Medianews.az
Parterə görə pərtlik
421 baxış

Parterə görə pərtlik

images_dekabr_kose samir sari
Ölkəmizin ura-patriotları ilə ura-kosmopolitləri arasında təzə nifaq alması peyda olub – Avropa Oyunlarında erməni-azərbaycanlı yarışması. Tez-tez qırğın düşür.
Elə ki bizim idmançı erməni idmançıya qalib gəlir, patriotların “ura” sədası ərşə qalxır, “halaldır!”, “eşq olsun!” və sair bu kimi alqışların işlənmə tezliyi  və desibeli artır.
Belə olanda millətlər arasında fərq qoyulmasına qarşı olan, bəşəri dəyərlərə önəm verən həmvətənlərimiz pərt olur, hətta cırnayırlar, deyirlər, ha erməni rəqib, ha eston rəqib, nə fərqi var, niyə idmançımız birinciyə qalib gələndə qol götürüb oynayırıq, amma ikinciyə qalib gələndə elə etmirik.
Gendən, Avstraliyadan, Çindən, Kanadadan, Nevadadan baxanda, əlbəttə, fərqi yoxdur, istənilən rəqib rəqibdir və ona qalib gəlmək sevindiricidir. Yoxsa bir rəqibə qalib gələndə özünü lotereyada “Ferrari” udmuş kimi aparırsan, o biri rəqibi udanda isə özünü elə göstərirsən ki, sanki kola qapağının altından bəxtinə daha bir kola çıxıb.
Hələ bu işin bir uduzmaq tərəfi də var. Estona (fransıza, almana, albana) uduzanda hamı deyir, eybi yox, bu idmandır, inşallah, olimpiadada əvəzini çıxarsan, ancaq erməniyə uduzanda ortalığa bir pərtlik düşür, sanki adam indicə “Titanik”I batırıb gəlib. Hətta erməniyə uduzub gümüş medal alan idmançıya mükafat kimi 1 milyon avro versələr, gözündə olmaz, alnının qırışı açılmaz.
Bəşəri dəyərlərə önəm verən liberal qardaşlar bunu başa düşmürlər: niyə axı belədir?
Bura sir yoxdur, bu ona görə belədir ki, biz ermənilərlə müharibədəyik, münaqişədə, çəkişmədə, dartışmadayıq.
Təkcə biz belə deyilik ki. Elə ermənilər də belədir. Fikir verirsinizsə, tatamidə bizim idmançıya, türkiyəli atletə məğlub olan erməni idmançılar heç rəqiblərinə əl də uzatmırlar, meydandan ölüsü ölmüş kimi gedirlər.
Dünyada belə durumlar çoxdur. Məsələn, Ruandada tutsi və xutu adlı iki millət var, yanaşı qoyub baxsan, seçə bilməzsən, bir ucarlı ilə bir kürdəmirli bir-birinə necə bənzəyirlərsə, onlar da elə oxşardırlar. Amma bu iki millət bir-birilə düşməndir. Tutsilər dünyanın bütün millətlərinə uduzmağa hazırdırlar, xutulardan başqa. Xutular da eləcə.
Pakistan atleti əfqan atletinə uduzsa, özünə dərd eləməz, amma hindistanlı güləşçiyə məğlub olsa, az qalar xarakiri eləsin, sadəcə yapon olmadığı üçün eləməz. Çünki arada Kəşmir məsələsi var, düşmənçilik var.
Banqladeş idmançısı isə kimə qalib gəlsə, adi şəkildə sevinər, amma pakistanlıya qalib gəlsə, sevindiyindən tatamidə dombalaq aşar, videokameraları yalayar. Niyə? Ortada yekə bir tarixi biabırçılıq var. 1971-ci ildə Banqladeş müstəqillik uğrunda mübarizə aparanda Hindistanın bəri üzündə yaşayan pakistanlılar hücum ediblər, Hindistanın o üzündəki benqalların bir neçə diviziya əsgərini başda generalları olmaqla əsir alıblar və hamısını zorlayıblar. Ona görə də bir benqal bir pakistanlının qarşısında parter vəziyyətində olmaq istəməz.
Siz elə bilirsiniz ki, bu saat bir İran atleti israilli həmkarıyla yarışarkən məğlub olsa, ölkəsində “eybi yox” deyərlər? Deməzlər. Elə fransız idmançı da almana, ingilisə məğlub olmaqdansa çexə, latışa uduzmağı üstün tutar.
Amma istisnalar da var. Neçə gündür görürük ki, rus idmançı ilə uktraynalı idmançılar yarışırlar, biri udur, biri uduzur, amma sifətlərində sevinc və kədərlərini elə də büruzə vermirlər. Prinsipcə, onlar rinqdə, tatamidə dalaşmalıydılar, hələ oyundan əvvəl və ya sonra Atletlər kəndinin ortalığında da təpikləşməliydilər. Yadınızdadırsa, elə bir xəbər çıxmışdı və hamı o xəbəri təbii qarşılamışdı. İdmançıların dalaşması haqqında xəbər üç tərəfdən (Ukrayna, Rusiya və Azərbaycan) təkzib olunandan sonra bir çoxları o idmançıları qeyrətsizliyikdə qınayırlar. “Bunlar nə təhər düşməndir, əə” deyənlər var.
Dediyim budur:  nə qədər ki, ermənilərlə aramızdakı müharibə sülhlə bitməyib, bu düşmənçilik bütün sahələrdə bu cür də davam edəcək. Sülh olandan sonra da arada azı 50 il prinsipial rəqabət olacaq. Ona görə də heç kim nə düşmənin qarşısında parter vəziyyətində olmağı, ona məğlubiyyəti ürəyinə salmasın, nə də heç kəs erməniyə qalib gələrkən bərk sevinənlərə görə pərt olmasın.

Bizə qoşulun