May ayında yenidən Rusiya Federasiyası Prezidenti seçilən Vladimir Putin ilk səfərini Çinə edib. Bunun ardınca yolunu Mərkəzi Asiyadan salıb, Özbəkistanda səfərdə olub. Bu günlərdə isə Rusiya dövlət başçısı Şimali Koreyaya tarixi səfər edib, sonra Vyetnama gedib.
Qərb dünyasının təcrid etdiyi V.Putinin son səfərlərini, keçirilən görüşləri və imzalanan sazişləri Medianews.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Ukrayna savaşı ətrafında yaranan vəziyyət Rusiya üçün kifayət qədər narahatedici məzmun və keyfiyyət daşıyır.
Onun sözlərinə görə, Kiyevə daha müasir silahlar verilməyə başlanılıb və Ukrayna Rusiya ərazisinin dərinliklərinə zərbə endirməklə, onun daxilinə ciddi problemlər yaratmağa başlayıb: “Bu, Rusiya cəmiyyətində yaxın gələcəkdə müəyyən narazılıqların güclənməsinə səbəb ola biləcək yeni situasiyadır. Ona görə də, Kreml Qərbə qarşı müqavimət üçün daha ciddi dəstək qaynaqları axtarmaq məcburiyyətində qalıb. Çin Rusiya üçün çox önəmli tərəfdaşdır. Lakin rəsmi Pekinin siyasəti yalnız Çinin maraqlarından qaynaqlanan manevrlərin edilməsi və addımların atılması üzərində qurulub. Yəni, Çin Rusiyaya görə öz maraqlarını qurban vermək niyyətində deyil. Üstəlik Çinin ticarət dövriyyəsində ABŞ-nin və Avropa İttifaqı ölkələrinin xüsusi çəkisi var. Çin bu ticarət bazarını itirmək niyyətində deyil. Bu səbəbdən də, Qərblə nə qədər kəskin ziddiyyət içərisində olsa da, Çin Ukrayna savaşından və Rusiyanın dəstəklənməsi prosesindən mümkün qədər məsafə saxlamağa çalışır. Məhz buna görə də Rusiya prezidenti daha fərqli istiqamətlərə yönəlmək məcburiyyətində qalıb”.
Politoloq vurğulayıb ki, hazırda Kremlin əsas hədəflər sırasına ABŞ ilə kəskin konfrantasiya vəziyyətində olan dövlətlərlə yaxınlaşma və yeni koalisiyaların yaradılması daxildir: “Bu baxımdan Şimali Koreya Rusiya üçün çox önəmli bir tərəfdaş ola bilər. Çünki, Şimali Koreya ilə ABŞ arasında çox dərin düşmənçilik münasibəti mövcuddur. Şimali Koreya həm də nüvə və kütləvi qırğın silahına malik olan dövlətidir. Bu dövlətlə anlaşma, Şimali Koreyanın Rusiyanı dəstəkləməsi Kremlin beynəlxalq mövqelərin möhkəmlənməsi baxımdan böyük önəm daşıyır. Şimali Koreya hər an Rusiyaya radikal dəstəyi verə biləcək dövlətlərdən biri sayılır. Üstəlik dünyadan təcrid olunmuş dövlət hesab olunan Şimali Koreya üçün hazırda Rusiya ilə strateji tərəfdaşlıq və müttəfiqlik önəmlidir. Bu baxımdan Kremlin atdığı addımlar tamamilə başa düşüləndir”.
E.Xalidbəyli söyləyib ki, Rusiya Şimali Koreya, həmçinin ABŞ ilə tarixi problemi olan Vyetnamla yaxınlaşmaq, Orta Asiya ölkələri ilə münasibətlərini yenidən düzənləmək niyyətindədir: “Bütün bunlar, Rusiyanın öz ətrafında yeni güc mərkəzi yaratma niyyətindən xəbər verir. Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Rusiya BRİCS dövlətlər qrupunun gücləndirilməsinə ciddi önəm verir. Bu təşkilata yaxın vaxtlarında Türkiyənin daxil olması gözlənilir. Eyni zamanda daha on beş dövlətin qəbul olunması ilə bağlı müəyyən hazırlıq prosesinin olması haqqında da məlumatlar var. Ümumiyyətlə, BRİCS-in tərkibinin təxminən 25 dövlətə çatdırılması nəzərdə tutulub. Əgər buna nail olunursa, BRİCS dünyada yeni siyasi güc mərkəzinə çevrilə bilər. Bütün bunlar onu göstərir ki, Kreml rəhbərliyi özünün, Rusiyanın gələcək taleyini xilas etmək üçün yeni güc mərkəzlərinin yaradılması, xüsusi ilə, hərbi-siyasi xarakterli strateji tərəfdaşlıqların əldə olunması üçün konkret addımlar atmağa başlayıb. Bu addımların Rusiyaya hansı üstünlükləri qazandıra biləcəyini müəyyən etmək üçün prosesin davamını izləmək lazımdır”.
Kamilə ORUCOVA