Medianews.az
Avropa oyunları, şərq davası
177 baxış

Avropa oyunları, şərq davası

images_xalid bey s
İndiyə qədər bu cür durumlar çox yaranıb: ölkədə və ya onun ətrafında hər kəsi maraqlandıran bir tədbir, kampaniya, hadisə olanda məmləkətin siyasi fəal kəsimi dərhal iki əsas qütbə bölünür və bir-birinə qarşı nifrət püskürürlər.
Ramil Səfərovun əfv olunması hadisəsində də belə olmuşdu, keçən ilin avqustunda cəbhədə kiçik miqyaslı müharibənin alovlandığı dönəmdə də. Onlardan əvvəl də belə durumlar yaranıb, I Avropa Oyunlarından bir müddət sonra yenə nəsə olacaq.
Hazırda ölkənin ictimai-siyasi həyatının barometri halına gəlmiş sosial şəbəkədə gedən şiddətli qovğa məhz Avropa Oyunları ilə bağlıdır.
Bütün varlığıyla, qəzəb və hiddətiylə bu oyunlara qarşı olanlar, bir də bütün hirs-hikkəsiylə, biədəb leksikonuyla bu kampaniyaya qarşı olanları söyənlər, pisləyənlər var. Şərqsayağı tutaşma gedir.
Təhqiramiz ifadələr sosial şəbəkəni başına götürüb. Təntənəli açılış mərasiminə görə qürur duyanlar da ən ağır söyüşlərlə söyülür, qürur duymayanlar da. Birincilər “şərəfsiz”, “kütbeyin”, “qoyun”  adlandırılır, ikincilər  - “erməni”, “xalq düşməni”, “vətən xaini”.
Belə görünür ki, üçüncü qrupa yer yoxdur, bu durumda heç kəs neytral qala bilməz, mütləq tərəf tutmalıdır və söyülməlidir.
Məsələ isə başqa cürdür. Avropa Oyunlarına çəkilmiş xərci israfçılıq hesab edərək, hakimiyyəti bu xüsusda qınayaraq, tənqid edərək də təntənəli açılış mərasimindən qürur duymaq mümkün idi.
Söhbət bütün Avropa ölkələrinin Azərbaycan bayrağının ətrafına toplaşmasından, nəzərlərini ona dikməsindən, dövlət himnimizin bütün Avropada səslənməsindən gedirdi.
Bəlkə indiki gənclər üçün bu, adi şeydir, amma sovet dönəminin son çağlarında yaşayan, müstəqillik uğrunda mübarizəyə qalxan, milli-azadlıq hərəkatının fəalları olan şəxslər o bayrağın cəmi bir küçədə yarım saatlıq da olsa dalğalanması üçün həyatlarını riskə qoyurdular. Onlar müdhiş 20 Yanvar günlərində sovet-rus bayrağı sancıılmış uca dirəkləri bir-birinə göstərir, boğazlarına tıxanmış qəhərlə, sinələrindəki məğlubiyyət acısıyla bir-birinə təsəlli verirdilər: “Eybi yox, gün gələcək, o qırmızı parçanın yerində öz üçrəngli bayrağımız asılacaq”.
Bu, bir ülvi arzuydu, yüzlərlə azadlıq aşiqi bu günü görmədən öldü. Onlar uğrunda canlarını verdikləri bayrağın bir gün bütün Avropaya, dünyaya təntənəli şəkildə görk olacağını görmədən, amma bunu umaraq öldülər. O günlərdə bu arzuyla yaşayan və bu günü görən insanlar üçün təntənəli açılış mərasimini, bayrağımızın ucalmasını görüb, himnimizin səslənməsini eşidib qürur duymamaları mümkün deyildi.
Düzdür, o gün o bayrağı qaldıranlar və o himni səsləndirənlər vaxtilə bu və ya digər şəkildə müstəqilliyə qarşı olanlar idi, amma bu, bir dövrandır. Belə məsələlərə soyuqqanlı yanaşmaq lazımdır. Mövcud hakimiyyət nə qədər uzunömürlü olsa da, əbədi olmayacaq, bu tikilən stadionları, otelləri, yaradılan infrastrukturları, abadlaşdırılan yolları özüylə heç yerə aparmayacaq, hamısı bu ölkədə qalacaq.
Bu ölkəyə ən uzunmüddətli rəhbərlik edənlərdən biri Mircəfər Bağırov olub, ondan nə qalıb? Bir “Bağırov körpüsü”, bir də haqqında dolaşan əfsanələr.
Hazırda isə siyasi qüvvələr arasındakı qarşılıqlı nifrət pik həddinə çatmış kimi görünür.
Hakimiyyət öz rəqiblərini tamamilə yox etmək, işsiz, çörəksiz qoymaq, türmələrə basmaq əzmi göstərirsə, nifrət gözünü örtmüş bəziləri də bu iqtidar komandasının devrilməsi üçün hər kəslə ittifaqa girməyə hazırdır. Hətta elələri var ki, Azərbaycanı işğal edərək, bu hakimiyyəti qovacaq yadelli qoşunların bayraqdarı olmaq istəyər.
Belə dövlətçilik, vətənpərvərlik, demokratlıq anlayışları yoxdur. Ola bilməz.
Hamı anlamalıdır ki, istənilən populyar addım, yaxşı iş tənqidə məruz qala bilər və heç də hər kəs həmişə hakimiyyətin tədbirlərini dəstəkləməyə borclu deyil. Eyni zamanda hakimiyyətə müxalifliklə dövlətə, millətə qarşı olmağı qarışdırmaq olmaz.
Əgər bu xalq bu gün mövcud iqtidar komandasını hakimiyyətdən uzaqlaşdırıb yerinə başqa bir komandanı gətirmirsə, gətirə bilmirsə, bu o demək deyil ki, onun adını təhqiramiz şəkildə “qoyun” qoymaq olar.
Təəssüf ki, sosial şəbəkədə belə bir tendensiya var və bu gündən-günə güclənir.
Ən ümdəsi odur ki, qovğa-qırğına çıxmış tərəflər meydanı iki cinahdan ibarət hesab etməsinlər, üçüncü qüvvəni də hesaba alsınlar. Bu qüvvə mütləq əksəriyyətdir, nə hakimiyyətdən dördəlli yapışanlara, nə də nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək istəyənlərə qoşulmur.

Bizə qoşulun