Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan Azərbaycan tərəfinə keçən şəxsin mülki sakin olduğunu bildirib.
Ermənistanın Mərkəzi Seçki Komissiyasının seçici siyahısında isə Arsen Xocayan adlı cəmi bir seçici qeydə alınıb. O, 1991-ci il, martın 9-da anadan olub, Ermənistanın Tavuş rayonunun Verin Karmiraxpyur kəndinin sakinidir. Kəndin başçısı Kamo Çobanyan bu məlumatı təkzib etməyib və bildirib ki, onlar da məsələni dəqiqləşdirməyə çalışırlar.
Xatırladaq ki, yanvarın 28-də Azərbaycan sərhədini keçən və Tovuz rayonunun Əlibəyli kəndinin sakinləri tərəfindən saxlanılaraq hərbçilərə təhvil verilən 77 yaşlı Mamuko Xocayan da həmin kəndin sakini idi.
Azərbaycan Müdafiə Nazirliyi 77 yaşlı Mamukonun “erməni diversant qrupunun bələdçisi olduğunu” bəyan edib. Ötən həftə isə Ermənistana təhvil verilib. Ermənistan tərəfi bildirir ki, Azərbaycanda Mamukonu döyüblər və ağır xəsarətlər yetiriblər. Azərbaycan Müdafiə Nazirliyi bu iddiaları rədd edir.