“Mən sərxoş olanda heç cür dəqiq hərəkət edə bilmirəm və bir klounun edə biləcəyi ən qorxunc yanlışlığı edirəm: öz tryuklarıma gülürəm”
(Haynrix Böll, “Klounun gözləriylə”)
Milli tolerantlıq və Umberto Eko-ya yapçılıq təbliğatı aparmaq üzrə dövlət müşaviri Kamal Abdulla Azərbaycan Badminton Federasiyasının sədrliyindən uzaqlaşdırıldı, onun yerinə təzə təhsil nazirimiz Mikayıl Cabbarov qoyuldu. Bu qərara ən çox sevinənlər rayonlardakı mollalar və keşişlər olmuşdur. Sən demə, Kamal müəllim onları badminton oynamağa məcbur edirmiş. Hətta bir dəfə Slavyan Universiteti ilə Lənkəran məscidinin əmək kollektivi arasında Milli Qurtuluş Günü münasibətiylə badminton yarışı keçirilibmiş. Hacı Şahin Həsənli yarışdan qalib çıxmışdır.
İndən belə isə məktəblərdə badminton oynamaq zəruri dərs proqramı çərçivəsinə salınacaqdır. Bəlkə çoxu bunun mənasını bilmir, badminton qədim, ulu köklərə malik, gəncləri və yetişməkdə olan kal nəslimizi Qarabağ uğrunda döyüşlərə səsləyən idman növüdür. Burada ortadan tor çəkilir, yarışan tərəflər tennis raketkasına bənzər bir həcəmət ilə volan adlanan, türkün məsəli, dalı lələkli balaca topu ora-bura qovmaqla məşğul olur.
Etiraf edim ki, mən bizim Azərbaycanda zaman-zaman küçə və parklarda badminton oynamağa cəhd göstərən xeyli insanlar görmüşəm, ancaq hər dəfə oyun yalnız bir zərbədən ibarət olmuşdur. Çünki bu dalı lələkli topu düzgün istiqamətə yönəltmək olduqca çətin bir şeydir. Uşağa badminton oyunu təşkil eləmək ona işgəncə verməkdən başqa bir şey deyildir - mənim nəzərimdə.
İnşallah, indi Mikayıl müəllim bunun öhdəsindən gələr və uca millətimiz nəhayət, dalı lələkli topla oynamağı öyrənər. Prinsipcə, elə bizim məktəblər də uşaqların taleyi ilə badminton oynayırlar və uşağa raketka ilə bir dənə qoyurlar, heç bilmirsən uşaq həyatın hansı dərəsinə gedib düşəcəkdir.
Hərçənd, bəzi bisavadlar, erməni dəyirmanına bu isti yay günlərində su tökən qara qüvvələr vardır ki, onların mövqeyinə görə gərək Mikayıl müəllim daha döyüşkən bir idman növündə respublikamızın idman şərəfini qoruyardı. Misal üçün, Barselona öküz döyüşü növündə. Ya da nə bilim, stend atıcılığında. Bəd ayaqda ox atıb, qılınc oynatmaqda. Hətta ən dəhşətli, baxan insanı məhv edən, qorxunc idman növü olan sinxron üzgüçülük də bizə daha çox lazımmış, nəinki badminton.
Bunlar əlbəttə, boş söhbətlərdir. İlk növbədə ona görə ki, bizim işğal olunan əraziləri qaytarmağımızdan ötrü idman eləmək lazım deyil. Rayonlar çoxdan bizdədir, xəbəriniz olsun. Sadəcə, hökumət xəbər vermir ki, ürəyi xəstə olanlar sevindiyindən ölməsin. Yavaş-yavaş deyirlər. Örnək istəyirsinizsə, o zaman cənab prezidentin iki gün qabaq - 16 iyun 2015-ci ildə imzaladığı sərəncamı diqqətlə oxuyun. Orda yazılmışdı ki, Kəlbəcər rayonundakı Qaragüney kəndinin adı dəyişdirilib Tağılar, Alçalı kəndi Günəşqaya, Tirkeşəvənd kəndi Alıbəyli adlansın. O cümlədən, Laçın rayonundakı Ağbulaq kəndi Sarıbaba adlandırılsın.
Daha sənə nə lazımdır? Əgər Kəlbəcər və Laçını almasaq, ordakı yurd adlarını dəyişdirməyin mənası nə idi? Qoy alçaq ermənilərin ürəyi partlasın. Laçına Berdzor deməklə iş düzəlmir ki? Bir sərəncamla biz kəndlərin adını dəyişdiririk, lazım gəlsə İrəvana türk bayrağı taxarıq! Qeyd elədiyim kimi, əslində rayonları qaytarmışıq, özümüz xəbər vermirik. Bir az da təvazökarlıq rol oynayır. Onsuz da bütün dünya bizim Böyük Şorda olimpiada keçirməyimizi görüb, daha artıq paxıllıq yaratmağa ehtiyacımız yoxdur. Biz indi Kəlbəcərin badminton komandasını formalaşdırırıq.
Məncə növbəti sərəncamda Basarkeçər rayonunun adını da dəyişdirməliyik. Ermənilərin ərazidən qaçması münasibətiylə Qaçarköçər qoymaq olar.
