I Avropa Oyunlarına sayılı günlər qalır və ölkədə həyəcan getdikcə artır. Hamı Avropa Oyunlarından danışır - nazirlər, deputatlar, məmurlar, jurnalistlər, həkimlər, müəllimlər, tələbələr, taksi sürücüləri, hamballar. Bir sözlə, hamı.
Açıqlamalar üst-üstə gəlir. İndi onlardan bir xeyli sitat gətirəcəm.
Baş nazirin müavini Əli Həsənov: “Birinci Avropa Oyunları ərəfəsində bəzi qüvvələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası ölkəmizin gündən-günə nüfuzunun artması ilə bağlıdır. Bu qərəzli mövqelər və aparılan çirkin kampaniya heç bir nəticə verməyəcək”.
***
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov: “I Avropa Oyunları ərəfəsində hər gün Azərbaycana qarşı qərəzli münasibət müşahidə edirik. Azərbaycana münasibət, Azərbaycanla bağlı atılan addımlar qərəzlidir”.
***
Baş nazirin müavini Əli Əhmədov: “Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası ”Bakı-2015" ilk Avropa Oyunlarının üzərinə heç bir kölgə sala bilməyəcək".
***
Aydın Mirzəzadə: “İlk Avropa Oyunları anti-Azərbaycan qüvvələrinin planlarına böyük problem yaradır”.
***
Parlament sədrinin müavini Ziyafət Əsgərov: “Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağıran bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarına, insanlara sözün həqiqi mənasında yazığım gəlir. Çünki boykot çağırışları, qarayaxmalar, guya Azərbaycanı gözdən salmağa yönəlmiş çağırışların dövrü artıq keçib”.
***
Bahar Muradova: “I Avropa Oyunları ilə əlaqədar beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma kampaniyası gedir. Bu gün idman bir sıra dairələrin əlində dostları, millətləri birləşdirən, dostlaşdıran alət kimi yox, siyasi maraqları təmin edən alət kimi istifadə olunur. Hesab edirəm ki, idmanın siyasətə çevrilməyinin qarşısını almaq üçün media öz mövqeyini ortaya qoymalıdır”.
***
Deputat Siyavuş Novruzov: “Birinci Avropa Oyunları yaxınlaşdıqca, xaricdən və daxildən olan belə qüvvələrin böhtanlarının sayı artmaqdadır. Lakin hər zaman olduğu kimi, Azərbaycan haqq yolundadır. Təbii ki, bundan sonra da bu yolu davam etdirmək lazımdır”.
***
Deputat Hadi Rəcəbli: “Dünyada nə qədər dərd-sər, problem var. Bu problemlərin hamısı yaddan çıxıb, onların yadına Azərbaycanda keçiriləcək I Avropa Oyunları düşüb. Bunun içərisində bir neçə məsələ var. Birincisi, həsəd var. İkincisi, bizim inkişafımızı görməmək var. Üçüncüsü, erməni lobbisinin əl-qol atması var. Bundan başqa, Azərbaycana digər təzyiq vasitələri var”.
***
Deputat Fuad Muradov: “Düşmənlər və onların havadarları qarayaxma ilə Azərbaycanı zəiflətməyə nail ola bilməyəcəklər. ... Bu qərəzli mövqe bizim heç bir işimizə təsir etməyəcək. Avropa Oyunları, ümumiyyətlə, bütün regional layihələrimizi gerçəkləşdirəcəyik. Buna heç kim mane ola bilməyəcək”.
***
Deputat Azay Quliyev: “Azərbaycan böyük Avropa səviyyəli tədbirə ev sahibliyi edəcək. Əlbəttə, bu oyunların keçirilməsi bir çoxlarını narahat edir. ... Lakin heç də hamı dost deyil. Bizi sevməyənlər də və bu tədbirin Azərbaycanda keçiriləcəyindən qıcıqlananlar da var. Onlar təbii ki, indi ən müxtəlif üsullara əl atırlar, qarayaxma kampaniyasına başlayıblar”.
***
Sabiq atıcı Zemfira Meftəhəddinova: “Azərbaycanda keçiriləcək I Avropa Oyunları böyük bir idman bayramı olacaq. Bu, Avropanın idman tarixində ilk hadisədir və deməli, bizim bu yarışlara maksimum hazırlıq səviyyəmiz olmalıdır”.
Bunlar I Avropa Oyunlarına dair mövqe bildirən mənsəbli şəxslərin dediklərinin cüzi bir hissəsidir. Bununla belə aydın olur ki, bəzi xarici dairələrdə Avropa Oyunlarına görə bizə qarayaxma kampaniyası aparanlar, paxıllığımızı çəkənlər, bu uğurumuza görə qıcıqlananlar, əleyhimizə iş görənlər var.
Bu qədər vəzifəli şəxslərin dedikləri havayı ola bilməz. Bir bildikləri var ki, deyirlər. Necə deyərlər, od olmasa, tüstü çıxmaz.
Ancaq maraqlıdır, yüksək mənsəblilər bu qarayaxma kampaniyasını aparanların adlarını niyə çəkmirlər, niyə mənbə göstərmirlər, eyzən ümumi danışırlar?
Əgər onlar konkret mənbə göstərsələr, hamılıqla o kampaniyaya qarşı çıxarıq, sözümüzü deyərik.
Yoxsa kənardan elə görünür ki, bizə bir söz deyən yoxdur, öz-özümüzə huyuxmuşuq.
