“Azərbaycanda orqan transplantasiyası ciddi məsələlərdən biridir və bununla bağlı təcili tədbirlər görülməlidir”.
Bu barədə SalamNews-a açıqlama verən millət vəkili Qənirə Paşayeva, Azərbaycanda orqan köçürülməsi ilə bağlı qanunun hələ 1999-cu ildə qəbul olunduğunu qeyd etdi: “Qanunda orqan bankının yaradılması məsələsinin həll olunması əks olunub. Ancaq təəssüf ki, bu qanunun işlək vəziyyətə gətirilməsi hələ də həll olunmayıb”.
Onun sözlərinə görə, dünyadan köçən insanların orqanlarının bağışlanması ilə bağlı problem bu gün də qalmaqdadır: “Ölkədə olan mövcud sistemə görə, xəstə şəxsə yalnız yaxın adamları və ailə üzvləri orqanlarını bağışlaya bilərlər. Ancaq onlar da yalnız cüt və arta bilən orqanlarını bağışlaya bilərlər. Buna baxmayaraq bəzən elə xəstələr olur ki, onların yaxın adamları olmadığı üçün ehtiyacı olan orqanı ala bilmirlər. Belə olan halda həmin insanların taleyi necə olacaq? Bir məsələ də var ki, hansısa şəxs öz orqanını kiməsə verdikdən sonra, öz həyatı da təhlükəyə girir və həmin şəxs əlilə çevrilir”.
Millət vəkili qeyd edib ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da ölmüş şəxslərin orqanlarından istifadə etmək olar: “Bu məsələdə heç kimi haqqı pozulmur. Bu işi könüllülük prisipləri əsasında həyata keçirmək olar. İstənilən şəxs sağlığında vəsiyyət edərək, öləndən sonra hansısa orqanının orqan bankına qoyulmasını, sonra da ehtiyacı olan insanlara verilməsini istəyə bilər. Ölkədə buna şərait yaradılmalıdır. Ancaq bu işin kütləviliyini təşkil etmək üçün prossedur yoxdur. Bunun həyata keçirilməsi üçünsə, ilk növbədə ölümün müəyyənləşdirilməsi üçün kriteriyalar olmalıdır. Yəni, həkim komissiyası həmin şəxsin öldüyünü təsdiq edəndən sonra, onun orqanlarını götürmək olar. Bununla bağlı mövcud qanunun həyata keçirilməsinə ciddi ehtiyac var. Çünki, bu qanun olmadan orqan transplatasyasını inkişaf etdirə bilmərik”.