Medianews.az
Əcnəbilərə dəyərli məsləhət
443 baxış

Əcnəbilərə dəyərli məsləhət

images_dekabr_kose samir sari
Bakı-2015-in təşkilatçılarından olan Fivecurrent şirkətinin ölkəmizə gələn turistlərə payladığı “məsləhət vərəqələri”nin içində yer alan bəzi-para sözlər bizim həssas, yuxa, mərhəmətli qəlbimizi yaralamışdır.
Adam o məsləhətləri oxuyur, düşünür ki, gör, bu şirkət bizi avropalıların gözündə necə tanıdır.
Hayıf o milyardlara, o əziyyətlərə. Bu qədər zülm-zillət, xərc-xəsarət çək ki, avropalılar gəlib burda bizi mədəni adam sayacaqlar, məsləhətli vərəqədəki tövsiyələrdən isə elə çıxsın ki, biz barbar-zadıq, tökülüşüb əcnəbiləri yortacağıq.
O məsləhətlərin içindəki bir çox müddəalarla qətiyyən razılaşmaq mümkün deyil. Hərçənd yola, piyada keçidlərinə dair verilən məsləhətin həqiqiliyi ilə razılaşmamaq olmaz. Həmin məsləhət belədir:  “Yolu keçərkən keçiddən istifadə edin. Piyada keçidindən keçəndə maşınların duracağını fikirləşməyin, çünki dayanmırlar. Yerli insanlar harda necə gəldi yolu keçir, amma siz bunu etməyin, çünki təhlükəlidir”.
Burası gerçəkdir, doğrudan da qırıq xətləri olan, “zebra” adlandırılan piyada keçidlərinin üstünə çıxan adamlara yol vermək ənənəsi bizdə hələ yeni-yeni yaranır. Onu da yol polisi sürücüləri cərimələyə-cərimələyə, müşahidə kamerası ilə çəkib başlarına oyun aça-aça əmələ gətirir. Yoxsa doğrusu, bizdə piyadaya yol vermək əskik iş sayılır.
Olur ki, bir qanacaqlı, qanunlara riayət etmək istəyən sürücü piyadaya yol vermək istəyir və avtomobini qırıq xətlərin önündə saxlayır. Arxadan gələn sürücülər dərhal siqnalın belinə minir, hələ başlarını pəncərədən çıxarıb aşağıdakı kimi incə ifadələrlə ondan hərəkəti davam etdirməsini tələb edirlər: “Ə, kazyol, sür dəə”; “Sənə prava verəni belə-belə olsun, tupoy ... qol”; “Kişinin oğlu centlmen çıxıb ey, ə, sür, cəhənnəm ol” və sair və ilaxır.
Əgər piyadaya yol verən sürücünün əvəzinə arxada siqnal verən sürücü olsaydı, yol verməzdi, ya adamı vurub kənara atardı, ya da möhkəm qorxudardı. Belə sürücülərə görədir ki, şəhərin müxtəlif yerlərində yol polisləri qarovul təşkil ediblər, 30-40 metr aralıda dayanıb gözləyirlər, sağa-sola burularkən piyadaya yol verməyən sürücüləri tutub Kostroma inəyi kimi sağırlar. Məsələn, Bülbül küçəsindən Axundov kitabxanasının qarşısına burulan, Rəşid Behbudov küçəsinə çıxan yolda 7/18 sağım prosesi gedir, aqreqat necə lazımdır işləyir.
Belə görünür ki, avropalılar da bu xasiyyətimizi bilirlər, ona görə turistlərə xəbərdarlıq edirlər ki, gedib qərib eldə aborigenlər (yəni yerli insanlar) kimi yolu necə gəldi keçərkən cip təkərinin altına düşməsinlər.
Ancaq “bilin ki, Bakıda ”hə" həmişə “hə” demək deyil" söhbətində qələt edirlər. Biz də “yes”in, “no”nun nə olduğunu bilirik, hətta bunu uşaqdan böyüyə bilməyən yoxdur. Hər halda hamımızın mobil telefonunda “yes” düyməsi də var, “no” düyməsi də. Dil bilməyə qalsa, Bakıda yüz minlərlə adam çulunu sudan çıxaracaq səviyyədə ən azı 3 (rus, ingilis, ana dili), Anadolu türkcəsini də saysaq, 4 dil bilir.
“Azəri kişilər şortik geyinmirlər” töhmətinin da əsası yoxdur. Kifayət qədər geyənlər var. Hətta keçən il iki gənc bizdə də işə şortiklə gəlmişdilər, güldən ağır söz demədik, dedik, istəsəniz, geyə bilərsiniz, amma ta güllü-müllü olmasın (eləydi), kişi şortiki olsun. Hərçənd o şortikə şeir qoşanlar da oldu, bir-iki misrası beləydi:
“Geyinib güllü şortiki,
 
Həmkar, xoş gəldin, xoş gəldin".
O həmkarlarımızdan biri işə indi də şortiklə gəlir, əynini dəyişib şalvar geyir, iş vaxtı qurtarandan sonra təzədən şortikini geyib çıxır şəhərə. Düzü, işdə şortiklə alınmır, şikayətçilər çox gəlir, bizi son instansiya hesab edirlər, onlar görsələr ki, şortikdə hərlənirik, xarizmamız cızıq-cızıq olar.
Azərbaycanlı qızların axşam saat 9-dan sonra küçəyə çıxmasının qadağan olmasına gəlincə, belə bir şey yoxdur axı. Bəs gecə saat 11-12-də işdən-gücdən evinə tək-tənha qayıdan qızlar, qadınlar kimlərdir, azərbaycanlı deyillərmi? Gecə saat 4-də şəhərin mərkəzində müşahidə kamerasının videolarına çəkilənlər var.
Bununla belə, əcnəbi turistlər bəzi məsələləri öncədən bilsələr, yaxşıdır. Əgər onlar bura lotuluğa gəlirlərsə, gərək lotuluq üçün nəzərdə tutulmuş yerdən qıraqda lotuluq eləməsinlər. Camaatın anası, bacısı var.

Bizə qoşulun