Heç vaxt, heç bir seçkidə builki kimi qeyri-müəyyən durum olmayıb. Son 22 ildə 6 prezident seçkisi görmüşük, bu, yeddincidir. Bu yeddi seçkinin 4-ü müxalifət tərəfindən boykot olunub. Tarixə bir ekskurs edək.
1991-ci il seçkisində dövrün möhtəşəm təşkilatı AXC seçki mühitinin olmadığını əsas götürərək seçkiyə getmədi, boykot taktikası seçildi. Müxalifətin boykotunu isə ASDP sədri Zərdüşt Əlizadə boykot etdi. O seçkiyə qatıldı, 4-5 dəfə dövlət televiziyasında çıxış etdi və uduzdu.
1993-cü ildə, iyun qiyamının əmələ gətirdiyi naqolay situasiyada, məşhur ifadəylə desək, keçmişini, gələcəyini uduzmuş müxalifətin – AXC-Müsavat cütlüyünün boykotdan başqa yolu yox idi. Bu dəfə də seçkini Kərrar Əbilov və Zakir Tağıyev adlı iki nəfər pozdu. Ona qədər onları heç kəs tanımırdı, heç ondan sonra da onları tanıyan olmadı.
1998-ci ildə də normal seçki mühiti yox idi, ölkədə siyasi və hərbi qüvvələrin birgə formalaşdırdığı diktatura hökm sürürdü. Uzun sürən müzakirələrdən sonra birləşmiş müxalifət seçkini boykot etdi. Həmin vaxt birləşmiş müxalifətin boykotunu AMİP sədri Etibar Məmmədov pozdu.
Sadəcə, bu, olduqca uğurlu bir pozuculuq oldu. Seçki kampaniyasında və ondan sonra məlum oldu ki, boykot taktikasını seçmək yanlış imiş. E.Məmmədov birləşmiş müxalifətin qatılmadığı seçkidə narazı elektoratın səsini təkbaşına topladı və dəqiq, ancaq qeyri-rəsmi məlumatlara görə, seçkinin ikinci turuna keçmək hüququ qazandı. Ancaq 1998-ci ildə onun uğurlu göstəriciləri hesaba alınmadı, hakimiyyətin namizədi birinci turdaca qalib elan edildi.
Sonradan təhlilçilər belə bir qənaətə gəldilər ki, o zaman birləşmiş müxalifət qüvvələri də seçkiyə qatılsaydılar, həm də vahid namizədlə çıxış etsəydilər, ciddi bir uğur qazanmaq olardı.
2003-cü ildə seçkini heç kəs boykot etmədi, hamı qatıldı, əsas səsləri İsa Qəmbər topladı, mandat İlham Əliyevə çatdı. Seçkidəki total saxtakarlıq, kütləvi zorakılıq, repressiya faktları bu yazının mövzusu olmadığı üçün birbaşa keçək 2008-ci ilə.
2008-ci ildə birləşmiş müxalifət qüvvələri yenə də seçki mühitinin olmadığını əsas götürdülər və seçkiyə qatılmadılar. Onların yerinə seçkiyə partiyası olan deputatlar qatıldılar. İlham Əliyev prezident mandatını kərə yağından qıl çəkər kimi çəkdi.
Beləliklə, son 22 ildə bu ölkədə cəmi iki boykotsuz seçki olub – 1992-ci və 2003-cü illərdə. Onlardan da yalnız biri, üzərinə nə qədər çamur atılsa da və nə qədər qüsurları olsa da, demokratik seçki sayıla bilər. Böyük təşkilata, tərəfdarlar və təəssübkeşlər ordusuna malik Elçibəyin yalnızca təşəbbüs qrupuna malik olan Nizami Süleymanova qalib gəlməsi təbii sayılmalıydı, amma buna da kölgə salanlar oldu.
İndi növbəti seçki qapının ağzını kəsdirib. Ancaq hələ də bilinmir ki, müxalifət seçkiyə qatılacaq, yoxsa boykot edəcək.
Seçki mühiti yenə yoxdur. Zatən, bu mühit yalnız 1992-ci ildə, o da müharibənin və sosial-siyasi xaosun hökmranlığı dövründə olub.
Seçkilərin boykot edilməsi taktikası da bir işə yaramayacaq. Artıq namizədliklərini irəli sürmüş 20-yə yaxın adam var. Əsas, gerçək, klassik, ənənəvi müxalifət partiyalarının nümayəndələri seçkiyə qatılmasalar da, qeyri-ciddi namizədlər ekranı, efiri rəngarəng edəcək, yalançı bir rəqabət mühiti yaradacaqlar.
Qanuni, dürüst, şəffaf seçkilərdə təmsilçisinin qələbəsini, ən azı seçkilərin ikinci turuna keçməsini təmin etməyə şansı olan birləşmiş müxalifət isə hələ müzakirə aparır. Müzakirələr gərgin gedir, mübahisəyə çevrilir. Bəzən hətta mazutun rənginin qara olduğunu isbat etməyə saatlarla vaxt gedir. Hər şeyin, adi aksiomların da mübahisə doğurduğu bir mühit var.
Bu, cığallıq mühitidir. Sanki bəzi qüvvələr bilərəkdən birləşmiş müxalifətin namizədini seçkidən kənarda qoymaq, meydanı hakimiyyətin namizədinə buraxmaq istəyirlər ki, o da əziyyətə düşmədən, prezident mandatını üçüncü dəfə metro kartı tədarük edirmiş kimi rahatlıqla alıb cibinə qoysun.
Bu cür seçkidə iştirak ola bilməz. Qərar verilməlidir. Ya seçkidə üçüncü iştirak, ya da beşinci boykot.
Yoxsa bu, seçki təcrübəsi tarixində bir ilk olacaq. Müzakirə apara-apara seçkidən kənarda qalmağın, heç bir qərar verməməyin, hər şeyə gecikməyin, ciddi namizədin ayağından pudluq daş kimi asılmağın sonda bircə adı olacaq: xəyanət.