XIX əsrdə və XX əsrin əvvəllərində – Azərbaycan Çar Rusiyasının tərkibində olduğu dövrdə sıravi müsəlmanlar orduya cəlb edilmirdilər. Yalnız zadəgan nəslinin nümayəndələri orduda xidmət etmək və hərbi təhsil almaq hüququna malik idilər. Çar Rusiyası dövründə Azərbaycan xalqının bir çox görkəmli hərbi xadimləri yetişib. General Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski, general Fərəc bəy Ağayev, general Ehsan xan Naxçıvanski və digərləri məhz belə şəxsiyyətlərdəndir.
Medianews.az xəbər verir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra onun ilk işlərindən biri ordu quruculuğu olub. İyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin 5000 nəfər şəxsi heyəti olan ilk nizami ordusu – Əlahiddə Azərbaycan Korpusu təşkil edilib. Qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Milli Ordu hissələrinin formalaşdırılması Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edərək milli dövlətçiliyin qorunmasında, dövlətin sərhədlərinin toxunulmazlığı və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Birinci Dünya müharibəsinin nəticələrinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda Nazirlər Şurasının 1918-ci il noyabrın 1-də verdiyi qərarla ordu quruculuğuna rəhbərlik Azərbaycan hökumətinin əlində cəmləşib. Həmin il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, dekabrın 29-da isə general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini təyin ediliblər. Onlar qısa müddətdə ordu quruculuğunda böyük işlər görüblər. 1919-cu ilin martında Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun təntənəli hərbi paradı təşkil edilib.
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib və Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyinə daxil olan 21 generaldan 15-i bolşeviklər tərəfindən güllələnib.
Azərbaycanlılar hətta müstəqil olmadığı dövrlərdə də hərbi peşəyə yiyələnməyə çalışıblar. İkinci Dünya müharibəsi zamanı Azərbaycanın növbəti böyük hərbçilər, zabitlər, generallar korpusu formalaşıb. İsrafil Məmmədov, Qafur Məmmədov, Hüseynbala Əliyev, Mehdi Hüseynzadə kimi Sovet İttifaqı qəhrəmanları faşizmə qarşı mübarizədə böyük igidliklər göstəriblər. General Həzi Aslanov, general Akim Abbasov, general Mahmud Əbilov, general Tərlan Əliyarbəyov və bir çox başqa generallar məhz bu dövrdə adlarını tarixə yazıblar.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Müdafiə Nazirliyi yaransa da, bu qurumun təyinatı üzrə fəaliyyəti, xalqın mənafeyinə xidmət etməsi yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin tarixində yeni mərhələ başlayıb. Hələ 1971-ci ildə Ümummilli Liderin tarixi xidməti nəticəsində yaranmış Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olan zabit kadrları peşəkar ordu quruculuğuna cəlb edilib, ordunun əsasını təşkil etməyə başlayıb, ali hərbi məktəblər yenidən formalaşdırılıb, yeniləri yaradılıb.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun şərəfli tarixinə yüksək qiymət verib və bu tarixdən bəhrələnməyin vacibliyinə toxunub. Məhz Ulu Öndərin 1998-ci il mayın 22-də imzaladığı Sərəncamla iyunun 26-sı – Əlahiddə Azərbaycan Korpusunun yaranma günü Azərbaycan Silahlı Qüvvələri Günü elan edilib.
Qürurlu tarixə malik olan Azərbaycan Ordusu bu gün özünün ən şanlı mərhələsini yaşayır. 2008-ci ildən başlayaraq müxtəlif illərdə keçirilmiş hərbi paradlar Azərbaycan Ordusunun qüdrətini əyani nümayiş etdirib.
2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi qələbə Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərib.
2018-ci ilin mayında Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad olunub.
2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirilib. Paradda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa olunacağını bildirərək deyib: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək bütün dünyaya sübut etdi ki, onun iradəsini sarsıtmaq, işğalla barışmağa məcbur etmək mümkün deyil. Azərbaycan Ordusu Ermənistanın mütəmadi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də “Dəmir yumruq” əməliyyatına başladı və noyabrın 10-dək davam etmiş 44 günlük Vətən müharibəsi nəticəsində işğalçı ölkəni diz çökməyə, kapitulyasiyaya məcbur edib.
Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirilib. Bu tarixi gün münasibətilə Azərbaycan Prezidenti deyib: “Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.
Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqi olub.
2021-ci il aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub. Bu gün də Vətən müharibəsində ordumuzun ələ keçirdiyi düşmənə məxsus hərbi qənimətlər bu parkda nümayiş etdirilir.
Tarixi zəfərdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.
Silahlı Qüvvələrimizin daha bir uğuru 2023-cü il sentyabrın 19-da Qarabağda keçirilən qısamüddətli antiterror əməliyyatıdır. Həmin gün cəmi 24 saat ərzində separatizm yuvası darmadağın edilib. Ermənistan silahlı birləşmələrinin qalıqları və onların ətrafında cəmlənən separatçılar tarixi Azərbaycan torpağı Qarabağı, o cümlədən Xocalını, Xankəndini, Ağdərəni, Xocavəndi birdəfəlik tərk etmək məcburiyyətində qalıblar.
2024-cü ilin aprel ayından etibarən isə Vətən müharibəsindən sonra Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərini birdəfəlik tərk edib.
İndi Xocalı da daxil olmaqla, azad Qarabağın hər bir bölgəsində üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı dalğalanır. Ərazi bütövlüyü, suverenliyi tam təmin olunan ölkəmizin hər qarışı Rəşadətli Ordumuz tərəfindən qorunur, nəzarətdə saxlanılır.
Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü Ordusudur.