Medianews.az
Consonun ikinci gəlişi
503 baxış

Consonun ikinci gəlişi

samir sari kose 1 İlk baxışdan adi davadır. Bir az da özünümüdafiəyə oxşayır. Ha zənd eləyirsən, videokadrlarda eləcə dalaşanların peysərləri görünür, üzü o tərəfə durub döyüş vəziyyəti alıblar, arada da kiməsə yumruq ilişdirirlər. Əlbəttə, peysərlərindən ingilisə oxşayırlar da, oxşamırlar da, amma idmançı olduqları şübhəsizdir. Heç bir başqa peşə sahibində o cür peysər olmaz. Məsələn, onlar pianoçu olsalar, birincisi o boyda olmazlar, ikincisi, hər saat durub dalaşmazlar (dalaşsalar da, döyülərlər), konflikti lirik ladlar üzərində kökləyib, beş-altı “no problem”, “ikskyuzmi”, “sorri” deyib vəziyyətdən çıxarlar. Ancaq görün, bu ingilis idmançılar neyləyib. Kadrlarda görünmür, amma deyilənə görə, bir milli polisi əzişdiriblər, çənəsini qırıblar, hələ papağını da başından salıblar. Xəbərə görə, “Hiss klub”da ingilis turistlərin mühafizə polisini döyməsi faktı ilə bağlı hələlik həbs edilən yoxdur və cinayət işi də açılmayıb. Elə olar. Başqa cür olmaz. Bizdə qonağa hörmət var. Xüsusilə də ingilis qonağa. Bunlar pakistanlı, çinli səyyar satıcılar deyil ki, uşaqlar küçədə-bayırda “bes manat, üs manat” deyib dallarınca düşsünlər. Heç ingilislər onu da bilmirlər ki, özlərində olduğu kimi, bizdə də polis toxunulmazdır və onun papağına əl vuran adamı tutub qoyurlar içəri. Bu da özümüzə aiddir, bizdə biri eləsə, yerindəcə döyülər və tutular. Amma elə bir qanacaqsızlığı ingilislər, fransızlar edəndə məcburuq onları qurban edək Avropa Oyunlarına, avropalı qonaq olmalarına. Bununla belə, qonaq da qonaq qələtini eləməlidir, özünü təvazökar, mərifətli aparmalıdır. Bizim idmançılar da düşəndə ora-bura, Amerikaya, İngiltərəyə, Fransaya gedirlər. Heç eşitməmişəm ki, bizim idmançılar getdikləri ölkədə hansısa barda, oteldə dava salsınlar, polis döysünlər. Hərgah elə bir şey eləsələr, onları peysərləyib polis bölməsinə basar, orda da bir az öz dillərində zəvzəyib, bunları yalvardar, sonra gecəylə təyyarəyə mindirib deportasiya edərlər. İndi bəziləri yazır ki, “mədəni” ingilislərdən bunu gözləməzmişlər. Nə mədəni? Bunlar idmançıdırlar, yazıçı, rəssam, fleytaçı, jurnalist, aktyor deyillər. Bunlar heç mədəni Devid Bekhem də deyillər, olsa-olsa, Ueyn Runinin daha qaba versiyasıdırlar. Son 20 ildə dünyanın ən məşhur şəhərlərində ingilis azarkeşlərdən çox dava salan, qan tökən yoxdur. O vaxt, sizin eradan əvvəl “Qalatasaray” UEFA çempionu olduğu il bir dəstə ingilis futbol fanatı gəlib İstanbulda lotuluq eləmiş, yetənə yetib, yetməyənə pivə şüşəsi atmışdılar. Bundan qeyzlənən türk fanatlar da çox hiddətlənmişdilər və bir neçə ingilisi yortmuşdular. Az qala iki ölkə arasında qanqaraçılıq düşəcəkdi. Onlarda qaydadır tez-tez hansısa matça baxmaq üçün dəstə-tifaq başqa ölkələrə gedirlər. Ən çox da İtaliyaya. Gedir, yeyib-içir, sərxoş olur, axırda italyanlara “makaronyeyənlər” deyib sataşır, dava salırlar. Amma ordakı tiffozilərin də başı xarabdır, ingilisləri necə lazımdır, qarşılayır, araya salıb təpikləyir, teyxa bintin, bandajın içində yola salırlar. Almanlar da elədir. İngilislərin gücü bircə fransızlara çatır, Parisə, Liona girən kimi yazıqları təpə-qapaz edirlər. İndi belə görünür ki, yaramazlar bizi də fransız yerinə qoyublar. Bəlkə də bizim kimi maymaq heç Fransada da yoxdur. Orda heç olmasa polis cinayət işi açardı. Bizdə polisin qırılan çənəsi ara yerdə getdi. Bu, hələ jurnalıdır, qoy bəziləri demişkən, gələn ay “Yevrovizion” (Avropa Oyunlarına belə deyirlər) başlasın, görün, nə həngamə qopacaq. Bizim fanatlar, xuliqanlar ingilislərə, hollandlara yaxın gedə bilməyəcəklər, əvəzində onlar düz 18 gün Bakıda kef və lotuluq edəcəklər. Məsələni siyasiləşdirəsi olsaq, deməliyik ki, 1918-ci ildə olduğu kimi Bakımız yeni bir ingilis işğalına məruz qalacaq. Bu dəfə onlar təkcə 26 Bakı komissarını əsir götürüb özləri ilə Ağcaqum çölünə aparmayacaqlar, hamımızı əsir-yesir edəcəklər. Şair yerində yazıb: “Tiq Conson qart köpəkdi, ölüm toxumu əkdi”... Gərək araşdıraq, bəlkə də polisimizin çənəsini qıranın soyadı elə Consondur.

Bizə qoşulun