“Cari ilin yanvar-may ayları ərizndə ölkəyə səfər edən əcnəbi vətəndaşların sayı 965 555 nəfər təşkil edib və ötən ilin müvafiq dövrü ili müqayisədə 35 faiz artım var”.
Medianews.az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə ölkədə yay mövsümünün açılışı ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Şahdağ”da keçirilən mediatur zamanı qeyd edib.
“Proqnozlara əsasən qarşıda Azərbaycanda keçiriləcək irimiqyaslı tədbirlərin olmasını nəzərə alaraq, ilin sonuna qədər ölkəyə gələn xarici vətəndaşların sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağı, 2024-cü ilin turizm axınının bərpası ili kimi yekunlaşacağı proqnozlaşdırılır”, – deyə Kənan Quluzadə bildirib.
Kənan Quluzadə Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində ölkədə ekoturizm, aqroturizm sahələrinin inkişafına xüsusi diqqət yetirildiyini, bu istiqamətdə daxili və xarici turistlərin aktivliyinin təmin edilməsi üçün müvafiq məhsullar və təbliğat işlərinin aparıldığını bildirib.