Medianews.az
İsa Qəmbərlə şəkil
228 baxış

İsa Qəmbərlə şəkil

zamin yeni raz
Mən deyirəm bütün Qafqaziyyə vilayətində bizim Danabaş kəndi kimi məzəli kənd yoxdu. Demirəm ki, pisdi, Allah eləməsin. Mən heç vaxt haqqı itirmərəm. Doğrudur, mən bir az incimişəm kəndimizdən, amma bu, kəndimizin pisliyinə dəlalət eləməz ki! İki yüz mənim kimi dılğır adam incisin bizim kənddən, bundan belə bizim kəndə yenə pis demək haqdan kənar olar” 
 
(Mirzə Cəlil, “Danabaş kəndinin əhvalatları”)
Azərbaycan paradokslar ölkəsidir. Avropa oyunları qayırırlar, o biri yandan da Avropanı söyürlər, Almaniyada insan haqlarının pozulmasından qırıldadırlar, hətta ATƏT-in Bakı ofisini bağlamaq istəyirlər. Belə çıxır ki, Avropa pisdir, amma oyunları yaxşıdır. Necə deyərlər, Avropanın yaxşısını götürək, pisi özlərinə qalsın.
Yaxşı Avropa deyərkən Parisdə gəzişmək, İsveçrə göllərinin qırağında ala balıq yemək, Londonda forslanmaq kimi şeylər nəzərdə tutulur, bunlar hamısı hakim klan üçündür. Pis Avropa isə homoseksualların hüquqları, İsveçdə işsizlik, mühacirlərə hörmətsizlik-zaddır, bu da müxalifətin və qara camaatın payına düşsün. Yaxşı Avropa bahalı avtomobillər, villalardır, pis Avropa insan hüquqları komissarıdır.
Təzəlikcə belə paradoksun biri Müsavat Partiyası ətrafında cərəyan edir. Partiya çox yaxşı bir hərəkət edib, siyasi dustaq problemi həll olunmadığı üçün oyunları boykota çağırıb. Bu fonda isə bir nəfər xaricə qaçan oğlan partiyanı ittiham edir. Deyir mənə saxta mühacirət sənədlərini niyə vermisiniz. Təsəvvür edin, yalançı və saxtakarların “bizi niyə saxtakarlığa yönəltmisiniz” deyə bağırdığı dönəmə girmişik. Elə bil bunun özü imam övladıdır. İsa peyğəmbərin dediyi “Günahı olmayan birinci daş atsın” sözləri bizdə aktual olaraq qalır. Qırmızı fənər küçəsinin sakinləri başqalarını qırmızı köynək geyməkdə suçlayır.
İsa demişkən, İsa Qəmbərin başına gələni də yazaq. Yapistlərin lideri ilə şəkil çəkdirdiyi üçün Avropanın burdakı nümayəndəsi Aleks müəllim Şahtaxtinskini (Avropanın pislərindən, üz qaralarından biri olan bu tip elə əslən bizimki idi) geri çağırdılar. Tam tərsinə, Avropada İsa Qəmbərlə şəkil çəkdirib mühacirət haqqı alanlar var imiş. İsa Qəmbərin şəkli Avropada açar imiş, bizdə isə qapıları bağlayır. Eyni zamanda, prezident Əliyevlə çəkilən şəkil Bakıda hörmət, Brüsseldə töhmət gətirirmiş. Belə çıxır ki, İsa Qəmbər daha çox avropalıdır. İsa bəydən xahiş eləyək, bütün Azərbaycanla şəkil çəkdirsin, ölkəni vuraq qoltuğumuza, köçək gedək bu yolayrıcından. Gedək, nəhayət, avropalı olaq. İsa Qəmbərə istefa - niyə vaxtında hamımızla şəkil çəkdirməyib?! Bə mənim viza-şəklim hanı?
Xarici İşlər Nazirliyimizdəki “layk” biabırçılığını da yəqin bilirsiniz. İndi bu düşük qurum hansısa ATƏT Minsk Qrupunu avaraçılıqda nə cür suçlaya bilər? Özləri oturub hansı işçinin kimin facebook statusunu “layk” elədiyini güdürmüşlər. Qəfildən Spartaka dönmüş Arif Məmmədov da gülməli fiqurdur. Neft pulları azalan kimi gəmini tərk edən siçovula bənzədiyini hiss eləmirmi? Əmin olun ki, sabah barrel bir az qalxsa bu adam yenə 20 illik mahiyyətinə qayıdacaq. “Bizim Cəbiş müəllim” filmində deyilən kimi: “Acından belə eləyirlər e...”
XİN-in penoplastdan çəkdiyi üzlük də yandı, xarici siyasətimizin necə maymaqların əlində olması göründü. Bəs indi nə etməli? Məncə ora “bandotdel”dən uşaqlar cəlb edilsin. Hər halda onlar hər iti-qurdu “layk” eləməzlər. Çoxu heç internet nədir bilmir. Nələrinə lazımdır? Yaşayırlar özləri üçün. Əsas odur güləşə bilirlər.
İraqda Səddam Hüseyn zamanında bir xarici işlər naziri, sonradan vitse-prezident olmuş şəxs vardı: Tarik Əziz. Prinsipcə, elə axmaq adam deyildi, amma amerikalılar 2003-cü ildə İraqı işğal edəndə Tariq bəy dünya KİV-lərinin əsas lətifə mövzularından biri olmuşdu. Çünki yorulmadan Səddampərəst bəyənatlar verirdi. Təsəvvür edin, ABŞ ordusu “Tomahavk” raketləri ilə Bağdadın altını üstünə çevirmişdi, Bəsrə yanırdı, İraq ordusunun generalları Səddamı beş qəpiyə satıb aradan cırırdılar və o boyda dövlət demək olar bir həftəyə çökdü, amma Tarik Əziz deyirdi: “Biz son damla qanımıza qədər vuruşuruq! İraq qalib gələcək! Az qalıb, Amerikanı mələdirik!” və sairə.
Bax, həmin Tariq Əziz elə bu günlərdə, 5 iyunda İraq türməsində öldü. Yeri gəlmişkən, o, İraq XİN-dən qabaq İraq informasiya naziri də işləmişdi, bir növ, “İraqın Hikmət Hacıyevi” adlandırmaq olardı. Əlbəttə, ranqlar çox fərqli olsa da. Taleləri oxşamasın, nə deyək.

Bizə qoşulun