Medianews.az
Partiyadan konsulluq kimi istifadə edənlər
179 baxış

Partiyadan konsulluq kimi istifadə edənlər

images_xalid bey s
Bu mövzuda əvvəllər də bir neçə dəfə yazmışıq. Ancaq hazırda bu söhbət aktualdır və ona yenidən münasibət bildirməyə ehtiyac var. İndi sizə mühacirətə getmək təşəbbüsü ilə bağlı canlı şahidi olduğum iki olaydan bəhs edəcəyəm.
20 il öncəydi, 1995-ci ilin parlament seçkilərinə buraxılmayan Müsavat partiyası zərbə almışdı, buna baxmayaraq, partiyaya axın vardı, hər gün yeni üzvlər qəbul edilirdi. Bir gün rayon təşkilatının növbəti iclasında bir nəfər otağa daxil oldu və partiyaya qəbul olunmaq istədiyini dedi. Adamın bazburutuna, üst-başına baxdıq və baxışdıq. O dönəmdə bəlkə də heç bir nazirin bu cür səliqəli və bahalı geyimi yox idi. Adam rifah saçırdı, sanki yüksək ranqlı diplomatdır və elə indicə Moskvadan gəlib. Sual çıxdı: bu hara, Müsavat hara? Bu nədən birdən-birə müxalifətçi olmaq istəsin ki? Soruşduq, sorğuladıq.
Məlum oldu ki, adam bizim rayondandır, doğrudan da Moskvadan gəlib, biznesmendir. Ona xalq hərəkatı, Müsavat, müsavatçılıq ideologiyası ilə bağlı suallar verdik. Heç birinə cavab verə bilmədi və qəfildən səmimi şəkildə dedi: “Eloğlular, mən Müsavat, Cəbhə, müxalifət-zad bilən adam deyiləm. Moskvada işim-gücüm var. Amma vəziyyət dəyişib. Ortaqlarım Almaniyaya köçüblər, işimizi də ora köçürmüşük. Mən də Almaniyaya getməliyəm. Bundan ötrü siyasi sığınacaq almalıyam. Dostlar deyirlər ki, Müsavatın biletini al, gəl, təşkil edək. Ona görə gəlmişəm”.
Onun bu cür səmimi danışığı rayon təşkilatının rəhbərlərindən bir-ikisinin xoşuna gəldi, dedilər, gəlin qəbul edək, qoy bir eloğlumuzun işi də bizim hesabımıza düzəlsin. Amma təşkilatdakı idealist, prinsipial şəxslər qəti etiraz etdilər, dedilər ki, yox, bu gedib Almaniyada milyonçu olacaq, biz burda polis dəyənəyinin altında qalacağıq, bundan bizə nə xeyir var.
Polemika uzandı və axırda qərara gəldik ki, əgər adam partiya biletini alıb dərhal ölkədən gedəcəksə, ondan nə Müsavata, nə də bu xalqa bir fayda olmayacaq. Ona görə də eloğlumuzu pərt-pəjmürdə halda yola saldıq. O da bizə borclu qalmadı, qapıdan çıxanda AXC-Müsavat hakimiyyətinə qarşı qısa və nifrətamiz bir çıxış etdi. Məlum oldu ki, adam bütün təbiəti ilə xalq hərəkatına, Müsavata qarşı olan bir şəxsdir, sadəcə, işi aşırmış deyə sifətinə saxta təbəssüm verərək, bilet almağa gəlib.
İkinci epizod isə günü, ayı, ili ilə yadımdadır. 2003-cü ilin oktyabr ayının 13-ü idi, prezident seçkilərinə iki gün qalmışdı. Müsavat partiyasının qərargahında və “Yeni Müsavat” qəzetinin redaksiyasında partiyaya üzv olmaq üçün gələnlərin əlindən iynə atsan yerə düşməzdi. Onların içində yaşı 70 civarında olan, geyimindən, kecimindən keçmiş vəzifə adamı olduğu hiss edilən, ötkəm xasiyyətli bir ağsaqqal da vardı. Yaxınlaşıb partiyaya üzv olmaq istədiyini dedi. Onu yeni üzvlərin qəbul olundu ikinci mərtəbəyə göndərməzdən öncə bir az danışdırdım, sinninin bu çağında partiyaya keçməkdə məqsədinin nə olduğunu soruşdum.
Ağsaqqal da səmimi danışdı, dedi, oğlu, gəlini, nəvələri Hollandiyada yaşayır, indi istəyirlər ki, o da gəlsin, deyiblər, bundan ötrü Müsavatın bileti lazımdır, ona görə partiyaya keçmək istəyir ki, bileti alan kimi getsin. Onu aşağıya göndərdik, ta bilmədik, növbəyə durub partiyaya keçə bildi, ya yox.
Bu cür insanlar çoxdur. Onlar hər zaman oyaqdırlar, tendensiyaları hamıdan tez duyurlar, başqalarından qabağa düşmək, aradan vaxtında çıxmaq üçün hər üsula əl atır, hətta siyasi partiyadan konsulluq kimi istifadə etməyi bacarırlar.
İndi bəzi dostlar deyirlər ki, eybi yox, bir sıra həmvətənlərimizin həyatı bu cür dəyişirsə, kömək edək, getsinlər, sıxıntıdan qurtulsunlar.
Ancaq bir həqiqət var: o cür adamlar heç burda da sıxıntıda deyillər, bir seçkiyə qatılmazlar, bir mitinqə çıxmazlar, həmişə ortada yeyib qıraqda gəzərlər, faydalanmaq lazım gələndə isə hamıdan qabağa soxularlar. Belələrindən nə bu ölkəyə, nə müxalifətə heç bir fayda yoxdur. Əksnə, xaricə yerləşdikdən bir müddət sonra biletini alıb gəldiyi partiyaya düşmən kəsilir, Azərbaycanın səfirliklərinə gedib özlərini xidmətə təklif edirlər.
Təsəvvür edin, ölkədən guya ki, “təqib-təzyiq üzündən” qaçıblar, amma iki ildən sonra səfirliklərin oyuncağına, maşasına çevrilirlər.

Bizə qoşulun