Medianews.az
Hamını qorxudan, heç kəsdən qorxmayan
197 baxış

Hamını qorxudan, heç kəsdən qorxmayan

images_dekabr_kose xalid kazimli Daha başqa söhbətə lüzum yoxdur: bütün dünya Putindən qorxur - A-dan Z-yə. ABŞ prezidentinin Ukraynaya silah verməkdən imtina etməsindən sonra bunu birmənalı olaraq demək olar. İndi Rusiya Federasiyasının prezidentindən təkcə postsovet məkanına daxil olan ölkələrin rəhbərləri yox, hətta digər qonşu və uzaq ölkələrin başçıları da qorxur. Putin son 70 ilin ən qorxunc dövlət rəhbərinə çevrilib. Ondan əvvəl bu “ehtişamlı” status Hitlərə məxsus olub. Ondan da çox adam qorxurdu - hətta öz müttəfiqi Mussolini də. Hitlerdən yalnız ABŞ prezidenti Ruzvelt, İngiltərənin baş naziri Çörçill, SSRİ-nin rəhbəri Stalin qorxmurdu. Putindən isə Obama da qorxur, İngiltərənin baş naziri Kameron da, Fransa prezidenti Olland da, Almaniyanın baş naziri Merkel də. Beləcə, dünyanın idarə edən qorxaqların üzündən Ukraynanın yeni hakimiyyəti və xalqı Rusiyanın təcavüzkar siyasətinin, rus hərb maşınının qarşısında tək qalıb. Postsovet ölkələrinin başçılarının Putindən qorxması təbiidir. Onlar ac və acıqlı “rus ayı”sının qarşısında çox gücsüzdürlər. Bəzilərinin bir pəncə zərbəsinə tablaşacaq canı yoxdur. Hamısı da bilir ki, dünya ilə hesablaşmayan Rusiya istənilən gün hər hansı bir bəhanə ilə onları ərazisinə soxula və dövlətçiliklərini məhv edə bilər. “Dünya birliyi bu işi belə qoymaz” illüziyası çoxdan dağılıb, puç olub. Hələ 2008-ci ildə Rusiya Gürcüstanı qapazlayanda “dünya birliyi” yalnız gendə durub “dəymə, döymə, yazıqdır” deməklə kifayətləndi. Krımın qızıl-qırmızıca Ukraynadan qoparılıb Rusiyaya birləşdirilməsi isə həmin “gendədurma”nın daha bir bariz nümunəsi oldu. Böyük dövlətlər bəyanat verməklə kifayətləndilər, hazırda isə heç yerdə Krım söhbəti getmir. İndi böyüklər eyni məzmunlu bəyanatlarla heç olmasa Ukraynanı qorumağa çalışırlar - hələ onun da hamısını yox, bir hissəsini. Ətrafındakıları qorxudaraq özünə tabe etdirmək, iradəsini yeritmək Rusiyaya xas köhnə şakərdir. Kreml heç vaxt zorakılıqdan çəkinməyib və həmişə qarşısındakıları acı fakt qarşısında qoymağa üstünlük verib. Məşhur politoloq Valentin Zorinin bir kitabında bu barədə geniş söhbət açılır. Zorin zordan vaxtında və çəkinmədən istifadə etməyi rus xarakterinin üstünlüyü, Rusiyanın məziyyəti kimi təqdim edir. Ötən il Donetsk səmasında Malayziyaya aid sərnişin təyyarəsinin ruspərəst separatçılar tərəfindən vurulmasından sonra “dünya birliyi” əmin oldu ki, bu dövlətlə danışıqlarda beynəlxalq konvensiyalara istinadın heç bir mənası yoxdur. 12 gün öncə Moskvada, Kreml divarlarının yaxınlığında rusiyalı müxalif siyasətçi Boris Nemtsovun güllələnib öldürülməsi də özlüyündə həm Rusiya xalqına, həm də bütün dünyaya mesaj sayıla bilər. Qatil kimi həbs olunan şəxs Çeçenistan prezidenti Ramzan Kadırovun əsgəridir, batalyon komandiridir, dostudur. Normalda Kadırov vəzifəsindən dərhal götürülməli, istintaqa cəlb edilməli idi. Amma Putin ona “Şərəf” ordeni verdi. Bu, onun xidmətinin mükafatı idi. Bu, böyük və sinik bir etirafdır: Nemtsovu düz eləyib öldürüblər, biz eləmişik, yaxşı eləmişik, alın a, yana-yana qalın a. Bax, buna görə Rusiyanın daxilindəki müxaliflər də qorxur. Çoxları “növbəti qurban” olacağını düşünür. Bəziləri hətta bunu dilə gətirir və ictimailəşdirir. Bu, boşuna deyil. Artıq Rusiyanın özündə və onun əlinin çatdığı hər yerdə xof mühiti hökm sürür. Ortada bir zamanlar Amerikada fəaliyyət göstərmiş “Ku-kluks-klan” kimi bir cəza dəstəsi də var. Kremldən dəstəklənən “çeçen briqadaları” istənilən əmri yerinə yetirməyə və buna görə “məhkəmə qarşısında cavab verməyə” hazırdırlar. Rusiya ordusunun rəhbərliyi də prezidentin istənilən əmrini yetirməkdə tərəddüd etmir. Putinin isə bir sözü iki deyil. Öz hakimiyyət komandası onun iradəsi əleyhinə kəlmə də kəsə bilməz. Beləcə, Rusiyanın, postsovet məkanının, eləcə də Avropanın taleyi Putinin iki dodağının arasındadır. Dünya birliyinin Putindən qorxması səbəbsiz və əsassız deyil. Putinin əlində geniş nüvə arsenalı var və qüdrətli dövlətlərin rəhbərləri anlayırlar ki, bu şəxs son anda məğlub olmamaq üçün ondan istifadə edə bilər. Son bir ildə RF prezidentinin verdiyi bir sıra gözlənilməz və müdhiş əmrlər təsdiq edir ki, bəli, bu cür adamlar heç nəyə baxmadan o məşum addımı atmağa qadirdirlər. O özü isə heç nədən, heç kimdən qorxmur.

Bizə qoşulun