“Şah Abbasın xudi-şəxsinə nisbətən kəvakibin bir ədavəti yox idi. Olara lazım idi ki, novruzdan on beş gün keçmiş İran səltənətinin təxtindən bir şəxsi aşağı salıb bədbəxt etsinlər”
(Mirzə Fətəli Axundov, “Aldanmış kəvakib”
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının dünya elmi uğrunda böyük fəaliyyəti hər birimizə yaxşı məlumdur. Örnək üçün, Ramazan bayramı başlanarkən Ay hansı gün efirdə görünəcəkdir, rəsədxana həmişə bunu yüksək dəqiqliklə Qafqaz Müsəlmanları İdarəsinə bildirir, idarənin müdiri Allahşükür müəllim isə “Ay Zaur” verilişində uca millətimizə çatdırır. Nəticədə biz Allah yolunda yürüşümüzə əzmlə davam edirik. Halbuki, İndoneziya və Burundi müsəlmanlarında qətiyyən bu imkanlar yoxdur. Hətta bəzi illərdə elə olubdur ki, İndoneziya vitse-prezidenti Yusif Kəllə Ay çıxandan sonra kəlləpaça yeyərək orucunu batil eləmiş, böyük günaha batmışdır, bundan sonra sunami gəlib ölkəni yuyub aparmışdır. Ancaq bizdə Xəzərdə heç sunami olmur, çünki bizim rəsədxanamız vardır.
Bunun bir misalını müqəddəs iyun ayının Surətil-lənətullahi-qiyam-ətül-Gənceyi-qurtuluş günündə, yəni ayın 4-də rəsədxana müdiri Əyyub müəllim Quliyev açıqlamışdı. Həmin günlərdə rəsədxana elmi bəyanat vermişdi ki, orucluq ayı iyunun 17-də girəcəkdir, iyun ayının 18-i gecəsi isə niyyət gecəsidir. Ancaq sən demə, buna şəkk gətirən axmaq və mürtəd insanlar var imiş, yoxsa Əyyub müəllim dəxi bəyanat verməzdi. Sitat: “Andromeda dumanlığındakı böyük alfa kvazarının spektroskopik analizi nəticəsində...” Zarafat edirəm, qorxmayın. Əyyub müəllim belə kafir sözləri danışmaz. Sitat belənçik idi: “QMİ-nin Ramazan ayı ilə bağlı verdiyi fətva tam elmi hesablamalara əsaslanıb. Biz bu hesabların üzərində bir neçə ay iş aparmışıq. Heç kimdə bununla bağlı tərəddüd olmamalıdır. Hesablamalara görə, iyun ayının 17-də ayın görünməsi ehtimalı çox yüksəkdir. Lakin hər hansı dəyişiklik olarsa, bu barədə əlavə məlumat veriləcək”. Sitatın sonu.
Qürur duyuruq. Doğrudan da çox çətin hesablamadır. Ancaq ilk dəfə deyil, bunu da biləsiniz. Hətta məndə dəqiq məlumat var ki, bir dəfə uca şeyximiz Çexiyadakı şəxsi hacı pivəsi zavoduna baş çəkməyə gedərkən Malayziya təyyarəsinə minmək istəyirmiş, lakin Əyyub müəllim teleskopla baxıb, görüb Mərrix ulduzu ilə Zöhrə ulduzunun kəsişməsində bəla əlaməti vardır. Deyib, ya şeyx, bu təyyarəni burax getsin. Doğrudan da sonra həmin təyyarəni Ukrayna üzərində kafirlər vurub yerə saldılar.
Yaxud keçən il şeyximizin fətvası ilə yas yerlərində nanəli dovğa, nanotexnologiyalı bozbaş verilməsi, aşın qarasına manqo qızartması qatılması qadağan edildi. Bəyəm bunu şeyx özündən eləmişdi? Xeyr. Dəqiq məlumat var ki, bu işlərdə rəsədxanamızın elmi hesablamaları böyük rol oynayıbdır.
Uşaqları Halley kometi görünəndə sünnət eləməyin fəzilətləri, kosmosda namaz qılarkən qiblənin müəyyən edilməsi, Oxatan bürcünün Qız bürcünə işıq salmasının hansı fəsillərdə əməli-caiz sayılması kimi elmi işlər hamısı bizim rəsədxananın töhfələridir.
Ancaq srağagün çox pis oldum. Kefim pozuldu. Mən rəsədxanamızdan heç belə imansız, dinsiz hərəkət gözləməzdim. Yatsam yuxuma girməzdi. Elgizin verilişinə baxsam bundan yaxşı idi. Buyurun, özünüz oxuyun: “İkar asteroidinin Yerə yaxınlaşmasının heç bir təhlükəsi yoxdur, narahat olmağa dəyməz. ”İkar" kiçik cisimlərdən sayılır, onlar az müşahidə olunur. Məsafə o qədər böyükdür ki, onun Yerə yaxınlaşması mümkün deyil. “İkar”ın diametri 1 kilometrə, kütləsi isə 100 min tona yaxındır. Onun yerlə məsafəsi Ayla Yer arasındakı məsafədən 21 dəfə çoxdur. Təqribən 10 milyon kilometr aralıdan keçib gedəcək. Ona görə də narahat olmağa dəyməz".
Bunu deyən rəsədxananın elmi işçisi Ədalət müəllim imiş. Təsəvvür edin, qarşıdan gələn müqəddəs Ramazan bayramı haqda məlumatda bir söz belə yoxdur! A kişi, sizi ora qoyublar ki, İkara-zada baxasınız? Nə üçün teleskopu xarab edirsiniz? Sənə deməyiblər ki, Aydan qırağa baxmaq günahdır? İkar sənin əmin oğlundur? Lənət şeytana. Elə bu cür alimlərimiz üzündən bir gün göydən başımıza gerçək daş yağacaqdır.
Gərək indi Ramazan ayında qədir gecəsi Əyyub müəllim sübh şəfəqinə qədər Aya gözünü qırpmadan 6 saat 65 dəqiqə baxsın ki, bəlkə bundan sonra günah bir az azala. Biz də burdan dua eləyək, yazıqdır.
