Redaksiyada oturub saytlarda dolların bir-iki qəpik bahalaşması, ancaq daha çox bahalaşacağı, Mərkəzi Bankın bu xüsusda təkzibini oxuyub qara-qara düşünürdüm. Çünki bilirəm, benzindir, dollardır, bunlar bahalaşdısa, hər şey bahalaşır və xalqın (içində də özümüz) güzəranı pisləşir. Adam qorxur ki, manat ucuzlaşa-ucuzlaşa gedə, Zimbabve dollarının gününə düşə.
(Bilməyənlər üçün deyim ki, Zimbabvedə 1 yumurta almaq üçün 5-6 milyon dollar pul vermək lazımdır. O ölkədə hamı dollar milyonçusudur, adi dilənçinin cibində də azı 20 milyon dollar tapmaq olar).
Bax, bu cür qara-qara düşüncələrdəydim ki, qonşu masada işləyən həmkarlardan biri qəfildən soruşdu: “Hocam, 1 milyon manatınız olsa, nə edərdiniz?”
Sual qəfil olduğu qədər də kəskin idi və onun müəllifi gözünü zilləyib konkret cavab gözləyirdi. O, sualı bir daha təkrar etdi və mən istər-istəməz, o istiqamətdə düşünməli oldum. Fəqət əlimdə 1 milyon manat kərəvəngə qalmışdım: indi bunu necə edim, nə cür xərcləyim, hara yatırım.
Köhnə söhbətdir, deyirlər, çoxlu pulu qazanmaq çətindir, amma çoxlu pulu xərcləmək ondan da çətindir. Hərdən Türkiyə mediasında lotereyada milyonlar udan, ancaq qısa müddətdən sonra əlindəki pul-paranı lotulara, özləri demişkən, “pavyon qadınları”na, cürbəcür dələduzlara, oğrulara qapdıran, əvvəlkindən də kasıb duruma düşən “şanslı”lar barədə yazılar gedir. Oxuyursan, görürsən ki, bəli, çox pul qazanmaq üçün adamda ağıl, fərasət və bəxt kimi şeylər olmalıdırsa, pulu qoruyub saxlamaq üçün ağıl da lazımdır, fərasət də, bəxt də, dərin savad da, hiyləgərlik də, karlı day-day da, etibarlı və dürüst köməkçilər də. Yoxsa vallahi, girəvələyib adamın əlindən o pulu elə çıxararlar ki, bir milyon borcu olan birinə dönərsən.
O da yadıma düşdü ki, bu sualı 3-4 il qabaq bir sıra tanınmış qələm-kağız, mikrofon-klaviatura adamlarına vermişdilər, onların sırasında mən də vardım və dövrün konyukturasına uyğun cavab vermişdim. Bu saat konkret olaraq yadımda deyil, amma cavabımda, deyəsən, bir milyon manatın bir xeyli hissəsi xeyriyyəçiliyə-filana gedirdi.
Əlbəttə, indinin özündə də o qədər pulun bir hissəsini xeyriyyəçilik üçün xərcləməsən, haram olar, yeyə bilməzsən, amma artıq vəziyyət dəyişib, indi gərək pulu daha səmərəli xərcləyəsən, durub “Porşe”, “Ferrari”, “Bentli” kimi bahalı maşınlara verib küçələrdə “ğorrrrrrr” edə-edə ora-bura şütüməyəsən.
Amma mən deyiləm, sizsiniz, birdən əlinizə düşən milyonu artırmaq fikrinə düşərsiniz, inşaat sektoruna, qida sənayesinə qoymağa, şadlıq sarayı-filan tikdirməyə qalxarsınız. Mümkün deyil, pulu batırarsınız. Tutaq ki, gedib Seneqaldan 300 min dollarlıq banan gətirmək istədiniz, o bananı ölkənin sərhədindən içəri keçirməyə qoyarlarmı? Qoymazlar. Hamısı da sərhədin o üzündə xallayıb çürüyər, gedər. Mobil telefon alverinə girərsiniz, elə vəziyyət yaradarlar ki, gömrükdən ən yaxın dostuna təcili yardım zəngi etməyə telefon tapa bilməzsən.
Hökumət adamları səndə bu qədər pulun olduğunu bilsələr, kənddə yaşayan balaca qardaşının cibinə nəşə atıb tutdurar, deyərlər, filan qədər gətir, buraxaq. Aparıb verərsən. Görərlər, verirsən, əvvəlki məzənnəyə qane olmazlar, bu dəfə böyük qardaşının belinə daha ağır maddə şəlləyərlər, yenə aparıb verərsən.
Qohum-əqrəba “bir aya qaytararam” şərtli xahişlə üstünə cumar, oğul evləndirmək, qız köçürmək, ölü götürmək üçün pul istəyər, verməyə bilməzsən, bir də görərsən, bay, verdiklərinin bir manatı geri qayıtmır, amma pul xahişləri də tükənmir. Bir gün borc verdiyin adamların birindən pulunu geri istəyərsən, dərhal düşmən elan edər, ictimai yerlərdə deyərlər, bir qəpiklik adam deyil, altında milyonu var, bir qohumunun yaralı barmağına ilk tibbi yardım göstərmir.
Ona görə də cavab gözləyən gənc həmkarıma dedim ki, mənim 1 milyonum olsa, noutbukumu da götürər, bir kruiz gəmisinə oturub, bədii, publisistik yazılar yaza-yaza rəssam Qo Genin iziylə Taiti adasına gedərəm, ordan dolanıb Alyaskaya keçər, sonra Çiliyə, CAR-a yollanar, dünyanı gəzərəm, 5-6 aydan sonra bir neçə hazır kitabla qayıdıb gələrəm.
Düzgün cavab isə belədir: 1 milyon manatın varsa təcili aparıb dollara çevirmək lazımdır. Gənc nəsil çox praqmatikdir...
09.04.2015, 06:56
499 baxış
Samir Sarı
1 milyon manatın olsa...