimidir:
1. Xalid Kazımlı bu ölkənin vətəndaşı olaraq ölkəyə rəhbərlik edən İlham Əliyev barədə bu məmləkət əhlinin bildiyi çox şeyi bilir- ölkəni necə idarə etdiyini də, idarəetmədə hansı prinsiplərə üstünlük verdiyini də, hətta artıq şəxsi xarakter cizgilərini də.
2. Bu illər ərzində çox şey baş verdi və İlham Əliyevə qarşı mövqeyimizdə çox da fundamental dəyişiklik baş vermədi. Bu saat da müəllif hesab edir ki, İlham Əliyevin yerində İsa Qəmbər prezident olsaydı, daha yaxşı olardı. Ancaq 2014-cü ildə və bu ilin 6 ayı ərzində baş verənlər göstərdi ki, Cəmil Həsənlinin prezident olması ölkədə haqq-ədalətin bərqərarına yardımçı olmayacaqmış. Bircə səbəbdən. Adam özü ədalətli deyil, üstəlik, intriqandır. İsa Qəmbər kimi xalq hərəkatının üç liderindən biri, vaxtilə prezidentin səlahiyyətlərini icra etmiş, parlament sədri olmuş ağır bir adam durub bunların rəyasətdə olduğu mitinqə gedir, aşağıda, ön sırada dayanır, dəstək verir, mitinqin sanbalını artırır, prezident olmaq istəyən adam küsəyən yeniyetmə kimi kənara baxır, tribunadan onu salamlamağı bir yana dursun, özünü görməzliyə vurur. Belə adam prezident ola bilərmi? Olsa da, faydalı olarmı? 2002-ci ilin 14 iyulunda Heydər Əliyev kimi bir əjdaha Fransa səfirliyində özü İsa Qəmbər və Etibar Məmmədova yaxınlaşmış, aradakı incikliklərə baxmayaraq, bir neçə kəlmə mükalimə etmişdi və tərəflərdən heç birinin xəncərinin qaşı düşməmişdi.
3. “Bizim Cəmil müəllim” başlıqlı yazısına görə yox, yazıda Cəmil Həsənlini nahaq yerə müdafiə və təbliğ edən müəllif “Bizim İlham müəllim” yazısını nə vaxt yazdı ki? Nə belə bir yazı var, nə də belə bir sətir. Nə mənim İlham Əliyev barədə mədhiyyə yazmağa ehtiyacım var, nə də İlham Əliyev mənim imzamla yazılan difirambalara ehtiyac duyur. Onun o cür şeyləri yazanı çoxdur.
4. Söhbət Cəmil Həsənlinin dəyişməsindən getmir, olduğu kimi tanınmasından, xarakterinin tam bəlli olmasından gedir. Əksinə, bu illər ərzində o xaraktercə dəyişməyib, necə vardısa, elə qalıb, sadəcə, komanda, düşərgə dəyişib. Mən isə fəal siyasi arenada olduğum müddətdə cəmi bir partiyanın üzvü olmuşam, artıq 23-cü ildir. Özümə siyasi lider olaraq lap əvvəldən Elçibəyi, İsa Qəmbəri və Tofiq Qasımovu bilmişəm, onlara görə də heç vaxt peşmanlıq duymamışam.
Çalışdığım qəzetin kursunun 360 dərəcə yox, təxminən 90 dərəcə dəyişməsinin fərqindəyəm. Bunu alqışlayıram, bu dəyişmənin təşəbbüskarlarından biriyəm və hesab edirəm ki, bir media qurumu partiya qəzeti (ruporu) olmaqdan imtina edərək, öz missiyasını daşımalıdır, öz üzərinə həyata keçirə bilməyəcəyi funksiyalar götürməməlidir, mərkəzdə durmalıdır, obyektiv, operativ olmalıdır, öz başını saxlamalıdır, bacardığı qədər insanlara yardımçı olmalıdır, bacarmayanda özünü yandırmamalıdır, batacağını bilə-bilə gedib aysberqə çırpılmamalıdır.
5. Dostları Xalid Kazımlıya deyiblər ki, Cəmil Həsənli sənin düşündüyün qədər də kristal, saf, dürüst, obyektiv siyasətçi deyil. Deyiblər, yaxşı alimdir, savadlıdır, müəllimliyinə söz yoxdur, amma o da pul saymağı, hesablamağı, vurub, bölüb, çıxmağı sevir və bu kimi əməliyyatları çox edib. Bax, bu, prinsipial məsələdir.Burada onun personası Elçibəy və İsa Qəmbərdən fərqlənir. Prezident olmaq istəyən şəxslərin əlindən seçki kampaniyalarında milyonlar gəlib-keçə bilər, amma əgər onlar oturub pul saysalar, üstündən götürüb ciblərinə qoysalar, ən yaxşı halda korrupsioner və avtoritar lider olacaqlar.
Bir də yazıda belə bir xatırlatma var:
“Fürsətdən istifadə edib biz də Xalid Kazımlıya Əliyevin Londondakı villasını, hakim ailənin nəzarətində olan bankları, Vircin adasındakı 48 milyardı xatırlatmaq istəyirik”.
Bu da anlaşılmaz mülahizədir. İlham Əliyevin varidatına görə mən niyə cavab verməliyəm? Vəkiliyəm, müşaviriyəm, ya sözçüsüyəm? Belə bir mandatbaşqalarındadır, qoy o iddialara da cavabı YAP funksionerləri versinlər.
Son 20 ildə bu ölkədə tüğyan edən korrupsiyadan yazdığım yazıları hər halda heç bir müəllif və heç bir qəzet yazmayıb. Eyni şeyləri tutuquşu kimi təkrarlamağın da heç bir faydası yoxdur. Hamı hər şeyi bilir.
Son sözüm budur ki, heç kəs nə bizi zorla İlham Əliyevin vəkilinə, tərəfdarına çevirməsin, nə də şantajla ona qarşı “radikal müxalif” olmağa yönəltməsin. Loru dildə desək, tırkaya gedən vaxtımız deyil.
Hamı bilməlidir ki, aşa bilməyəcəyi 5 metrlik divara təkrar-təkrar kəllə vurmasının xeyri yoxdur, ya bir az kənardan dolanıb gəlməlidir, ya da uzun bir nərdivan düzəltməlidir. Siyasət deyilən andırın qaydası budur.
Qoy hər kəs öz düzgün bildiyi yolda irəliləsin. Görək kim qanqallığa çıxacaq, kim gülüstana.
