Medianews.az
Bayraqları bayraq yapan... bayraq idarəsidir
514 baxış

Bayraqları bayraq yapan... bayraq idarəsidir

samir sari kose 1
Şükür, tək biz deyilik, dünyadakı 200 civarındakı dövlətin içində eynilə bizim kimi öz bayrağına böyük hörmət qoyan, bayraqdan ötrü uzun dirək düzəldən, yarım tondan artıq parça-qumaş işlədən, dirəyin uzunluğu ilə fəxr edən başqa dövlətlər də varmış.
Dünən televiziyada göstərirdilər. Meksika da “ən yekə bayraq” yarışmasına qoşulub, bir xeyli də uğur əldə edib, indilikdə səkkizincidir. Əfsus ki, bu müsabiqədə hansı dövlətin birinci, hansının ikinci olduğunu demədilər. Deyəsən, bu məsələ bir az mübahisəlidir. Çünki hər dövlət deyə bilər ki, mənim bayrağımın dirəyi, sapı daha uzundur, tutaq ki, metr yarım.
Bunu dəqiqliyi ilə ayırd etmək lazımdır, gözəyarı mümkün deyil. BMT-nin nəzdində xüsusi bayraq dirəyi ölçmə komissiyası (komitəsi də olar) yaradılmalıdır, tərəfsiz münsiflərdən ibarət heyət formalaşdırılmalıdır və onlar ölkəbəölkə düşüb dövlət bayraqlarının dirəyinin uzunluğunu, diametrini, parçanın ağırlığını, enini, uzununu, keyfiyyətini və sair parametrlərini ölçüb, müəyyənləşdirib dünya birliyinə elan etməlidir.
Yoxsa bu saat Tacikistan özünü ülgücləyir ki, guya ən uzun bayraq dirəyi məhz Düşənbədədir. Taciklər bunu acığa ediblər, biləsiniz. Bizim bayrağın dirəyinəinki postsovet məkanında, hətta dünyada ən hündür dirək olduğu bəyan ediləndən bir az sonra taciklərin ümummillliləşməkdə olan cahanşümul lideri İmaməli Rahmon göstəriş verdi, taciklər öz bayraqlarının dirəyini daha iki metr tikib artırdılar.
Əvvəllər belə haqq-hesablar kənd yerində olurdu, qonşu görürdü ki, qonşusu evin böyründən daha bir artırma otaq tikib, o da götürüb evinə daha bir artırma eyvan yapışdırırdı. Beləcə artıra-artıra gedirdilər. Bizim qohumlar elə bir intriqaya qapılmışdılar, bir də onda ayıldılar ki, ev peşə məktəbinin yataqxanasına dönüb – 10-12 dənə otağı, eyvanı var, hamısı da boş, ağzıgünə qalıb.
Xüləs, mətləbdən yayınmayaq, söhbət dövlətlərin “ən yekə bayraq kimdədir” yarışmasından gedir.
O gün az qala Meksikadakı bayraq meydanında qanqaraçılıq olacaqdı. Deməli, meksikalılar bayraq meydanına yığışıb mərasim keçirirdilər, 760 kiloluq bayrağı uzun dirəyin başına qaldırırdılar ki, orda vüqarla dalğalansın. Bir tərəfdə orkestr çalırdı, hiss edirsən ki, “Qalx, qalx, ulu bayraq” melodiyası səsləndirirlər. Millət tamaşaya durmuşdu və riqqətə gəlmiş halda bayrağın yuxarıya dartılmasına tamaşa edirdilər. Bayaqdı ha, bayrağın qumaşının uc tərəfini sahmanlayan əsgər parçaya ilişdi və mexanizm onu da bayraq qarışıq dartdı asimana. Camaat qışqırışırdı. Yazıq əsgər göyün üzündə çabalayırdı, necə olmuşdusa fırfıra kimi fırlana-fırlana qalmışdı. İncəvara, bayraq da öz yanından paraşütə dönüb, əsgərin kəskin şəkildə yerə çırpılmasına mane oldu və zavallı əsgər 35 metr hündürlükdən bayrağın yardımı ilə yerə gəldi, yıxıldı. Hamı elə bildi ki, bitdi, adam Çezare statusu aldı. Amma müayinədən sonra məlum oldu ki, ciddi zədəsi yoxdur, eləcə, ayağı burxulub.
Əgər o əsgər havada bayraqdan açılsaydı və yerə gəlsəydi, mütləq öləcəkdi. Ondan sonra hamı Meksikanın bayrağını görəndə deyəcəkdi ki, hə, bu o bayraqdır, əsgərin başını yeyən.
Amma fikir vermişəm, bütün bayraqsevər ölkələr bayraq dirəklərini elə yerdə tikirlər ki, orda həmişə meh olsun və bayraq həmişə dalğalansın. Bizim bayraq isə çox küləkli yerdədir, o üzdən çox dalğalanır və tez-tez cırılır. Ən azı ildə dörd dəfə onu müvəqqəti aşağı salmaq, endirmək lazım gəlir, onda da bir qrup bayraqpərvər mətbuatda haray salır ki, ay aman, qoymayın, bayraq endirilib.
Yeri gəlmişkən, o gün ölkəmizin baş bayraqdarını işdən çıxardıblar və guya ki, başına torba salıb harasa aparıblar. Əlbəttə, onu bayrağın tez-tez endirilməsinə və ya cırılmasına, hətta Martirosun nəvəsi olduğuna görə işdən çıxarmayıblar, nəsə başqa işləri varmış, deyirlər, oliqarx olmaq istəyirmiş.
İndi hesabınızı götürün, dünən açılan bayraq idarəsinin müdiri oliqarx olursa, əli milyonlarla oynayırsa, görün əkə-bükə nazirliklərin, komitələrin, idarələrin şefləri hansı tərəqqidədir.
Ən uzun bayraq Tacikistanda, hətta Meksikada ola bilər, amma heç ola bilməz ki, onların baş bayraqdarı milyonçu olsun. Türkün sözü, iştə budur bizim fərqimiz.
 

Bizə qoşulun