Medianews.az
Mayamidə kasıb olsan...
591 baxış

Mayamidə kasıb olsan...

samir sari kose 1 Məşhur səyyah Tur Heyerdalın bu ifadəsini əvvəllər bir dəfə yazıda sitat gətirmişəm, indi daha bir dəfə təkrar etməyə ehtiyac var. Dünyanın demək olar ki, bütün materik, qitə, arxipelaqlarını gəzmiş, ölkələrin də tam əksəriyyətini dolaşmış bu məşhur səyyah yazdığı kitabların birində böylə bir müdrik söz işlədib: “Cənnət axtara-axtara dünyanı gəzən insanlar axırda onu tapırlar. Vətənlərinə qayıdanda”. Mərhum səyyah belə deyərkən onu nəzərdə tutur ki, dünyanın ən dilbər guşəsinə getsən də, orda yaşasan da, lap, bizim kəndçilər demişkən, öz aşağı ətrafının kinetik enerjisiylə göyə çıxsan da, xeyri yoxdur, vətənin olmayan gözəl məkandan məmnun qalmayacaqsan, amma qayıdıb ölkənə gələndə görəcəksən ki, ən yaxşı yer buraymış. Kişi bu işin uzmanıydı, türkün sözü, bildiyi bir şeylər vardı. Ona görə də onun sözünü gərək heç kəs, o cümlədən “bu ölkədən” haştağı yaradaraq, buralardan qaçıb getməyi təbliğ edənlər qəribçiliyə salmasınlar. Başqa sözlə, başqa ölkələrdə heç də yel əsib, qoz tökülməyib, eləcə də hurilər, qılmanlar küçədə durub demirlər: “Ay qərib oğlan, canım sənə qurbandır, gəl bizdə qal, papamın evini adına keçirim, cipini də sən sür”. Yəni bu ölkədən çıxan kimi adam xoşbəxt olmur, ömründə görmədiyi əzab-əziyyətləri, məhrumiyyətləri, sıxıntıları çəkir. Güclü adamdırsa, dözür, durur, zəif adamdırsa, əli ətəyindən uzun şəkildə, suyu süzülə-süzülə qayıdıb gəlir, Heyerdal demişkən, öz cənnət vətəninə. Bunu xaricdə çoxlu mühacir dost-tanışı olan və onların çəkdiyi əziyyətin 10-15 faizini bilən adam kimi yazıram. Məşəqqətli işdir. Baxın, dünyada ölkəsindən bezən nə qədər adam var. Hamısı da Avropaya axışır. Amma tez-tez Aralıq dənizindən bəd xəbərləri gəlir. Olur ki, bərələri, gəmiləri suya gömülür, 500-1000 arası mühacir batır. Bu adamlar gəmiyə minəndə mənzil başına sağ-salamat çatmaq ehtimalının 50/50-yə olduğunu bilirlər, amma ölüm ehtimalı onları saxlamır. Uzun sözün kəsəsi, insanlar bəzən elə bir hala çatır ki, öz vətənlərini cəhənnəm hesab edirlər və başqa yerin hamısı gözlərinə cənnət kimi görünür. Amma cənnət hardadır? Aralıq dənizinin ilıq sularının dibində, İtaliya, Yunanıstan sahillərində cənnət nə gəzir? Ona qalsa, yunanlar özləri də getməyə yer axtarırlar. Ona görə də gərək ölkəmizin “ölkəyə sadiq vətənpərvərləri” və “qıraq yerdə cənnət axtaran dönükləri” bu xüsusda dalaşıb söyüşməsinlər. Gerçəklik bundan ibarətdir: bu ölkədən getmək istəyənlərin burda babat işləri, dolanışıqları, azadlıqları olsa, niyə getmək istəsinlər ki? Getmək istəməyən gənc patriotların işi yaxşı gedir: YAP-ın üzvüdürlər, pis-yaxşı iş-gücləri, qazancları, gələcəyə yönəlik planları var, yeri gələndə minirlər VAZ-ı, alırlar yanlarına Gülnazı, basırlar qazı, ta niyə olsunlar narazı. Əlbəttə, dünyanı gəzmək, görmək yaxşı şeydir və hamı bu işə həvəslidir. Amma yenə də hökumətsevər patriotlar bir neçə addım qabaqdadır. İndini bilmirəm, amma iki-üç il qabaq YAP-ın gənclərini ölkədə tutmaq olmurdu, ölkə-ölkə gəzirdilər, yeyib-içib əylənirdilər, sonra da ölkəyə qayıdıb vətənpərvərlik dərsi keçirdilər. Hərçənd sonra gənclər xaricdə nə iş gördülərsə, nə qələt qarışdırdılarsa, bu cür lirik-patriotik-romantik-semantik səyahətlərə son qoyuldu. Ya da indi əl altından gedirlər, mediaya duy vurmurlar. Bu üzdən gərək dünya ulduzları kimi günləri turnedə keçən, şeyxzadələr kimi villada yaşayan, gündə bir cip və müasir ziyalılar demişkən, civi dəyişən gənclər işsiz-gücsüz, yaşı keçən, öz ölkəsində gələcək görməyən kasıb gəncləri özlərinə bir gün ağlamaq üçün çabalayıb xaricə çıxmaq istədiklərinə görə danlamasınlar. Belə vətən oğlu sevəndirlərsə, getmək istəyənlərin birinə gömrükdə iş düzəltsinlər, sonra görsünlər, o gənc ölkədən getmək istəyirmi, istəmirmi? İşsiz olandan sonra adam istəyir Baham adalarında, Mayamidə yaşasın, iki aya canından da bezəcək, o cənnətməkan yerdən də. Əgər bir gün Sibirin 60 dərəcə şaxtasında, ya da 50 dərəcə istisi olan Omanda ona dolanışıqlı iş təklif eləsələr, qaça-qaça ora gedəcək. İnsanlar əvvəlcə yaşamaq istəyir, sonra vətən haqqında pafoslu şeir demək, qeyrətli mahnı oxumaq.

Bizə qoşulun