“Onsuz da axırda hamımızın başını it başı kimi kəsəcəklər”
(Frans Kafka, “Proses”)
Yapistlər oyunlara daxildən və xaricdən tamaşaçı yığılmasının mümkün olmayacağını yaxşı anlayırlar, o üzdən minlərlə işsiz-gücsüz adama “könüllü” vəsiqələri paylayıblar. Onlardan xeylisi ali məktəb tələbələridir, həmin yazıq tələbələrin bunun əvəzində dönərlə mükafatlandırılması və yay imtahan sessiyalarından azad edilməsi xəbərləri geniş yayılmışdı, ancaq nədənsə təzə təhsil nazirimiz Mikayıl müəllim bu xəbərləri görməməzliyə vurdu.
Həmin könüllü vəsiqələri xeyli yekə, palaz boyda bir şeydir, gənclər onu boğazlarından asıb şəhərdə avaralanırlar, özlərini müvəqqəti də olsa vacib insan sayırlar. Hakimiyyətdə olduqları 22 il ərzində heç olmazsa 2 min gənci adam yerinə qoyublarsa buna görə yapistlərə Kürdəmir rayon ictimaiyyəti adından, xüsusən Şilyan kənd məktəbinin əməkçi kollektivinin dilindən çoxlu sayda minnətdarlıq edirik. (Yazımda minnətdarlıq növbəsi onlara çatmışdı, elə bir özəl mənası yoxdur).
Bu uzun və lirik-romantik, geopolitik-psixiatrik girişdən sonra sizə başıma gələn əhvalatı, daha doğrusu, yuxumu ərz edim. Düzü, bilmirəm yuxunu başa gələn əhvalatlar kateqoriyasına salmaq olarmı, hər halda mən bu dəftərə yazdım. Deməli, gecənin bir aləmində yuxuda görürəm ki, həmin könüllülərin geydiyi alabəzək köynəklərin biri əynimdədir, şəhərdə veyillənirəm. Yaxamdan asılan vəsiqə isə bir qədər qeyri-standart, daha doğrusu, əcaibdir - vəsiqəmin uzunluğu yalan olmasın bəlkə metr yarımdır, ayaqlarımdan o yana uzanıb gedir. Üstündə isə ənənəvi “Bakı-2015 Avropa oyunları, vəsiqə nömrəsi, ad və soyad” tipli yazılar əvəzinə... “Soyuducunun krediti, Sərvinaz xalanın sələm pulu, Elxanın dükanına 2 manat 90 qəpik çiyələyə görə, uşağın bağçası, o biri uşağın məktəbi, qaz pulu, su pulu (cəhənnəm olsun, verməyəcəm), ət almaq lazımdır, evə gələndə çörək al” tipində çoxlu qeydlər vardır! Heç cür anlamadım ki, bu nəyin vəsiqəsi idi, nə üçün yaxamdan o uzunluqda siyahı asıb Avropa oyunlarına hazırlaşırdım.
Klassik üslubda desəm, qan-tər içində yuxudan oyandım. Əlbəttə, yalandan yazdım, qan-tər içində oyanmağın respublikamızda dinc quruculuq və sabitlik proseslərinə xələl gətirdiyini yaxşı anlayıram. Yuxudan rahat durdum, amma indi psixoanalitik yoldaşlardan soruşmaq istərdim ki, bu əndrəbadi yuxunun mənası nə idi? Yoxsa Avropa Oyunlarına yüksək templə hazırlaşmağım səbəbindən havalanıram? Nə biləsən... Həkim də yoxdur yanına gedəsən.
Ümumən götürəndə, gərək adam rahat yaşasın, heç zadı vecinə almasın. Dünya beş gündür, onun da üçü Avropa Oyunları kimi tədbirlərə düşür. Zarafat deyil, ciddi alimlər sözün əsl anlamında oturub hesablayıblar ki, bir insan ömrünün orta hesabla 6 ayını tualetdə keçirir! 400 min dəfə isə, üzr istəyirəm, qaz buraxırmış. İndi belə dəhşətli statistikalar varkən dərd çəkməyə dəyərmi? Dəyməz. Həyatdan zövq alın, yaşayın, yaradın.
Örnək üçün, bu yaxında Bakıda yaşayan 9-10-cu siniflərin şagirdləri imtahan vermişdilər, onların yarıdan çoxu - 50-55 faizdən söhbət gedirdi - “Azərbaycan dili” və “Riyaziyyat” dərslərindən 2 və 3 qiymətlər almışdı. Bunun mənası odur ki, ana dilini bilməyən, ikini ikiyə vurmaqda çətinlik çəkən nəsil yetişibdir. Tam yapistlərin arzu etdiyi nəsildir. Hərdən bir dönər al, il boyu qul kimi orda-burda işlət. Lap istəsən yandır. Səslərini çıxaran deyillər. Səsləri çıxsa belə qırıq-qırıq hecalar olacaq, axı ana dilini bilmirlər.
Həmin statistika yayılanda Təhsil Nazirliyindən bir nəfər açıqladı ki, dilxor olmağa dəyməz, keçən illərə nisbətdə artım var. Sözündən belə anladım: keçən illərdə uşaqlar 1 alırmış. Çünki 2 və 3 alanların ayrı cür artımı mümkün deyildir.
Böyük uğurdur. Lap mənim yuxudakı vəsiqəm kimi.
