Bu mövzuda uzun illər öncə, azı 12-15 il əvvəl yazdığımızı xatırlayıram. O vaxtdan bəri vəziyyətin nisbətən düzəldiyini, ölkə vətəndaşlarının öz övladlarının soyadlarının sonluğunu faiz etibarilə xeyli dərəcədə milliləşdirdiyini düşünürdüm.
Yanılmışam. Vəziyyət 10, 15 il öncə necəydisə, elə də qalıb. Hətta pisləşmədən də söhbət gedə bilər.
Bunu bu günlərdə bir yazar dostumuzun social şəbəkədə paylaşdığı cədvəl şəkli üzə çıxardı. Şəkildə Bakıdakı türk liseyinə daxil olan 6 yaşlı cocuqlardan 10 nəfərinin ad-soyadının qeyd olunduğu cədvəl görünürdü. Bu uşaqların 8-nin soyadı sovet-rus dövründən qalma “ov-yev”lə, biri “zadə” ilə, cəmi biri “li” şəkilçisi ilə bitirdi.
Bu uşaqlar dövlət müstəqilliyi qazanmağımızın 15-17-ci ildönümündən sonra doğulanlardır. Prinsipcə, valideynləri onların soyadını “ov-yev”dən xilas etməıliydi. Müvafiq qanunvericilik də var və bu texniki baxımdan xeyli asandır.
Hətta qanunların sərt olduğu sovet dövründə belə yüzdə bir ailədə olsa da, yeni doğulmuş övlada fərqli və milli soyad götürmək mümkün idi. Hər halda belə edənlər vardı.
İndi isə özü müstəqillik dövründə doğulmuş 23 yaşlı İmanov bir yaşlı qızının və ya oğlunun soyadını yenə də İmanov yazdırır və onunla rus İvanovun arasında cəmi bir hərflik fərq qalır.
Bu, niyə belədir? Dünən sosial şəbəkədə yazdığım müvafiq qeydlərlə bağlı şərh yazan şəxslərin bor çoxu vurğulayır ki, soyadlarımızın milliləşdirilməsinin qarşısı bürokratik əngəllərlə alınır. Hələ 1993-cü ilin fevralında qəbul edilmiş, bir neçə il öncə isə əlavə və düzəlişlər edilməklə yenidən təsdiqlənmiş uyğun qanunvericilik sənədinə yerlərdə riayət edilmir. Aşağı ranqlı məmurlar yenə hansısa əlavə sənədlər tələb edir, vətəndaşların müraciətlərinə məhəl qoymur, onları get-gələ salır, bezdirirlər. Sonda onsuz da bürokratik əngəllərə, növbəyə, üzücü sənəd düzəltmə prosedurlarına təhəmmül etməyən insanlar övladlarının soyadını milliləşdirməkdən vaz keçirlər.
İsrarlı olanlar da olur. Bunlar tənbəl olmayan, prinsipial adamlardır və qarşılarında yaradılan maneələri birtəhər aşırlar.
Bir də var bilə-bilə ruslara məxsus soyad sonluqlarını qoruyub-saxlayan, hətta qürur duya-duya nəsildən nəsilə ötürən şəxslər. Onlar zehniyyətcə ruslaşmış, özlərini bu xalqdan uzaq, slavyanlara yaxın sayanlardır. Hətta soyadı milliləşdirmək məsələsi məcburi olsa, bu şəxslər beynəlxalq hüquq instansiyalara müraciət edərək bu islahatı insan haqlarının pozulması faktı kimi qeyd edərlər.
Bu məsələnin ölkədə problem olaraq qalmasının bir səbəbi də ortada analoji örnəklərin olmamasıdır. Ölkəni idarə edənlərin, tanınmış adamların, elitar təbəqəyə məxsus şəxslərin 99 faizi hələ də “ov-yev” sonluqlu soyadların daşıyıcılarıdır və bu soyadlar hər gün teleradio efirlərində səslənir, qəzetlərdə yazılır. Əgər onlar bir-birinin ardınca soyadlarını milliləşdirsələr, bu proses olduqca sürətlənər, bir neçə ilin içində dönməz xarakter alar.
Deyilə bilər ki, soyad sonluğunun milliliyi boş şeydir. Elə deyil. Bütün günü tərsinə tutulmuş, asılmış dövlət bayrağının, təhrif olunmuş himnin, hətta Qız qalasının təəssübünü çəkən, milli dəyərlərdən, mentalitetdən danışan, ölkəmizin dünya birliyində öz adıyla, öz mədəniyyəti ilə tanınması yolunda canfəşanlıq edən şəxslər bu soyad məsələsinin də milli azadlıq ideyasının bir elementi olduğunu anlamalıdırlar.
Sovet dövrünün şairlərinin imzalarını xatırlayırsınızmı? Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşviq, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Rəsul Rza, Məmməd Araz, Musa Yaqub, Hüseyn Arif, Tofiq Bayram, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı və başqaları. Bunlardan başqa, onlarla, yüzlərlə qələm adamı vardı ki, imzalarını milliləşdirmişdilər və bunu özlərinin vətəndaşlıq borcu sayırdılar. Hətta onların imzasının bu özəlliyi mərkəzi hakimiyyət dairələrində müzakirəyə səbəb olur, ədibləri millətçilikdə günahlandıranlar tapılır, sonra hər şeyi onların “azad sənətkar” olmaları ilə əlaqləndirir, bir xəfif şıltaqlıq kimi dəyərləndirib üstündən keçirdilər.
İndi heç bir qoruq-qaytağın olmadığı bir şəraitdə biz yenə də bu işdə tənbəllik ediriksə, bunun heç bir normal izahı yoxdur.
Bir də qoy soyadları “ov-yev” sonluqlu “vətənpərvər gənclər” mentalitetdən, milli dəyərlərdən, dövlətçilikdən danışa-danışa başımızı yarmasınlar, öncə öz soyadlarına baxsınlar.
