İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda (“Azerbaijan International Insurance Forum” – AIIF-2024) çıxış edərək bildirib ki, Azərbaycanda ambulator şəraitdə dərman təminatı ilə bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. O qeyd edib ki, hazırda Azərbaycanda ambulator şəraitdə dərman təminatı yoxdur. Bunun böyük bir ehtiyac olduğunu diqqətə çatdıran Agentlik sədri vurğulayıb ki, layihə təsdiq olunduqdan sonra qarşıdakı üç ildə ambulator şəraitdə dərman təminatı mərhələli şəkildə həyata keçiriləcək.
Ambulator şəraitdə dərman təminatı yönündəki layihənin təsdiqlənməsi və tətbiqi nəyi dəyişəcək?
Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, hazırda Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiqi ilə əlaqədar olaraq üç mindən artıq xidmət vətəndaşlara təklif olunan xidmət zərfində yer alıb. Millət vəkilinin sözlərinə görə, bu xidmətlər fondun vəsaiti hesabına maliyyələşdirilir: “Hər bir Azərbaycan vətəndaşı müvafiq xidmətlərdən faydalanmaq üçün həm dövlət, həm də özəl tibb müəssisələrində tibbi yardımları hər hansı bir vəsait ödəmədən ala bilirlər. Bu, qısa müddət ərzində ölkəmizdə İcbari Tibbi Sığortanın tətbiqi yönündə qazanılmış mühüm uğurlardandır. Əhalimizin sağlamlıqları ilə bağlı problemlərinin həlli istiqamətində görülən işlər demək olar ki, geniş vüsət alıb. Proses davam edir”.
Deputat qeyd edib ki, İcbari Tibbi Sığorta Fonduna toplanan vəsait artdıqca, müəyyən xidmətlərin də xidmətlər zərfinə daxil olması müşahidə ediləcək: “Strateji məqsəd ondan ibarətdir ki, ölkə vətəndaşının ehtiyacı olan bütün tibbi xidmətlər İcbari Tibbi Sığorta tərəfindən qarşılansın. Lakin bunun üçün zaman və İcbari Tibbi Sığorta Fondunda vəsaitin toplanması lazımdır. Proseslər bundan sonra tam şəkildə həyata keçirilə bilər. Hazırda xəstəxanada yataraq müalicə alan vətəndaşlarımız bütün dərman preparatlarını tibb müəssisəsi şəraitində heç bir vəsait ödəmədən İcbari Tibbi Sığorta hesabına əldə edir. Yazılan müalicələr də bu yöndə qarşılanır. Ancaq insanlar təkcə xəstəxanada deyil, ambulator, poliklinik müəssisələrə müraciət edərək, İcbari Tibbi Sığorta hesabına müvafiq müayinələrdən keçirlər. Bu zaman həkimin təyin etdiyi reseptdəki dərmanlar vətəndaşın öz hesabına alınır. Lakin mərhələli şəkildə sözügedən dərmanlar da İcbari Tibbi Sığorta tərəfindən qarşılanacaq. İcbari Tibbi Sığorta Agentliyinin rəhbərinin açıqlaması da məhz bu məqam nəzərə alınıb”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü qeyd edib ki, bunun üçün də müəyyən bir mexanizm qurulur: “Qabaqcıl dünya ölkələrində təcrübə də belədir. Vətəndaş əczaxanaya yaxınlaşaraq resepti təqdim edir dərman preparatlarını alır və heç bir vəsait ödəmir. Çünki vəsait İcbari Tibbi Sığorta tərəfindən qarşılanır. Ölkəmizdə də bu prosesin tədricən həyata keçirilməsinin şahidi olacağıq. Vətəndaşlarımızın sosial müdafiəsi baxımından bu, çox mühüm addımdır”.
Ayşən RƏHİM